Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

21 Sentyabr 2004 00:01

Müdafiə Nazirliyinin məlumatı

Həmin gün Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev Qərbi Avropa İttifaqı Assambleyasının sədr müavini, Assambleyanın Qafqaz regionunda sabitlik və təhlükəsizlik məsələləri üzrə məruzəçisi, İtaliya Respublikası parlamentinin deputatı cənab Marko Zakkeranı qəbul etmişdir.
Müdafiə naziri qonağı salamladıqdan sonra, o, qəbula görə general-polkovnik S.Əbiyevə təşəkkür etmiş və qeyd etmişdir ki, Azərbaycan Cənubi Qafqaz regionunda mühüm yer tutan dövlətdir.
General-polkovnik S.Əbiyev Azərbaycan Respublikasının müstəqillik tarixi haqqında məlumat verərək demişdir: “Azərbaycan öz dövlət müstəqilliyini Ermənistanın təcavüzü şəraitində əldə etmiş və möhkəmləndirmişdir. Ermənistan Azərbaycan torpaqlarının 20%-ni işğal etmiş və bu gün də öz havadarlarının yardımı ilə bu iddalarından əl çəkmir. İşğalın məqsədi Azərbaycanın Dağlıq Qarabağ bölgəsini Ermənistana birləşdirməkdir. Ermənistan Avropada Adi Silahlı Qüvvələr Haqqında Müqavilənin şərtlərini pozaraq, işğal etdiyi ərazilərdə külli miqdarda uçotsuz silah və sursat saxlayır”.
Sonra general-polkovnik S.Əbiyev Ermənistanın bu ərazilərdə narkotik maddələr yetişdirdiyi, terrorçu qruplar hazırladığı, bu ərazilərdən narkotrafik kimi istifadə etdiyi barədə qonağa ətraflı məlumat vermişdir. O, demişdir: “Bizi narahat edən odur ki, bu vaxta qədər Ermənistan dünya ictimaiyyətinə təcavüzkar dövlət kimi tanıdılmamış və ona qarşı heç bir sanksiya tətbiq edilməmişdir. Bu cəzasızlıq Ermənistan tərəfini münaqişənin onun xeyrinə həll ediləcəyinə ruhlandırır”.
General-polkovnik S.Əbiyev cənab M.Zakkeranın Azərbaycan Silahlı Qüvvələri, onun beynəlxalq əlaqələri, Cənubi Qafqaz regionunda mövcud olan hərbi-siyasi vəziyyət, Azərbaycan-NATO və digər məsələlər haqqındakı suallarını cavablandırmışdır.