Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

7 Oktyabr 2004 00:00

Müdafiə Nazirliyinin məlumatı

Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev Türkiyə Respublikasının Baş Qərargah Rəisi ordu generalı Hilmi Özkökün dəvətilə oktyabrın 4-dən 6-dək Türkiyə Respublikasında rəsmi səfərdə olmuşdur.
Müdafiə nazirini Etimesqut hərbi hava limanında Ankara qarnizonunun rəisi korpus generalı Ömər Keçəcigil, Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri cənab Məmməd Əliyev və digər rəsmi şəxslər qarşılamışlar.
General-polkovnik S.Əbiyev rəsmi səfərinə Türkiyə Respublikasının banisi Mustafa Kamal Atatürkün mavzoleyini ziyarətlə başlamış, onun məzarı önünə əklil qoymuş və Fəxri Qonaqlar kitabına ürək sözlərini yazmışdır.
Türkiyə Respublikasının Baş Qərargahında general-polkovnik S.Əbiyevin təntənəli qarşılanma mərasimi olmuşdur. Onun şərəfinə Türkiyə Respublikası Silahlı Qüvvələrinin Fəxri Qarovulu düzülmüşdür.
Türkiyə Respublikasının Baş Qərargah rəisi ordu generalı Hilmi Özkök general-polkovnik S.Əbiyevi və nümayəndə heyətini qəbul etmişdir.
General-polkovnik S.Əbiyev ilk növbədə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin səmimi salamlarını ordu generalı Hilmi Özkökə çatdırmışdır.  
Görüş zamanı Azərbaycan-Türkiyə hərbi əməkdaşlığının mövcud durumu və gələcək perspektivləri ətraflı müzakirə edilmişdir.
General-polkovnik S.Əbiyev Ermənistan-Azərbaycan münaqişəsinin həlli məsələsinə toxunaraq qeyd etmişdir ki, Ermənistan işğal etdiyi torpaqlardan çəkilmək istəmir. O BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinin tələblərini yerinə yetirmir.
 Ordu generalı Hilmi Özkök cavab olaraq bildirmişdir ki, Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarını tərk etməyincə Türkiyə-Ermənistan sərhədi açılmayacaqdır.
Sonra Tərəflər Azərbaycan-Türkiyə çoxistiqamətli əlaqələrinin perspektivlərini müzakirə etmişlər.
General-polkovnik S.Əbiyev Türkiyənin Baş Qərargah rəisini Azərbaycana rəsmi səfərə dəvət etmişdir.
Görüşdən sonra Azərbaycan Müdafiə Nazirliyinin nümayəndə heyəti üçün geniş brifinq keçirilmişdir. Brifinqdə Türkiyə Silahlı Qüvvələrinin beynəlxalq fəaliyyəti, onun Avropada və dünyada təhlükəsizliyin təmin edilməsində rolu və Türkiyə-Azərbaycan hərbi əməkdaşlığı haqqında ətraflı məlumat verilmişdir.
Həmin gün general-polkovnik S.Əbiyev Təlim və Doktrina Komandanlığına gəlmiş, onun komandanı ordu generalı İsmayıl Koçmanla görüşmüş, proqramı və fəaliyyəti ilə tanış olmuş, burada təcrübə keçən Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri ilə görüş keçirmişdir.
Oktyabrın 5-də general-polkovnik S.Əbiyev Türkiyə Hərbi Dəniz Qüvvələrinin komandanı donanma admiralı Özden Örnek ilə görüşmüş, Azərbaycan və Türkiyə Hərbi Dəniz Qüvvələri arasında əməkdaşlığın vəziyyətini və gələcək perspektivlərini müzakirə etmişdir.
General-polkovnik S.Əbiyev və nümayəndə heyəti “Roketsan” səhmdar cəmiyyətinə gəlmiş, onun prezidenti cənab Sami Zığ ilə görüşmüş, “Roketsan”ın sexlərini gəzmiş və istehsal etdiyi məhsullarla tanış olmuşdur.
Həmin gün Türkiyə Respublikasının Müdafiə naziri cənab Vecdi Gönül general-polkovnik S.Əbiyevi qəbul etmişdir. Görüşdən əvvəl hər iki dövlətin Müdafiə naziri Kütləvi İnformasiya Vasitələri üçün bəyanatla çıxış etmişlər.
Görüş zamanı general-polkovnik S.Əbiyev Türkiyənin Müdafiə nazirini Cənubi Qafqaz regionunda mövcüd olan hərbi-siyasi vəziyyətlə tanış etmişdir. O, Ermənistan-Azərbaycan münaqişəsinə toxunaraq qeyd etmişdir ki, Azərbaycana  qarşı böyük ədalətsizlik baş vermişdir. İşğalçı Ermənistan onun torpaqlarının 20 faizini zəbt etmiş və bu əraziləri azad etmək istəmir. Lakin Azərbaycan xalqı birmənalı şəkildə öz torpaqlarını azad etmək əzmindədir. İşğalçı Ermənistan uydurma soyqırımı siyasətini həyata keçirməklə Türkiyə Respublikasına qarşı ərazi iddiaları ilə çıxış edir.  
