Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

13 Mart 2004 00:00

Müdafiə Nazirliyinin məlumatı

Martın 13-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev Amerika Birləşmiş Ştatları Silahlı Qüvvələri Avropa Komandanının müavini general Çarlz Uoldun rəhbərlik etdiyi Ali Məşvərət Qrupunun üzvlərini qəbul etmişdir. Nümayəndə heyətinin tərkibində ABŞ-ın Avropada Hərbi Dəniz Qüvvələri və NATO-nun Cənubi Avropada Birləşmiş Silahlı Qüvvələrinin komandanı admiral Qreqori Conson da olmuşdur.
Müdafıə naziri qonaqları salamladıqdan sonra qeyd etmişdir ki, biz ABŞ nümayəndə heyətlərinin Azərbaycana səfərlərinin çoxalmasını alqışlayırıq. Azərbaycan 11 sentyabr hadisələrindən sonra antiterror koalisiyasına qoşularaq ABŞ-ı dəstəkləmişdir. “Azadlığı Dəstəkləmə Aktı”na 907-ci düzəlişin müvəqqəti ləğvindən sonra isə Azərbaycan ABŞ-la fəal əməkdaşlıq etməyə başlamışdır.
General-polkovnik S.Əbiyev Cənubi Qafqaz regionunda mövcud olan hərbi-siyasi vəziyyət və Ermənistan-Azərbaycan münaqişəsinin həll edilməməsinin bu vəziyyəti daha da gərginləşdirməsi barəda məlumat vermişdir. O, demişdir: “Bu mürəkkəbliyə baxmayaraq, Azərbaycan müstəqil dövlət olaraq ABŞ və NATO ilə “Sülh Naminə Tərəfdaşlıq” Proqramı çərçivəsində fəal əməkdaşlıq edir. Hazırda biz NATO ilə Fərdi Fəaliyyət Proqramı üzərində iş aparırıq.
Görülən bu işlər Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin qayğısı ilə həyata keçirilir”.
Sonra o, Azərbaycanda iri iqtisadi layihələrin gerçəkləşməsi barədə qonaqları məlumatlandırmışdır. O, demişdir: “Lakin Ermənistanın işğalçılıq və Azərbaycana ərazi iddialarından əl çəkməməsi bu layihələrin reallaşmasına təhdid və təhlükə yaradır”.
General Ç.Uold səmimi qəbul üçün general-polkovnik S.Əbiyevə təşəkkür etmişdir. O, Ermənistan-Azərbaycan münaqişəsinin indiyədək həll olunmamasına münasibət bildirərək demişdir: “Hesab edirəm ki, bu münaqişə beynəlxalq ictimaiyyətin iştirakı ilə yaxın gələcəkdə öz həllini tapacaqdır. Bizi maraqlandıran əsas məsələ Cənubi Qafqaz regionunda sabitliyin təmin edilməsidir”.
General Ç.Uold qeyd etmişdir ki, NATO Azərbaycanla strateji əməkdaşlıq dairəsini genişləndirmək niyyətindədir. Bu təşəbbüsə Azərbaycanın enerji ehtiyatlarının mühafizəsi də daxildir. O, qlobal terrorizmlə mübarizədə fəal iştirakına görə Azərbaycanın dövlət rəhbərliyinə minnətdarlıq etmişdir.
Admiral Q.Conson general Uoldun söylədiklərilə razı olduğunu vurğulayaraq demişdir: “Xəzər dənizində Azərbaycanın böyük təbii sərvətləri vardır. ABŞ-ın və Azərbaycanın hərbi dəniz qüvvələrinin əməkdaşlığı sayəsində onun təhlükəsizliyi təmin edilə bilər. Kütləvi qırğın silahlarının yayılmasına qarşı birgə mübarizə də bu əməkdaşlıq sferasına daxildir”.
Sonra o, sentyabr ayında Azərbaycanda “Kooperativ Best Effort-2004” səhra təlimlərinin keçirilməsi məsələsinə toxunaraq qeyd etmişdir ki, onun keçirilməsi üçün hər cür dəstək verilmişdir. O, demişdir: “Bu təlimlərin yüksək səviyyədə keçirilməsi regionda Azərbaycanın liderliyini bir daha təsdiq edəcəkdir”.
General Ç.Uold onun fikirlərini davam etdirərək söyləmişdir ki, ABŞ dövləti bu regionda Azərbaycanın mövqeinə prioritet məsələ kimi baxır. Sizin ölkənizə hər səfərimiz böyük əhəmiyyət kəsb edir.
Görüş zamanı general-polkovnik S.Əbiyev qonaqları maraqlandıran çoxsaylı suallara cavab vermişdir.
Görüşdə ABŞ-ın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Reno Harniş iştirak etmişdir.