Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

28 Mart 2004 00:00

Müdafiə Nazirliyinin məlumatı

Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik S.Əbiyev Amerika Birləşmiş Ştatlarının Müdafiə naziri cənab D.Ramsfeldin dəvətilə martın 21-dən 27-dək ABŞ-da rəsmi səfərdə olmuşdur.
Nümayəndə heyətini Vaşiqtonun “Dallas” Beynəlxalq Hava Limanında Azərbaycan Respublikasının ABŞ-dakı fövqəladə və səlahiyyətli səfiri cənab Hafiz Paşayev, ABŞ Müdafiə nazirinin Avrasiya məsələləri üzrə müavini cənab Cim Makduqal və digər rəsmi şəxslər qarşılamışlar.
Martın 21-də general-polkovnik S.Əbiyev və nümayəndə heyəti Florida Ştatının Tampa şəhərində yerləşən ABŞ Silahlı Qüvvələri Mərkəzi Komandanlığına gəlmişdir. Burada onu Mərkəzi Komandanlığın qərargah rəisi general-mayor Stiven Uitkomb qarşılamış və brifinq keçirilmişdir. General S.Uitkomb həmçinin Azərbaycanın beynəlxalq koalisiyaya verdiyi töhfəyə görə Azərbaycanın Müdafiə nazirinə təşəkkür etmiş və Mərkəzi Komandanlığa ezam olunmuş Azərbaycan Silahlı Qüvvələri nümayəndəsinin fəaliyyətini müsbət qiymətləndirmişdir.
Martın 22-də general-polkovnik S.Əbiyev ABŞ Silahlı Qüvvələrinin Xüsusi Əməliyyat Qərargahının Komandanı general Brayan Brounla görüşmüşdür. General B.Broun Xüsusi Əməliyatlar Komandanlığı haqqında nümayəndə heyətinə ətraflı məlumat vermişdir. O, Azərbaycan Hərbi Dəniz Qüvvələrinin ABŞ Hərbi Dəniz Qüvvələri ilə birgə keçirilən treninqlərini yüksək qiymətləndirmiş və gələcəkdə analoji tədbirlərin davam etdirilməsinin əhəmiyyətini xüsusi qeyd etmişdir.
Həmin gün Müdafiə naziri Texas Ştatının San-Antonio şəhərində yerləşən Xarici Dillər Hərbi İnstitutuna gəlmişdir. General-polkovnik S.Əbiyev Azərbaycan Silahlı Qüvvələrinin institutda təhsil alan dinləyici-zabitlərilə görüşmüşdür.
Sonra Müdafiə naziri ABŞ Hərbi Hava Qüvvələrinin Təlim-tədris Mərkəzinin vitse-komandanı general-leytenant Con Xopperlo görüşmüşdür. Görüş zamanı Azərbaycan və ABŞ təhsil sistemi və bu sahədə əməkdaşlığın əhəmiyyəti haqqında fikir mübadiləsi aparılmışdır.
Martın 23-də Müdafiə naziri Oklahoma Ştatının Tulsa şəhərində yerləşən Milli Qvardiyanın 138-ci aviasiya eskadrilyasına gəlmişdir. Burada o, Ştatın Milli Qvardiyasının komandanı general-mayor Qarri Vayatla görüşmüş və F-16 döyüş təyyarəsi ilə tanış olmuş və onun uçuşuna baxmışdır.
Sonra Müdafıə naziri ehtiyatda olan hərbi qulluqçuların “Kemp Gruber” hazırlıq bazasına gəlmiş və bazanın fəaliyəti ilə tanış olmuşdur.
General-polkovnik S.Əbiyev Oklahoma-Siti şəhərində qubernator Bred Henri və konqressmenlərlə görüşmüşdür. Görüş zamanı o, Cənubi Qafqaz regionunda hərbi-siyasi vəziyyət, Azərbaycanın Müdafıə Nazirliyi və Oklahoma Ştatının Milli Qvardiyası arasında əməkdaşlıq planları barədə məlumat vermişdir.
Həmin gün Oklahoma ştatının Milli Qvardiya Regional Hazırlıq İnstitutu ilə tanışlıq keçirilmiş və Tərəfdaşlıq Proqramı çərçivəsində əməkdaşlıq məsələləri müzakirə edilmişdir.
Martın 24-də nümayəndə heyəti Nyu York şəhərinə gəlmişdir. Burada general-polkovnik S.Əbiyev Birləşmiş Millətlər Təşkilatının Baş Katibinin Sülhməramlı Əməliyyatlar üzrə yardımçısı cənab Hadi Ənnabi ilə görüşmüşdür. Görüş zamanı cənab H.Ənnabi Azərbaycan Silahlı Qüvvələrinin sülhməramlı fəaliyyətini yüksək qiymətləndirmişdir. Cənab H.Ənnabi BMT-nin Azərbaycandan olan beynəlxalq müşahidəçilərinin Finlandiyada hazırlanmasına yardım göstəriləcəyini vəd etmişdir.
General-polkovnik S.Əbiyev Ermənistanın Azərbaycana təcavüzü, onun BMT-nin Dağlıq Qarabağ münaqişəsinə dair çıxardığı 4 qətnaməni yerinə yetirməməsi, Azərbaycana qarşı törətdiyi terror aktları, işğal altında olan ərazilərdə külli miqdarda nəzarətsiz silah-sursatın toplanması barədə məlumat vermişdir.
