Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

9 Sentyabr 2004 00:00

Müdafiə Nazirliyinin məlumatı

Sentyabrın 9-da Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev Amerika Birləşmiş Ştatları Silahlı Qüvvələri Avropa Komandanının müavini general Çarlz Uoldu və nümayəndə heyətini qəbul etmişdir.
Müdafiə naziri qonağı salamladıqdan sonra bu yaxınlarda Bakıda NATO-nun “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində keçiriləcək “Kooperativ Best Effort-04” səhra təliminə hazırlığın gedişi ilə onu tanış etmişdir.
General Ç.Uold bu təlimin uğurla keçəcəyinə inandığını söyləmişdir.
General-polkovnik Səfər Əbiyev Cənubi Qafqaz regionunda mövcud olan hərbi-siyasi vəziyyət və burada baş verən son hadisələr barəsində onunla fikir mübadiləsi etmişdir.
Müdafiə naziri Azərbaycan-ABŞ əlaqələrinə toxunaraq qeyd etmişdir ki, Azərbaycan Respublikası Amerika Birləşmiş Ştatlarını öz strateji müttəfiqi hesab edir və onunla bütün sahələrdə, o cümlədən hərbi sahədə əməkdaşlığı davam etdirir. O, regionda davam edən münaqişələrin, o cümlədən Ermənistan-Azərbaycan münaqişəsinin indiyədək həll edilməməsindən Azərbaycan xalqının çox narahat olduğunu bildirmişdir. Bu münaqişənin Bakı-Tbilisi-Ceyhan və digər iqtisadi layihələrin həyata keçirilməsinə mənfi təsir etdiyini vurğulayaraq demişdir: “Bu problemi tezliklə həll etmək lazımdır. Hamı bilməlidir ki, Azərbaycan bir qarış topağını da heç kimə verməyəcəkdir”.
General Ç.Uold cavab olaraq demişdir: “Siz doğru buyurursunuz. Cənubi Qafqazda həll edilməmiş problemlər çoxdur. Ermənistan-Azərbaycan münaqişəsi də buraya aiddir. Güman edirəm ki, bu məsələ beynəlxalq miqyasda öz həllini tapmalıdır. Amerika, Rusiya və Türkiyə də bu məsələnin həllində yaxından iştirak etməlidir... Terrorizmə qarşı birgə mübarizə aparmaq lazımdır. Hamımız birlikdə bu məsələnin həllində iştirak etməliyik. Sizin ölkənin problemləri tezliklə həll edilməlidir və regionda iqtisadi çiçəklənmə başlanmalıdır”.
General Ç.Uold Amerika-Azərbaycan hərbi əlaqələrinin inkişafına münasibət bildirərək qeyd etmişdir ki, ABŞ Azərbaycanla müdafiə sahəsində əməkdaşlığa böyük önəm verir və bu əməkdaşlıq genişlənəcəkdir.
Sonra tərəflər Azərbaycan-Amerika hərbi əməkdaşlığının perspektivləri haqqında ətraflı fikir mübadiləsi etmiş və beynəlxalq terrorizmə qarşı mübarizənin daha da gücləndirilməsinin zəruri olduğunu vurğulamışlar. Görüşdə ABŞ-ın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri cənab Reno Harniş iştirak etmişdir.