Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

10 Sentyabr 2004 00:01

Müdafiə Nazirliyinin məlumatı

Sentyabrın 10-da Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev İran İslam Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri cənab Əhəd Qəzayini səfirlik missiyasının başa çatması münasibətilə qəbul etmişdir.
Müdafiə naziri qonağı salamlayaraq qeyd etmişdir ki, Siz Azərbaycanda səfirlik etdiyiniz dövrdə Azərbaycan-İran münasibətlərinin yaxşılaşmasına bacardığınız qədər imkan yaratmısınız. İran bizə qardaş ölkədir. Lakin təəssüflə qeyd edirəm ki, iki dövlət arasındakı əlaqələr hələlik istənilən səviyyədə deyildir. Bir Müdafiə naziri kimi mən bunu ilk növbədə hərbi əməkdaşlıq sahəsinə aid edirəm.
General-polkovnik Səfər Əbiyev Azərbaycan-İran münasibətləri üzərində ətraflı dayanaraq söyləmişdir ki, İran dövləti Ermənistanın Azərbaycan ərazilərini işğalı zamanı meydana gələn məcburi köçkün və qaçqınlara öz köməyini əsirgəməmişdir. Mən buna görə Sizə təşəkkür edirəm.
Səfir Ə.Qəzayi səmimi qəbul üçün general-polkovnik Səfər Əbiyevə təşəkkür etmişdir. O, söyləmişdir ki, Azərbaycandakı dörd illik fəaliyyətim dövründə İran-Azərbaycan münasibətlərinin yaxşılaşması istiqamətində bəzi işlər görə bildiyimə görə Allahıma şükür edirəm. Bu dövrdə iki dövlət arasında qaranlıq olan bir çox mətləblər aydınlaşmışdır. Bu gün münasibətlərimiz ideal olmasa da, artıq buna yol açılmışdır. O, demişdir: “Azərbaycan Prezidenti mərhum Heydər Əliyevin 2002-ci ildə İrana və İran Prezidenti Məhəmməd Hatəminin 2004-cü ildə Azərbaycana səfərləri İran-Azərbaycan münasibətlərinin yaxşılaşması üçün şərait yaratmışdır”.
General-polkovnik Səfər Əbiyev Ermənistan-Azərbaycan münaqişəsinə toxunaraq qeyd etmişdir ki, bu münaqişənin həllində Azərbaycan xalqı İran xalqından çox şey gözləyir. İran bu münaqişənin həllinə yaxından kömək etməlidir.
O, demişdir: “Bu münaqişə çox davam edə bilməz. Ermənistan münaqişənin dinc yolla həlli ilə razılaşmasa, Azərbaycan öz torpaqlarını azad edəcəkdir”.
Sonra tərəflər beynəlxalq terrorizmlə mübarizə məsələsi ətrafında geniş fikir mübadiləsi etmişlər. Onlar qeyd etmişlər ki, İslam təlimində və mədəniyyətində terror inkar edilir.
Görüşün sonunda general-polkovnik Səfər Əbiyev səfir Ə.Qəzayiyə Azərbaycandakı səfirlik fəaliyyətinə görə təşəkkür etmiş və yeni işində ona uğurlar arzulamışdır.
Görüşdə İran İslam Rempublikası Silahlı Qüvvələrinin Azərbaycan Respublikasındakı hərbi attaşesi general-mayor Musa Şəhabi iştirak etmişdir.