Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

28 Oktyabr 2004 00:00

Müdafiə Nazirliyinin məlumatı

Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev Müdafiə naziri cənab Nikolay Svinarovun dəvətilə oktyabrın 25-dən 27-dək Bolqarıstan Respublikasında rəsmi səfərdə olmuşdur.
Oktyabrın 25-də Sofiya şəhərində Naməlum Əsgərin məqbərəsi önündə general-polkovnik S.Əbiyevin təntənəli qarşılanma mərasimi olmuşdur. Onun şərəfinə Bolqarıstan Silahlı Qüvvələrinin Fəxri Qarovulu düzülmüşdür. Fəxri Qarovulun rəisi general-polkovnik S.Əbiyevə raport vermişdir. Azərbaycanın və Bolqarıstanın dövlət himnləri səslənmişdir.
Sonra general-polkovnik S.Əbiyev Naməlum Əsgərin abidəsi önünə əklil qoymuşdur.
Həmin gün Bolqarıstan Müdafiə Nazirliyində general-polkovnik S.Əbiyev və nümayəndə heyətinin qəbulu olmuşdur. Bolqarıstanın Müdafiə naziri cənab N.Svinarov əvvəl general-polkovnik S.Əbiyevlə təkbətək görüşmüş, sonra nümayəndə heyətini geniş tərkibdə qəbul etmişdir.
Görüşdə Azərbaycan və Bolqarıstan arasında ikitərəfli, NATO-nun “Sülh Naminə Tərəfdaşlıq” proqramı və antiterror koalisiyası çərçivəsində hərbi əməkdaşlıq məsələləri müzakirə edilmişdir.
Bolqarıstanın Müdafiə naziri cənab N.Svinarov Balkanlarda mövcud olan hərbi-siyasi vəziyyət, Bolqarıstan Silahlı Qüvvələrində aparılan islahatlar və Bolqarıstan—Azərbaycan hərbi əlaqələri üzərində ətraflı dayanmışdır. O, qeyd etmişdir ki, bu ilin oktyabrında Bolqarıstan prezidenti Qeorgi Pırvanovun Azərbaycana rəsmi səfəri bütün sahələrdə Bolqarıstan—Azərbaycan münasibətlərinin daha da yaxşılaşmasına təkan vermişdir.
General-polkovnik S.Əbiyev söyləmişdir ki, Azərbaycan-Bolqarıstan münasibətləri 1995-ci ildə iki dövlətin prezidentləri tərəfindən imzalanmış müqavilə əsasında yaranmışdır.
Sonra o, müstəqil Azərbaycan dövlətinin yaranma tarixi, Azərbaycanın NATO və Avro-Atlantika strukturlarına inteqrasiyası, Cənubi Qafqaz regionunda hərbi-siyasi vəziyyət, Ermənistan-Azərbaycan münaqişəsinin yaranması və nəticələri haqqında ətraflı məlumat vermişdir. General-polkovnik S.Əbiyev Ermənistan-Azərbaycan münaqişəsinin üzərində xüsusilə dayanaraq qeyd etmişdir ki, Ermənistanın bu vaxta qədər işğalçı dövlət kimi tanınmaması, işğal olunmuş Azərbaycan torpaqlarında terrorçu qrupların hazırlanması, bu ərazilərdə narkotik maddələrin becərilməsi və nəqli faktları bizi çox narahat edir. O, demişdir: “Hazırda işğal olunmuş Azərbaycan ərazilərində ən çoxu 50 min nəfərə qədər erməni yaşayır. Bu torpaqlardan isə 1 milyondan artıq azərbaycanlı zor gücünə çıxarılmışdır. Belə olduğu halda münaqişənin həllində hansı ədalətdən və insan haqlarının müdafiəsindən danışmaq olar. Bu vəziyyət Ermənistan-Azərbaycan münaqişəsinin həllində ikili standartların olmasını söyləmək üçün bizə əsas verir.
Münaqişənin həlli uzandıqca döyüş əməliyyatlarının yenidən başlanması ehtimalı artır. Çünki Azərbaycan dövləti münaqişənin həllini sonsuzluğa qədər gözləyə bilməz”.
 General-polkovnik S.Əbiyev qeyd etmişdir ki, Bolqarıstanın Xarici İşlər naziri cənab Solomon Passinin ATƏT-ə sədrliyi dövründə münaqişənin həlli üzrə danışıqlar prosesinə yeni təkan verilmişdir. Buna görə biz Bolqarıstan dövlətinin rəhbərliyinə minnətdarıq.
O, Azərbaycan-Bolqarıstan hərbi əməkdaşlığından danışarkən qeyd etmişdir ki, NATO üzvü olan Bolqarıstanın Silahlı Qüvvələr quruculuğu sahəsindəki təcrübəsi bizim üçün əhəmiyyətlidir.
