Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

9 Mart 2004 00:01

Müdafiə Nazirliyinin məlumatı

Martın 9-da Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev Amerika Birləşmiş Ştatları Hərbi Hava Qüvvələri Kollecinin nümayəndə heyətini qəbul etmişdir.
Müdafiə naziri qonaqları salamladıqdan sonra qeyd etmişdir ki, hər belə görüş ölkələrimizi tanımaq istiqamətində yeni səhifələr açır. O, müstəqil Azərbaycan Respublikasının yaranma tarixi haqqında məlumat verərək demişdir: “Sovet İttifaqı dağılan zaman Azərbaycan xalqı öz müstəqilliyini əldə edərkən işğalçı Ermənistan öz havadarlarının köməyilə bizi zorla müharibəyə cəlb etdi. Nəticədə torpaqlarımızın 20 faizi işğal edildi və 1 milyondan artıq Azərbaycan vətəndaşı qaçqın və məcburi köçkün vəziyyətinə düşdü. 1994-cü ildə atəşkəs əldə edildikdən sonra da işğalçı Ermənistan dövləti durmadan silahlandırılır, bu da Avropada Adi Silahlı Qüvvələr haqqında Müqavilənin tələblərinə ziddir”.
General-polkovnik S.Əbiyev on doqquzuncu əsrin əvvəllərində Çar Rusiyası tərəfindən Azərbaycan torpaqlarının hesabına yaradılan erməni dövlətinin tarixi barəsində qonaqlara məlumat vermişdir. O, demişdir: “Sovet İttifaqı dağılarkən isə Ermənistan Azərbaycanın Dağlıq Qarabağ diyarını işğal etmək fikrinə düşdü. Azərbaycan Respublikası belə bir şəraitdə öz silahlı qüvvələrini yaratmağa başladı”.
Sonra o, Azərbaycan Silahlı Qüvvələrinin strukturu, maddi-texniki təminatı və təchizatı, hərbi təhsil müəssisələri haqqında qonaqlara məlumat verdi.
ABŞ Silahlı Qüvvələrinin Azərbaycan Respublikasındakı hərbi attaşesi polkovnik-leytenant Brendan Makalun qəbul üçün Müdafiə nazirinə təşəkkür edərək nümayəndə heyətini ona təqdim etmiş və sözü nümayəndə heyətinin başçısı polkovnik Con Coqqerstə vermişdir.  
Polkovnik C.Coqqerst qəbul üçün Müdafiə nazirinə minnətdarlıq etmişdir.
General-polkovnik S.Əbiyev nümayəndə heyəti üzvlərinin suallarına cavab vermişdir. Qonaqlardan birinin “Bu gün Azərbaycan Silahlı Qüvvələri üçün ən prioritet məsələ nədir?”, - sualına Müdafiə naziri cavab verərək demişdir: “Torpaqlarımızı erməni işğalından azad etmək. Buna alternativ yoxdur. Yaxşı olardı ki, bu münaqişə dinc yolla, beynəlxalq hüquq normaları əsasında və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilsin. Əgər belə olmasa, biz bütün vasitələrdən istifadə edərək torpaqlarımızı düşmənlərdən təmizləyəcəyik”.
 Müdafıə naziri qonaqlardan digərinin “Biz Azərbaycan Respublikası Prezidentinin seçilməsini maraqla izlədik. Bu seçim Silahlı Qüvvələrin inkişafına təsir edəcəkmi?”, - sualına cavab verərək demişdir: “Prezident Silahlı Qüvvələrin Ali Baş Komandanıdır. Hansı Ali Baş Komandan öz Silahlı Qüvvələrinin inkişafını istəməz? Azərbaycan Prezidenti cənab İlham Əliyev də bu istiqamətdə əsaslı işlər görür”.