Martın 25-də Müdafiə naziri Vaşinqton şəhərinə gəlmişdir. Burada o, ABŞ Konqresində Oklahoma Ştatından olan konqresmenlər Frenk Lukas, Tom Kol, Silahlı Qüvvələr üzrə Komitənin sədr müavini cənab Kert Veldon və komitənin üzvü cənab Ceyms Qibbonsla görüşlər keçirmişdir.
Görüşlər zamanı Ermənistan işğalının nəticələri, Azərbaycanın enerji layihələri, Ermənistan-Azərbaycan münaqişəsinin həll olunmaması ilə əlaqədar bu layihələrin həyata keçirilməsinə qarşı təhlükələrin mövcud olduğu barədə və digər məsələlər ətrafında müzakirələr aparılmışdır.
Konqresmenlər Qibbons və Veldon bu məsələdə Azərbaycanın mövqeini qətiyyətlə dəstəkləmişlər. Konqresmen Veldon Azərbaycanı dəstəkləmək məqsədilə “Kokas” fraksiya qrupunun yaradılması təşəbbüsü və ABŞ konqresinin 19 nəfərdən ibarət nümayəndə heyətinin 2004-cü il aprel ayının əvvəlində Bakıya səfəri barədə məlumat vermişdir.
Martın 26-da general-polkovnik S.Əbiyevin rəhbərlik etdiyi nümayəndə heyəti Arlinqton Milli Qəbirstanlığında Naməlum Əsgərin məzarına əklil qoymuşdur.
Sonra ABŞ-ın Müdafiə naziri cənab Donald Ramsfeldlə rəsmi görüş olmuşdur. Azərbaycan Respublikasının Müdafıə naziri general-polkovnik S.Əbiyev cənab D.Ramsfeldə səfərinin gedişi, Konqresmenlərlə görüşü, Azərbaycan-Amerika ikitərəfli əməkdaşlığının vəziyyəti, Cənubi Qafqaz regionunda hərbi-siyasi situasiya, Xəzərdə təhlükəsizlik, Ermənistan tərəfindən NATO-nun “Sülh Naminə Tərəfdaşlıq” proqramının Çərçivə Sənədinin əsas prinisplərindən biri olan bir-birinin ərazi bütövlüyünə hörmət və dövlət sərhədlərinin toxunulmazlığı prinsipinin yerinə yetirilməməsi, BMT Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirmədiyinə görə Ermənistana təzyiq göstərilməsinin vacibliyi, Azərbaycanın NATO ilə əməkdaşlığı, “Kooperativ Best Effort-2004” təlimlərinə hazırlığın gedişi haqqında məlumat vermişdir. Müdafiə naziri ABŞ hərbi təhsil müəssisələrində Azərbaycan zabitlərinin təhsil almasına şərait yaratdığına görə cənab Donald Ramsfeldə təşəkkür etmişdir.
Cənab D.Ramsfeld general-polkovnik S.Əbiyevi səmimiyyətlə salamlayaraq, beynəlxalq terrorizmlə mübarizədə ABŞ-ı dəstəklədiyinə, eləcə də İraqda beynəlxalq koalisiyaya göstərdiyi yardıma görə Azərbaycana təşəkkür etmiş, iki dövlətin silahlı qüvvələri arasında əməkdaşlığın gedişini və perspektivlərini yüksək qiymətləndirmiş, Azərbaycanın Müdafiə nazirinin konqresmenlərlə görüşünün əhəmiyyətini qeyd etmiş. Ermənistan-Azərbaycan münaqişəsinin mərhələli həlli fikri ilə razı olduğunu və bu prossesin sürətləndirilməsinin zəruriliyini bildirmişdir.  
Həmin gün general-polkovnik S.Əbiyev ABŞ Dövlət Katibinin siyasi məsələlər üzrə müavini Mark Qrossman və Linn Pasko ilə görüşmüşdür.
Görüşdə Azərbaycan-Amerika ikitərəfli əməkdaşlığı, Cənubi Qafqaz regionunda hərbi-siyasi vəziyyət, Ermənistan-Azərbaycan münaqişəsinin həllində işğalçı Ermənistanın destruktiv mövqei və digər məsələlər müzakirə edilmişdir.
Elə həmin gün general-polkovnik S.Əbiyev ABŞ Prezidentinin Milli Təhlükəsizlik Məsələləri üzrə müşavirinin müavini cənab Stefan Xedli ilə görüşmüşdür. Görüş zamanı Amerika-Azərbaycan ikitərəfli əməkdaşlığı, Azərbaycanın sülhməramlı əməliyyatlarda iştirakı, Azərbaycanın NATO ilə əməkdaşlığı, Azərbaycanın enerji layihələri, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və “Xəzərin təhlükəsizliyi” Proqramı haqqında məsələlərə toxunulmuşdur.
Görüşdə Avroasiya Departamentinin rəhbəri səfir Daniel Frid iştirak etmişdir.
General-polkovnik S.Əbiyevin rəhbərlik etdiyi nümayəndə heyəti martın 28-də Vətənə qayıtmışdır.