Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

21 Sentyabr 2004 00:00

Müdafiə Nazirliyinin məlumatı

Sentyabrın 21-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev ATƏT-in fəaliyyətdə olan sədrinin Azərbaycan və Ermənistan üzrə xüsusi elçisi cənab Filip Dmitrovu qəbul etmişdir.
Müdafiə naziri qonağı salamladıqdan sonra cənab F.Dmitrov söyləmişdir ki, mən Ermənistan-Azərbaycan münaqişəsinin həll olunmaması və onun həllinin uzanması ilə bağlı ATƏT sədrinin narahatlığını sizə çatdırmaq istəyirəm. O, hesab edir ki, məsələnin həllini yubatmaq olmaz.
General-polkovnik S.Əbiyev qeyd etmişdir ki, Ermənistan-Azərbaycan münaqişəsinin tarixi uzun və mürəkkəbdir. On ildən artıqdır ki, tərəflər arasında atəşkəs rejimi davam edir. Azərbaycan münaqişənin dinc yolla həll etmək istəsə də, Ermənistanın destruktiv mövqei buna imkan vermir.
O, demişdir: “Azərbaycan və Ermənistan prezidentlərinin Astana görüşü münaqişənin dinc yolla həllinə ümidlər verir. Biz hesab edirik ki, münaqişə barəsində BMT-nin Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 Qətnamənin tələblərini yerinə yetirməyən təcavüzkar Ermənistanı buna məcbur etmək lazımdır. Münaqişə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində tezliklə həll olunmalıdır. Bunu Azərbaycanda Avropa dövlətlərinin və Amerika Birləşmiş Ştatlarının iştirak etdiyi iri iqtisadi layihələrin təhlükəsizliyi də tələb edir”.
Sonra tərəflər Ermənistan-Azərbaycan münaqişəsi ətrafında fikir mübadiləsi etmişlər.
General-polkovnik S.Əbiyev demişdir: “Ermənistan-Azərbaycan münaqişəsi beynəlxalq hüquq normaları və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməlidir. Ermənistan öz qoşunlarını işğal etdiyi ərazilərdən qeyd-şərtsiz çıxarmalıdır. Əks təqdirdə Azərbaycan öz ərazilərini işğalçılardan azad etmək məcburiyyətində qalacaqdır”.
Görüşdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi səfir A.Kasprçik iştirak etmişdir.