General-polkovnik S.Əbiyev Bolqarıstanın Müdafiə nazirini Azərbaycana rəsmi səfərə dəvət etmiş və cənab N.Svinarov bu dəvəti qəbul etmişdir.  
Görüşdən sonra Azərbaycan Respublikası və Bolqarıstan Respublikası Müdafiə Nazirlikləri arasında 2005-ci il üçün hərbi əməkdaşlıq planı imzalanmışdır. Plan təhsil, hərbi-texniki əməkdaşlıq və hərbi-sənaye kompleksi sahəsində ekspertlər səviyyəsində mübadilə məsələlərini əhatə edir.
Sənədi Azərbaycan tərəfdən general-polkovnik S.Əbiyev, Bolqarıstan tərəfdən cənab N.Svinarov imzalamışlar.
Sonda KİV nümayəndələri üçün mətbuat konfransı keçirilmişdir.
Oktyabrm 26-da general-polkovnik S.Əbiyevin rəhbərlik etdiyi nümayəndə heyətini Bolqarıstan Xalq Məclisi sədrinin müavini cənab Yunal Lütfi, Xarici İşlər nazirinin müavini xanım Qerqana Qrançarova və Baş nazirin müavini-Bolqarıstan Respublikasının sədri cənab Plamen Panayotov qobul etmişler.
Görüşlərdə Azərbaycan və Bolqarıstan arasında mövcud olan parlament münasibətləri, hər iki dövlətin Avropa Şurasındakı daimi nümayəndə heyətləri arasında əlaqələr, Bolqarıstan Xalq Məclisinin xarici siyasət, müdafiə və təhlükəsizlik komitəsinin işi, Balkanlardakı ictimai-siyasi vəziyyət, xarici siyasət, iqtisadiyyat və hərbi əməkdaşlıq sahəsində Azərbaycan-Bolqarıstan əlaqələri barədə fikir mübadiləsi aparılmışdır.
 General-polkovnik S.Əbiyev öz növbəsində Cənubi Qafqaz regionunda mövcud olan hərbi-siyasi vəziyyət, müstəqil Azərbaycan dövlətinin yaranması, Silahlı Qüvvələr quruculuğu, Ermənistan-Azərbaycan münaqişəsi, Azərbaycanın NATO ilə əməkdaşlığı və Avro-Atlantika məkanına inteqrasiyası haqqında ətraflı söhbət etmişdir.
 General-polkovnik S.Əbiyev Ermənistan-Azərbaycan münaqişəsinin bu vaxta qədər həll edilməməsinin, iri dövlətlərin də iştirak etdiyi “Traseka”, Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz və digər iqtisadi layihələrin həyata keçirilməsinə mənfi təsir göstərdiyini vurğulamışdır.
General-polkovnik S.Əbiyev keçirilən görüşlərdə Ermənistan-Azərbaycan münaqişəsinə ətraflı yer vermiş və bu vaxta qədər Ermənistanın işğalçı dövlət kimi tanınmamasından Azərbaycan xalqının böyük narahatlıq keçirdiyini qeyd etmişdir. O, demişdir: “Ermənistanın işğalçı dövlət olduğu göz qabağındadır. Biz bütün dünya və Avropa hökumətlərini, o cümlədən Bolqarıstan hökumətini hər şeyi öz adıyla çağırmağa dəvət edirik. Ermənistan-Azərbaycan münaqişəsi BMT Təhlükəsizlik Şurasının işğalçı Ermənistanın zəbt etdiyi Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxması haqqında qəbul etdiyi 4 qətnamənin tələbləri, beynəlxalq hüquq normaları və Azərbaycanın ərazi bütövlüyü əsasında həll edilməli, qaçqın və məcburi köçkünlər öz yurd-yuvasına qayıtmalıdır”.
Oktyabrın 26-sı günün ikinci yarısında general-polkovnik S.Əbiyevin rəhbərlik etdiyi nümayəndə heyəti Veliko Tırnovo şəhərində yerləşən Vasili Levski adına Milli Hərbi Universitetə gəlmişdir. Burada onu universitetin rektoru briqada generalı Qeorgi Qeorgiyev qarşılamış və nümayəndə heyəti üçün geniş brifinq keçirilmişdir. General-polkovnik S.Əbiyev Bolqarıstan Silahlı Qüvvələri üçün zabit heyəti hazırlayan universitetin strukturu, proqramı və fəaliyyəti ilə tanış olmuşdur.
Nümayəndə heyəti oktyabrın 27-də Vətənə qayıtmışdır.