Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

5 Mart 2004 00:00

Müdafiə Nazirliyinin məlumatı

Martın 5-də Azərbaycan Respublikasının Müdafıə naziri general-polkovnik Səfər Əbiyev Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri doktor Lauri Bristounu qəbul etmişdir.
Müdafıə naziri qonağı salamladıqdan sonra söyləmişdir ki, Böyük Britaniya dövləti Azərbaycanın dənizdə enerji ehtiyatlarının kəşfiyyatını və istismarını dəstəkləyən ilk dövlətlərdəndir. Bu əməkdaşlığın uğurlu nəticəsi kimi gələn ilin əvvəllərində Bakı-Tbilisi-Ceyhan neft kəməri ilə Azərbaycan nefti Avropaya nəql ediləcəkdir.
General-polkovnik S.Əbiyev Cənubi Qafqaz regionunda hərbi-siyasi vəziyyətin gərgin olduğunu səfirin diqqətinə çatdıraraq, işğalçı Ermənistanın aqressiv separatizm siyasəti yeritdiyini və Azərbaycana ərazi iddialarından əl çəkmədiyini qeyd edərək demişdir: “Ermənistan Birləşmiş Millətlər Təşkilatının qəbul etdiyi dörd qətnamənin və Təhlükəsizlik Şurası sədrinin bəyanatının tələblərini yerinə yetirməmişdir. Beynəlxalq ictimaiyyət məsələnin həllinə maraq göstərmir. İnanırıq ki, Böyük Britaniya dövləti Ermənistanın işğalçı dövlət olduğunu açıq şəkildə bəyan edəcək və ondan Azərbaycan torpaqlarını boşaltmağı tələb edəcəkdir. Bu münaqişənin həll edilməməsi Azərbaycanın enerji ehtiyatlarının istismarına və Avropaya nəqlinə böyük təhlükədir. Münaqişə həll olunmadıqca, Ermənistan və Azərbaycan arasında döyüş əməliyyatlarının başlanması təhlükəsi artacaqdır”.
Səfir L.Bristou qəbul üçün Müdafıə nazirinə təşəkkür etmiş və Azərbaycana səfir təyin olunduğundan çox məmnun qaldığını söyləmişdir. Çünki Azərbaycan füsünkar və ecazkar bir ölkədir. O, demişdir: “Dağlıq Qarabağ münaqişəsi Azərbaycan xalqının gələcək taleyi üçün xüsusi önəm təşkil edir. Onun həll olunmaması Azərbaycanda bütün sahələrdə inkişafın ləng getməsinə təsir edir. Mənim dövlətim BMT-nin daimi üzvü kimi, Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarını qeyd-şərtsiz boşaltması haqqında qəbul etdiyi 4 qətnamənin müddəalarını dəstəkləyir. Böyük Britaniya dövləti Azərbaycanın 1 milyondan artıq vətəndaşının qaçqın və məcburi köçkün vəziyyətində yaşamasına dünya ictimaiyyətinin diqqətini cəlb etməyə həmişə çalışmış və onlara müxtəlif beynəlxalq təşkilatlar vasitəsilə yardım göstərmişdir”.
Sonra tərəflər Azərbaycan və Böyük Britaniya arasında hərbi əməkdaşlıq məsələsinə toxunmuşlar.
  Səfir L.Bristou qeyd etmişdir ki, Azərbaycanın Müdafiə Nazirliyində İngilis dili kursları fəaliyyət göstərir. Hazırda iki dövlətin Müdafiə Nazirlikləri arasında Anlaşma Memorandumuna dair müzakirələr davam etdirilir. Tezliklə bu memorandumun hazırlanması tamamlanacaq və Azərbaycan Müdafiə Nazirliyinə təqdim ediləcəkdir. Biz hərbi əməkdaşlığın istiqamətlərini müəyyənləşdirəcəyik.
General-polkovnik S.Əbiyev demişdir ki, Azərbaycan NATO-ilə “Sülh Naminə Tərəfldaşlıq” Proqramı çərçivəsində sıx əməkdaşlıq edir. Hazırda biz NATO ilə Tərəfdaşlığın Fərdi Fəaliyyət Planı üzərində işləyirik. Bu plan tezliklə tamamlanacaqdır və əməkdaşlığımız yüksək səviyyədə davam edəcəkdir”.
Sonra tərəflər Azərbaycan və Böyük Britaniya arasında əməkdaşlığın müxtəlif  istiqamətləri haqqında fikir mübadiləsi etmişlər.