Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

10 Sentyabr 2004 00:00

Müdafiə Nazirliyinin məlumatı

Sentyabrın 10-da Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Nikolay Ryabovu səfirlik missiyasının  çatması münasibətilə qəbul etmişdir.
Müdafiə naziri qonağı salamladıqdan sonra qeyd etmişdir ki, Siz səfirlik etdiyiniz dövrdə Azərbaycan-Rusiya münasibətlərinin daha da yaxşılaşmasına çox kömək etmisiniz. Bu gün Azərbaycan və Rusiya münasibətləri bütün istiqamətlərdə, o cümlədən hərbi əməkdaşlıq sahəsində yaxşı vəziyyətdədirsə, burada Sizin xidmətləriniz xüsusi qeyd edilməlidir.
General-polkovnik Səfər Əbiyev Şimali Osetiyanın Beslan şəhərində baş verən terror aktı nəticəsində həlak olanlarla əlaqədar Rusiya səfirinə başsağlığı vermişdir.
O, Ermənistan-Azərbaycan münaqişəsinə toxunaraq qeyd etmişdir ki, Azərbaycan da terrora məruz qalmış bir dövlətdir. İşğalçı Ermənistan onun ərazisində 32 terror aktı keçirmiş və nəticədə 2000 nəfərdən çox günahsız Azərbaycan vətəndaşı həlak olmuşdur. Xocalı faciəsi Azərbaycan ərazisində həyata keçirilmiş ən dəhşətli terror aktıdır.
Səfir Nikolay Ryabov qəbul üçün Müdafiə Nazirinə təşəkkür edərək qeyd etmişdir ki, müasir Azərbaycan tarixinin memarı Azərbaycan Prezidenti Heydər Əliyev olmuşdur, onun səyləri nəticəsində bu gün Rusiya-Azərbaycan münasibətləri yüksək səviyyəyə qalxmışdır. Bu siyasət bu gün Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən davam etdirilir. O, demişdir: “İnanıram ki, Rusiya-Azərbaycan münasibətləri bütün sahələrdə ən yüksək səviyyəyə çatacaqdır”.
General-polkovnik Səfər Əbiyev Astanada MDB ölkə başçılarının zirvə toplantısında Azərbaycan və Rusiya prezidentlərinin görüşündən Azərbaycan xalqının çox şey gözlədiyini və bu görüşün Ermənistan-Azərbaycan münaqişəsinin həllinə müsbət təsir edəcəyini vurğulayaraq demişdir: “Bu günlərdə Bakıda NATO-nun SNT proqramı çərçivəsində “Kooperativ Best Effort — 04” səhra təlimi keçiriləcəkdir. Azərbaycan ərazilərini işğal etmiş, terroru və separatçılığı dövlət siyasəti səviyyəsində dəstəkləyən Ermənistanın Bakıda keçirilən təlimə can atması bizi təəccübləndirir. Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımır, bu azmış kimi Azərbaycana qarşı ərazi iddialarmdan əl çəkmir. Azərbaycanla Ermənistan arasında heç bir diplomatik əlaqə yoxdur. Belə olduğu halda, Ermənistan Silahlı Qüvvələri zabitlərinin Bakıda keçirilən təlimdə iştirakı nə qədər məqsədə uyyğundur?!
Azərbaycan xalqı Ermənistan zabitlərinin bu təlimdə iştirakının qəti əleyhinədir. Hesab edirik ki, Ermənistanın bu təlimdə iştirak üçün canfəşanlıq etməsi, Astanada MDB ölkə başçılarının zirvə toplantısı və bu tədbir zamanı Azərbaycan-Ermənistan Prezidentlərinin görüşü ərəfəsində iki dövlət arasında münasibətlərin daha da gərginləşməsinə və danışıqların pozulmasına xidmət edir. Müdafiə Nazirliyi bəyan edir ki, beynəlxalq əməkdaşlıq pərdəsi arxasında gizlənən və bütövlükdə NATO tədbirlərində ara-sıra iştirak edən Ermənistan Bakı təlimində iştirakdan imtina etməlidir”.
Səfir Nikolay Ryabov qeyd etmişdir ki, bu sizin mövqeyinizdir. Biz hesab edirik ki, Ermənistan və Azərbaycan arasında danışıqlar prosesini daha da möhkəmləndirmək lazımdır. O, hər iki dövlətin milli menafeyi naminə Rusiya-Azərbaycan hərbi əməkdaşlığının daha da yaxşılaşmasını arzulamışdır,
General-polkovnik Səfər Əbiyev fikrini davam etdirərək söyləmişdir ki, ötən il Ermənistanda keçirilən belə təlimdə iştirakdan Azərbaycan imtina etmişdir.
Görüşün sonunda general-polkovnik Səfər Əbiyev səfir Nikolay Ryabova Azərbaycanda missiyasını başa vurması münasibətilə bir daha təşəkkür etmiş və yeni işində ona uğurlar arzulamışdır.
Görüşdə Rusiya Federasiyası Silahlı Qüvvələrinin Azərbaycan Respubliksındakı hərbi attaşesi kontr-admiral Vladimir Lomakin iştirak etmişdir.