Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

17 İyun 2004 00:01

Müdafiə Nazirliyinin məlumatı

Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev Litva Respublikasının Müdafiə naziri Linas Linkeviçiusun dəvətilə iyunun 14-ü və 15-də Vilnüs şəhərində rəsmi səfərdə olmuşdur.
Müdafiə nazirini Vilnüs Beynəlxalq Hava Limanında Litva Milli Müdafiə nazirinin müavini doktor Povilas Malakauskas və digər rəsmi şəxslər qarşılamışlar.
İyunun 14-də Litva Milli Müdafiə Nazirliyində general-polkovnik S.Əbiyevin təntənəli qarşılanma mərasimi olmuşdur. Onun şərəfinə Litva Respublikası Silahlı Qüvvələrinin Fəxri Qarovulu düzülmüşdür.
Nazirlər əvvəl təkbətək, sonra isə geniş heyətdə görüşmüşlər. Görüş zamanı Cənubi Qafqaz və Baltikyanı regionda mövcud olan hərbi-siyasi vəziyyət, Azərbaycan-Litva hərbi əlaqələri, beynəlxalq əməkdaşlıq və Silahlı Qüvvələrdə islahatlara dair məsələlər müzakirə edilmişdir.
General-polkovnik S.Əbiyev Ermənistan-Azərbaycan münaqişəsinə toxunaraq demişdir: “Dünya ictimaiyyətinin, o cümlədən MDB dövlətlərinin Ermənistanı bu vaxta qədər işğalçı dövlət adlandırmaması bizi narahat edir. Düzdür Qazaxıstanın, Özbəkistanın və Ukraynanın prezidentləri Dağlıq Qarabağın Azərbaycan torpağı olduğunu bəyan etmişlər. Avropa Şurası, Avropa İttifaqı və digər beynəlxalq təşkilatlar Ermənistan-Azərbaycan münaqişəsinə dair rəy bildirmişlər. Lakin Ermənistanın işğalçı dövlət olduğunu rəsmən elan edən yoxdur”.
Görüşün sonunda “Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Litva Respublikası Milli Müdafiə Nazirliyi arasında Litva Hərbi Məktəbində Hərbi Hazırlıqda iştiraka dair” Saziş imzalanmışdır.
Görüşdən sonra KİV nümayəndələri üçün mətbuat konfransı keçirilmişdir.
Həmin gün general-polkovnik S.Əbiyev Litva Respublikası Prezidentinin səlahiyyətlərini icra edən cənab Arturas Paulauskas ilə görüşmüşdür.
Cənab A.Paulauskas Litva Respublikasının müdafiə və dövlət quruculuğu sahəsində əldə etdiyi uğurlar barəsində general-polkovnik S.Əbiyevə məlumat vermişdir. O, Ermənistan-Azərbaycan münaqişəsinə toxunaraq demişdir: “İnanıram ki, Azərbaycan bu münaqişənin ədalətli həllinin öhdəsindən gələcəkdir”. General-polkovnik S.Əbiyev Azərbaycan-Litva hərbi əlaqələri, Azərbaycan-NATO əlaqələri, Azərbaycanda həyata keçirilən iri iqtisadi layihələr, Ermənistan-Azərbaycan münaqişəsi və Cənubi Qafqaz regionunda mövcud olan hərbi-siyasi vəziyyət ətrafında onunla geniş fikir mübadiləsi etmişdir.
Həmin gün general-polkovnik S.Əbiyev Parlamentdə Litva Seyminin sədr müavini cənab Arturas Skardzius, Seymin Milli Təhlükəsizlik və Müdafiə komitəsinin sədri cənab Alvidas Sadekas; Litva Xarici İşlər Nazirliyində nazir müavini cənab Evaldas İqnataviçius ilə görüşlər keçirmişdir. Hər iki görüşdə Avropa strukturlarına inteqrasiya, regionlarda mövcud olan ictimai-siyasi vəziyyət, Azərbaycanda həyata keçirilən iqtisadi layihələr, Azərbaycan-Litva, Azərbaycan-NATO, Litva-NATO əlaqələri, beynəlxalq terrorizmə qarşı koalisiyada birgə mübarizə və digər məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.  
General-polkovnik S.Əbiyev müsahibləri ilə Litva görüşləri haqqında təəssüratını bölüşmüşdür.
Müdafiə naziri Ermənistan tərəfdən Azərbaycan torpaqlarının işğalı məsələsinə toxunaraq demişdir: “Ermənistan dövləti beynəlxalq hüquq normalarını pozmuşdur, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin tələblərini yerinə yetirmir. Ermənistan aqressor dövlətdir. Azərbaycanın isə bu məsələdə dözümü sonsuz deyil. O öz torpaqlarını Ermənistanın işğalından təmizləmək mövqeində qətidir”.
İyunun 15-də general-polkovnik S.Əbiyev və nümayəndə heyəti general Yonas Jemaitis adına Litva Hərbi Akademiyasında və general Adolfas Ramanauskas adına Döyüş Hazırlığı Mərkəzində olmuşdur. Hər iki tədris müəssisəsində nümayəndə heyəti üçün brifinq keçirilmiş, general-polkovnik S.Əbiyev tədris müəssisələrinin maddi-texniki bazası, strukturu, vəzifələri və tədris prosesinin gedişi ilə tanış olmuşdur.
Nümayəndə heyəti iyunun 15-də Vətənə qayıtmışdır.