Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

30 Aprel 2004 00:00

Müdafiə Nazirliyinin məlumatı

Aprelin 30-da Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri cənab Nikolay Ryabovu və hərbi attaşesi kontr admiral Vladimir Lomakini qəbul etmişdir.
Müdafiə naziri qonaqları salamladıqdan sonra səfir N.Ryabov görüş üçün ona təşəkkür etmiş, Azərbaycan Respublikasında yeni hərbi attaşe təyin edilmiş kontr admiral V.Lomakini və missiyasını başa vurmuş polkovnik Yuri Kurşakovu təqdim etmək üçün görüşə gəldiyini bildirmişdir.
General-polkovnik S.Əbiyev qeyd etmişdir ki, Azərbaycan-Rusiya münasibətləri tarixi ənənəyə malikdir və biz həmişə bu münasibətləri qoruyub saxlamağa çalışmışıq. O, demişdir: “Azərbaycanın mərhum eks-prezidenti Heydər Əliyev Azərbaycan-Rusiya münasibətlərinə yüksək qiymət vermiş və Prezident İlham Əliyev də bu gün bu ənənəni davam etdirir. İki dövlətin Müdafiə Nazirlikləri arasında da münasibətlər ənənəvi olaraq yaxşıdır. Rusiya Federasiyasının Azərbaycanda Hərbi Attaşeliyinin fəaliyyət göstərməsi bunu bir daha təsdiq edir”.
General-polkovnik S.Əbiyev davam edərək söyləmişdir ki, Azərbaycan Respublikası da yaxın günlərdə Rusiya Federasiyasında öz Hərbi Attaşeliyini açacaqdır.  
O, bu vaxtadək həllini tapmamış Ermənistan-Azərbaycan münaqişəsinə toxunaraq Rusiya Federasiyasının ATƏT-in Minsk Qrupunun həmsədri kimi bu istiqamətdə böyük imkanlara malik olduğunu və Azərbaycanın münaqişənin həllində ondan çox şey gözlədiyini vurğulamışdır.
Səfir N.Ryabov qeyd etmişdir ki, biz Ermənistan-Azərbaycan münaqişəsinin beynəlxalq hüquq normaları əsasında tezliklə elə həll edilməsini istəyirik ki, hər iki xalq bundan razı qalsın.
Sonra o, 1941-45-ci illərin Böyük Vətən Müharibəsində alman faşizmi üzərində qazanılmış qələbənin 59-cu ildönümü münasibətilə Səfirliyin keçirəcəyi tədbirlər haqqında general-polkovnik S.Əbiyevə məlumat vermişdir.
Sonra tərəflər Azərbaycan-Rusiya və iki dövlətin Müdafiə Nazirlikləri arasında əməkdaşlığın inkişaf perspektivləri və Cənubi Qafqaz regionunda hərbi-siyasi vəziyyət barəsində fikir mübadiləsi etmişlər. Görüşün sonunda general- polkovnik S.Əbiyev kontr admiral V.Lomakini yeni təyinatı münasibətilə təbrik, polkovnik Y.Kurşakova isə xidmətə görə təşəkkür etmiş və onlara gələcək fəaliyyətlərində uğurlar arzulamışdır.