Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

11 Mart 2004 00:00

Müdafiə Nazirliyinin məlumatı

Martın 10-da Azərbaycan Respublikasının Müdafıə naziri general-polkovnik Səfər Əbiyev Amerika Birləşmiş Ştatlarının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri cənab Reno Harnişi, ABŞ Dövlət Departamentinin Avropada təhlükəsizlik və siyası məsələlər üzrə direktorunun müavini cənab Erik Şultsu və ABŞ-ın NATO-dakı missiyası siyasi müşavirinin müavini cənab Bryus Rocersi qəbul etmişdir.
Müdafıə naziri qonaqları salamladıqdan sonra qeyd etmişdir ki, son zamanlar ABŞ hökümətinin Azərbaycanla əlaqələri artmaqdadır. O, demişdir: “Azərbaycan ABŞ-ı özünün strateji müttəfiqi hesab edir. Azərbaycan həmişə ABŞ-la əməkdaşlığı vacib saymışdır. Xüsusilə ABŞ dövlətinin ATƏT-in Minsk Qrupunun həmsədrlərindən biri kimi Ermənistan-Azərbaycan münaqişəsinin həlli istiqamətində fəaliyyəti diqqətə layiqdir. ABŞ dövləti Azərbaycanın iqtisadi inkişafı sahəsində də öz köməyini əsirgəmir.
Azərbaycan NATO ilə də sıx əməkdaşlıq edir. Hazırda biz Tərədaşlığın Fərdi Fəaliyyət Proqramı üzərində işləyirik. Azərbaycan Silahlı Qüvvələri NATO standartlarına sürətlə yaxınlaşır və NATO ilə əməkdaşlığı gücləndirir”.
Səfir R.Harniş qəbul üçün Müdafıə nazirinə təşəkkür edərək nümayəndə heyətinin Bakıya səfərinin məqsədini açıqlamışdır. O, demişdir: “ABŞ-ın və NATO-nun Azərbaycan və Qafqazın digər dövlətlərilə əməkdaşlığının məqsədi burada mövcud olan qeyri- sabitliyi aradan qaldırmaqdır. ABŞ Azərbaycanla təhlükəsizliyin təmin olunması istiqamətində də əməkdaşlığı davam etdirmək niyyətindədir”.
Sonra cənab R.Harniş qeyd etmişdir ki, Azərbaycanın Müdafiə nazirinin Vaşinqtona səfərini orada səbirsizliklə gözləyir və bu səfər zamanı ABŞ-Azərbaycan hərbi əməkdaşlığının əsas istiqamətləri müəyyən ediləcəkdir.
Cənab R.Harniş onunla gələn qonaqları general-polkovnik S.Əbiyevə təqdim etmişdir.
Cənab Erik Şults və cənab Bryus Rocers öz növbəsində fəaliyyətləri barədə general-polkovnik S.Əbiyevə məlumat vermişlər. Onlar NATO-Azərbaycan hərbi əməkdaşlığının perspektivləri haqqında Azərbaycanın Müdafiə naziri ilə geniş fikir mübadiləsi etmişlər.
General-polkovnik S.Əbiyev qonaqları maraqlandıran suallara cavab vermişdir.