Cənab V.Gönül cavab olaraq bildirmişdir ki, Azərbaycanın qarşısında duran ən mühüm məsələ Dağlıq Qarabağ və onun ətrafında işğal edilmiş ərazilərin azad edilməsidir. Türkiyə bu məsələdə Azərbaycana əlindən gələn köməyi edir və bundan sonra da edəcəkdir. Türkiyə Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlət kimi onun ərazi bütövlüyünü dəstəkləyir və bundan sonra da beynəlxalq aləmdə onun nüfuzunun artması istiqamətində səylərini artıracaqdır.
General-polkovnik S.Əbiyev Ermənistan-Azərbaycan münaqişəsinin həllində Türkiyənin Azərbaycanı dəstəklədiyinə görə Azərbaycan xalqının ona minnətdar olduğunu bildirmişdir. O, Türkiyənin Müdafiə nazirini Azərbaycana rəsmi səfərə dəvət etmişdir.
Oktyabrın 5-i günün ikinci yarısında general-polkovnik S.Əbiyevin rəhbərlik etdiyi nümayəndə heyəti İzmir şəhərinə gəlmişdir. O, burada Egey Ordusunun komandanı ordu generalı İşıq Koşener və Hava Təlim Komandanlığının komandanı korpus generalı Yılmaz Oğuzla görüşmüşdür. Sonra Hava Dil Məktəbinə gəlmiş, onun proqramı ilə tanış olmuş, məktəbin audutoriya və laboratoriyalarını gəzmiş və burada təhsil alan Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri ilə görüşmüşdür.
General-polkovnik S.Əbiyevin rəhbərlik etdiyi nümayəndə heyəti oktyabrın 6-da Ankara şəhərinə qayıtmışdır. Həmin gün Türkiyə Respublikasının Prezidenti cənab Əhməd Necdət Sezər general-polkovnik S.Əbiyevi və nümayəndə heyətini qəbul etmişdir.
Cənab Əhməd Necdət Sezər qeyd etmişdir ki, biz Azərbaycanın tərəqqisi istiqamətində irəli atılan hər bir addıma sevinirik. O, Azərbaycan-Türkiyə əlaqələrinin indiki vəziyyətini yüksək qiymətləndirdiyini vurğulayaraq demişdi ki, biz Qafqazın təhlükəsizliyinə böyük önəm veririk və bu regionun barış içərisində yaşamasına çalışırıq.  
Prezident Əhməd Necdət Sezər Ermənistan-Azərbaycan münaqişəsinə toxunaraq demişdir ki, Türkiyə bu münaqişənin həllinin dondurulmasına göstərilən cəhdlərin əleyhinədir. Minsk Qrupunun münaqişənin həlli istiqamətində fəaliyyətini artırması bizi məmnun edir. Ermənistan işğal etdiyi əraziləri boşaltmalıdır. Bu məsələdə Türkiyə Azərbaycanın ədalətli mövqeini bütünlüklə dəstəkləyir.
General-polkovnik S.Əbiyev səmimi qəbul üçün Türkiyə Respublikasının prezidentinə təşəkkür etmiş və Azərbaycan Respublikasının Prezidenti cənab İ.Əliyevin salamlarını ona çatdırmışdır. O, prezidentə Cənubi Qafqaz regionunda mövcud olan hərbi-siyasi vəziyyət barəsində ətraflı məlumat vermiş, Azərbaycan-Türkiyə hərbi əlaqələrinin getdikcə genişləndiyini vurğulamışdır.
General-polkovnik S.Əbiyev qeyd etmişdir ki, biz çox istəyirik ki, Türkiyə Qafqazda öz liderliyini təsdiq etsin. O, Ermənistanın qondarma soyqırımı siyasəti yeritməklə Türkiyəyə təsir etmək niyyəti güddüyünü söyləmişdir.
Prezident Əhməd Necdət Sezər cavab olaraq bildirmişdir ki, biz Qafqaz bölgəsində sabitliyin bərqərar olmasını istəyirik. Biz tələb edirik ki, Ermənistan Azərbaycanla savaşı bitirsin və işğal etdiyi Azərbaycan torpaqlarını azad etsin.
General-polkovnik S.Əbiyev Türkiyənin hər bir sahədə Azərbaycanı dəstəklədiyinə görə prezident Əhməd Necdət Sezərə öz minnətdarlığını bildirmişdir.
Görüşün sonunda prezident Əhməd Necdət Sezər demişdir: “Xahiş edirəm, mənim salamlarımı Azərbaycan Respublikasının Prezidenti, qardaşım İlham Əliyevə çatdırasınız”.
Oktyabrın 6-da Ankaranın Etimesqut hərbi hava limanında general polkovnik S.Əbiyevi yolasalma mərasimi olmuşdur. Türkiyə Respublikasının Baş Qərargah Rəisi ordu generalı Hilmi Özkök və digər rəsmi şəxslər yolasalma mərasimində iştirak etmişlər.
Nümayəndə heyəti həmin gün Vətənə qayıtmışdır.