Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

21 Sentyabr 2004 00:02

Müdafiə Nazirliyinin məlumatı

Sentyabrın 20-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev Amerika Birləşmiş Ştatları Dövlət Katibinin Avropa və Avrasiya məsələləri üzrə müavininin köməkçisi cənab Steven Payferi və nümayəndə heyətini qəbul etmişdir.
Müdafiə naziri qonaqları salamlayaraq demişdir ki, Azərbaycan Respublikası Amerika Birləşmiş Ştatlarını öz strateji müttəfiqi hesab edir. Azərbaycan Amerika ilə praktik olaraq bütün sahələrdə, o cümlədən hərbi sahədə əməkdaşlıq edir. Hərbi sahədə bizim əməkdaşlığımız ildən-ilə güclənir. Biz NATO ilə “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində və Amerika Birləşmiş Ştatları ilə ikitərəfli əməkdaşlığa böyük önəm veririk. O, demişdir: “Hazırda Azərbaycan Silahlı Qüvvələrinin bölmələri Kosovoda və Əfqanıstanda sülhməramlı, İraqda isə antiterror koalisiyasının tərkibində keçirilən əməliyyatlarda fəal iştirak edirlər”.
General-polkovnik S.Əbiyev qeyd etmişdir ki, bu yaxınlarda Bakıda NATO-nun “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində “Kooperativ Best Effort – 04” səhra təlimi keçirilməli idi. Azərbaycan bu təlimə böyük vəsaitlər ayırmış və bir il müddətində intensiv hazırlıq tədbirləri görmüşdü. Çox təəssüf edirik ki, NATO rəhbərliyi təlimi ləğv etdi. Bununla belə Azərbaycan NATO ilə “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində və ABŞ ilə ikitərəfli əməkdaşlıq etməyə daha da artıq dərəcədə hazırdır.
Cənab S.Payfer qəbula görə general-polkovnik S.Əbiyevə təşəkkür edərək demişdir: “Dediyiniz kimi ABŞ Azərbaycanla digər sahələrdə olduğu kimi hərbi sahədə də əməkdaşlığı genişləndirməyə səy göstərir. Bu məsələ həmişə ABŞ-ın diqqət mərkəzindədir. Amerika Azərbaycana İraqdakı antiterror koalisiyasında fəal iştirakına görə minnətdardır. Səfərimizin məqsədi Azərbaycanla əməkdaşlığı daha da genişləndirməkdən ibarətdir”.
Sonra tərəflər Azərbaycan-Amerika hərbi əməkdaşlığının gələcək perspektivləri ətrafında geniş fikir mübadiləsi etmişlər.
Görüşdə Amerika Birləşmiş Ştatlarının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri cənab Reno Harniş iştirak etmişdir.