Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

9 İyun 2004 00:01

Müdafiə Nazirliyinin məlumatı

İyunun 8-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev Pakistan İslam Respublikası Birləşmiş Kəşfiyyat Xidmətinin baş direktoru general-leytenant Ehsan UI Haqın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etmişdir.
Müdafiə naziri qonaqları salamlayaraq qeyd etmişdir ki, bizim Müdafiə Nazirliklərimiz arasındakı əlaqələr Azərbaycan və Pakistan dövlətləri prezidentlərinin imzaladıqları müqavilə əsasında yaradılmışdır. Bu münasibətlər surətlə inkişaf etməkdədir. İndiyə qədər Müdafiə Nazirlikləri arasında bir neçə sənəd imzalanmışdır. O, demişdir: “Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri Pakistanın Ali Hərbi Məktəblərində təhsillərini davam etdirirlər.. Azərbaycanın Müdafiə naziri Pakistanda və Pakistanın Müdafiə naziri isə Azərbaycanda rəsmi səfərdə olmuşlar”.
General-leytenant Ehsan UI Haq səmimi qəbul üçün general-polkovnik S.Əbiyevə təşəkkür edərək, Pakistan İslam Respublikası Müdafiə nazirinin salamlarını ona çatdırmışdır.
O, qeyd etmişdir ki, Bakıya qədəm basdığımız andan biz isti münasibətlə əhatə olunmuşuq. Bu, Pakistan və Azərbaycan xalqları arasında yaranmış qardaşlıq əlaqələrinin təzahürüdür. Bir əsgər kimi biz bu münasibətlərin səmimiliyini daha tez duyuruq. Pakistan xalqı Azərbaycan xalqının qəhrəmanlığını tarix boyu müşahidə etmişdir. Azərbaycan müstəqillik əldə etdikdən sonra da qəhrəmanlıq ənənələrini davam etdirir və bu da özünü onun ərazi bütövlüyünü bərpa etmək əzmində nümayiş etdirir.
O, demişdir: “Pakistan xalqının və dövlətinin əsas direktivi Azərbaycan xalqı və dövləti ilə ən sıx əlaqələr yaratmaq, Müdafiə sahəsində də onunla sıx əməkdaşlıq etməkdir.
Azərbaycan Pakistanda öz hərbi attaşesini təyin etdikdən sonra hərbi əməkdaşlığımız daha da yaxşılaşacaqdır”.
General-polkovnik S.Əbiyev qeyd etmişdir ki, biz İslamabadda fəaliyyət göstərəcək hərbi attaşenin ad və soyadını sizin XİN-ə təqdim etmişik. Aqreman gözləyirik.
 Sonra o, Cənubi Qafqaz regionunda mövcud olan hərbi-siyasi vəziyyət, Ermənistan-Azərbaycan münaqişəsi və onun nəticələri, Azərbaycanda həyata keçirilən irimiqyaslı iqtisadi layihələr barəsində qonaqlara məlumat vermişdir. O, demişdir: “Azərbaycan Respublikası müstəqil dövlətdir və bütün vasitələrdən istifadə edərək öz torpaqlarını azad edəcəkdir.
Biz Pakistan İslam Respublikasının ərazi bütövlüyünü dəstəkləyirik”. Sonra tərəflər müasir dünyada mövcud olan münaqişələr barəsində fikir mübadiləsi etmişlər. General-leytenant E.UI Haq demişdir: “Pakistan dövləti aqressiyanın bütün formalarına qarşı çıxış edir. Biz Dağlıq Qarabağ probleminin ədalətli həllini tələb edir və Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirik”.
General-polkovnik S.Əbiyev qeyd etmişdir ki, biz Dağlıq Qarabağ probleminin beynəlxalq hüquq normaları əsasında ədalətli həllini tələb edirik. Buna nail olmaq üçün iqtisadi və hərbi baxımdan güclü dövlətə çevrilmək lazımdır. Azərbaycan bu yolda uğurla addımlayır.