Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

26 İyun 2004 00:00

Müdafiə Nazirliyinin məlumatı

İyunun 25-də Gülüstan Sarayında Azərbaycan Silahlı Qüvvələri yaradılmasının 86-cı ildönümünə həsr edilmiş təntənəli mərasim keçirilmişdir.
Mərasimdə Respublika ictimaiyyəti, ziyalılar, dövlət xadimləri, Respublikamızda akkreditə olunmuş hərbi attaşelər və digərləri iştirak etmişlər.
Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev təntənəli mərasimdə çıxış edərək, Azərbaycan Silahlı Qüvvələrinin 86 il ərzində keçdiyi döyüş və mübarizə yolundan bəhs etmişdir. O, bu günkü Silahlı Qüvvələrin vəziyyətindən bəhs edərkən ümummilli lider Heydər Əliyevin rolundan xüsusi danışmış və Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin Azərbaycan Ordusuna göstərdiyi diqqət və qayğını xüsusi vurğulamışdır.
General-polkovnik S.Əbiyev Respublika Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin Gəncədə yerləşən hərbi hissədə görüşü zamanı Ermənistan-Azərbaycan münaqişəsi ilə əlaqədar dediyi “bəzən səslər eşidilir ki, bu məsələdə kompromis olmalıdır... Bu məsələdə, torpaq məsələsində heç bir kompromisdən söhbət gedə bilməz”, - sözlərinə münasibət bildirərək demişdir: “Mən xalqımızı və Prezidentimizi əmin edirəm ki, Azərbaycan Silahlı Qüvvələri bu siyasəti tam dəstəkləyir. Biz torpaqlarımızın bir qarışını da düşmənə verməyəcəyik. Azərbaycan Silahlı Qüvvələri dövlətimizin ərazi bütövlüyünü bərpa etmək iqtidarındadır”.
Mərasim Azərbaycan incəsənət xadimlərinin iştirak etdiyi bədii proqramla başa çatmışdır.