Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

1 İyun 2004 00:00

Müdafiə Nazirliyinin məlumatı

Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyevin dəvətilə iyunun 1-də Qırğızıstan Respublikasının Müdafiə naziri general-polkovnik Esen Topoyev Bakıya rəsmi səfərə gəlmişdir.
General-polkovnik E.Topoyev səfərinə Fəxri Xiyabanda ümumilli lider Heydər Əliyevin məzarı və Şəhidlər Xiyabanında Azərbaycanın müstəqilliyi uğrunda şəhid olmuş qəhrəmanların abidəsi önünə əklil qoymaqla başlamışdır.
Həmin gün Azərbaycan Respublikasının Müdafiə Nazirliyində general-polkovnik E. Topoyevin təntənəli qarşılanma mərasimi olmuşdur. Onun şərəfinə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Fəxri Qarovulu düzülmüşdür. Fəxri Qarovulun rəisi Qırğızıstan Respublikasının Müdafiə nazirinə raport vermişdir. Qırğızıstan Respublikasının və Azərbaycan Respublikasının dövlət himnləri səslənmişdir.
Təkbətək görüşdən sonra general-polkovnik S.Əbiyev general-polkovnik E.Topoyevi və onun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etmişdir.
General-polkovnik S.Əbiyev qonaqları salamladıqdan sonra qeyd etmişdir ki, Azərbaycan və qırğız xalqlarının kökü, tarixi, mədəniyyəti, dili və dini birdir. İki xalqın münasibətləri çox qədimdir.
Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra Qırğızıstan Respublikasının Prezidenti cənab Askar Akayevin Bakıya rəsmi səfəri zamanı mərhum eks prezident Heydər Əliyevlə Azərbaycan Respublikası və Qırğızıstan Respublikası arasında dostluq və əməkdaşlıq haqqında Saziş imzalanmış, bununla da iki qardaş xalq arasında münasibətlər yeniləşmiş və sürətlə inkişaf etməyə başlamışdır. İki dövlətin Müdafiə Nazirlikləri arasında münasibətlər ikitərəfli əməkdaşlıq, MDB Müdafiə Nazirləri Şurası və NATO-nun “Sülh Naminə Tərəfdaşlıq” proqramı çerçivəsində davam etdirilir. O, demişdir: “Güman edirəm ki, sizin Bakıya bu səfərinizdən sonra iki dövlətin Müdafiə Nazirlikləri arasında hərbi-texniki, təhsil, kadrların hazırlanması və digər sahələrdə əməkdaşlıq uğurla davam etdiriləcəkdir. Bu əməkdaşlıq bizim xalqlarımıza və cavan Silahlı Qüvvələrimizə öz töhfəsini verəcəkdir”.  
Səmimi qəbul üçün general-polkovnik S.Əbiyevə təşəkkür edən general-polkovnik E. Topoyev nümayəndə heyətini Azərbaycan Respublikasının Müdafiə nazirinə təqdim etmişdir. O, demişdir: “Biz özümüzü gözəl Azərbaycan torpağında evimizdəki kimi hiss edirik. İnanıram ki, bu gün iki dövlət arasında hərbi sahədə əməkdaşlıq haqqında imzalanan Saziş ordu quruculuğunda əməkdaşlığımıza güclü təkan verəcəkdir. Azərbaycan bu gün MDB məkanında iqtisadi və digər sahələrdə yüksək templə inkişaf edən dövlətlərdən biridir. Bizim belə dövlətin Müdafiə Nazirliyi ilə əməkdaşlıq etməyimizin uğurlu nəticələrinə inanıram”.
Sonra o, Qırğızıstan Respublikasının təhlükəsizlik məsələləri barədə Azərbaycanın Müdafiə nazirinə məlumat vermişdir.
General-polkovnik S.Əbiyev Cənubi Qafqaz regionunda mövcud olan hərbi-siyasi vəziyyət barəsində qonağı məlumatlandıraraq Azərbaycanın işğalçı Ermənistanın təcavüzünə məruz qaldığını xatırlatmış, onun torpaqlarının 20 faizinin işğal edildiyini, 1 milyondan artıq qaçqın və məcburi köçkünün ağır şəraitdə yaşadığını bildirmişdir. O, demişdir: “Azərbaycan xalqı öz torpaqlarının bir kvadrat metrinin də erməni təcavüzkarlarının tapdağı altında qalması ilə razılaşmayacaqdır. Əgər işğalçılar torpaqlarımızı tərk etməsələr, Azərbaycan xalqı öz torpaqlarını azad etməyə məcbur olacaqdır. Mən bu məsələni Müstəqil Dövlətlər Birliyi Müdafiə Nazirləri Şurasının İclaslarında dönə-dönə qaldırmışam. Lakin lazımi dəstəyi ala bilməmişəm. Ümid edirik ki, qardaş Qırğızıstan dövləti bu məsələdə bizi dəstəkləyəcək və yaxın zamanlarda dost dövlətlərdən biri Ermənistanı təcavüzkar dövlət adlandıracaqdır”.
O, davam edərək bildirmişdir ki,. Ermənistan dövləti BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin tələblərini yerinə yetirmir və bu Ermənistan üçün yaxşı nəticələrə gətirib çıxarmayacaqdır. Azərbaycan xalqı bu məsələnin həlli üçün yalnız beynəlxalq normaların tələblərinin yerinə yetirilməsini istəyir.
Görüşdən sonra “Azərbaycan Respublikası ilə Qırğızıstan  Respublikası arasında hərbi sahədə əməkdaşlıq haqqında” Saziş imzalanmışdır. Saziş hərbi-siyasi fəaliyyət, hərbi-iqtisadi və hərbi texniki, hərbi quruculuq, hərbi islahatlar, hərbi təhsil və hərbi kadr hazırlığı, orduda ictimai və mədəni iş, hərbi-elmi fəaliyyət və hərb tarixi, hərbi qanunvericilik, hərbi-tibbi və digər sahələrdə əməkdaşlığı nəzərdə tutur.
Sazişi Azərbaycan tərəfdən general-polkovnik S.Əbiyev, Qırğızıstan tərəfdən general-polkovnik E.Topoyev imzalamışlar.
Qırğızıstan Respublikasının Müdafiə naziri general-polkovnik E.Topoyevin Bakıya səfəri iyunun 3-də başa çatacaqdır.