Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

10 İyun 2004 00:01

Müdafiə Nazirliyinin məlumatı

İyunun 10-da Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev ABŞ Silahlı Qüvvələri Avropa Komandanlığı Komandanının müavini general Çarlz Uoldun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etmişdir.
General-polkovnik S.Əbiyev nümayəndə heyətini salamlayaraq qeyd etmişdir ki, artıq bizim görüşlərimiz sistemli şəkil almışdır. Bu da onu göstərir ki, Amerika Azərbaycana böyük diqqət yetirir.
General-polkovnik S.Əbiyev Cənubi Qafqaz regionunda vəziyyətin gərgin olduğunu vurğulamış və indiyədək Azərbaycan torpaqlarının bir hissəsinin Ermənistanın işğalı altında olduğunu xatırlatmışdır.
General Ç.Uold qəbul üçün Müdafiə nazirinə təşəkkür etmiş və bildirmişdir ki, Cənubi Qafqaz regionunda mövcud olan situasiya dünyanın on iri beynəlxalq təşkilatlarının nəzarəti altındadır.
General-polkovnik S.Əbiyev davam edərək söyləmişdir ki, Ermənistan-Azərbaycan münaqişəsini dondurmaq olmaz. Artıq hər şeyi öz adı ilə çağırmaq və Ermənistanı işğalçı dövlət adlandırmaq lazımdır.
General Ç.Uold onunla razılaşmış və demişdir: “Regionda nə baş verdiyini biz yaxından bilirik”.
General-polkovnik S.Əbiyev qeyd etmişdir ki, Azərbaycan NATO-nun “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində bu ilin sentyabrında keçiriləcək “Kooperativ Best Effort-04” təlimlərinə ciddi hazırlaşır.
General Ç.Uold cavab olaraq bildirmişdir ki, bu təlimlərin Azərbaycanda keçirilməsi çox yaxşı hadisədir və Azərbaycanı NATO ilə daha da yaxınlaşdıracaqdır... ABŞ Silahlı Qüvvələrinin Avropa Komandanlığı Azərbaycanla əməkdaşlığı çox yüksək qiymətləndirir. Azərbaycan bütün bölgədə böyük nüfuzu olan dövlətdir... ABŞ və Azərbaycan Respublikası arasında münasibətlər daha da formalaşır. Bizim əlaqələrimiz uzun müddətlidir. ABŞ-la Azərbaycanın ümumi strateji maraqları vardır.
General-polkovnik S.Əbiyev onunla razılaşdığını vurğulayaraq demişdir: “Azərbaycan və ABŞ günü-gündən sıx əməkdaşıq edirlər. Lakin “Azadlığı Dəstəkləmə Aktı”na 907-ci düzəlişin ləğvi bugünədək tam həll edilməmişdir. Onu tam şəkildə ləğv etmək yaxşı olardı”.
Sonra tərəflər beynəlxalq və regional təhlükəsizlik məsələləri ətrafında geniş fikir mübadiləsi etmişlər.
Görüşdə ABŞ-ın Azərbaycan Respublikasındakı səfirliyinin müvəqqəti işlər vəkili xanım Nensi Makkeldauni və ABŞ Silahlı Qüvvələrinin hərbi attaşesi polkovnik-leytenant Brendan Makalun iştirak etmişlər.