Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

29 Aprel 2004 00:00

Müdafiə Nazirliyinin məlumatı

Aprelin 29-da Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev Almaniya Federativ Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri professor, doktor Klaus Qrevlixi, Rusiya Federasiyasında və Azərbaycan Respublikasında akkreditə olunmuş hərbi attaşesi briqada generalı Peter Şafraneki qəbul etmişdir.
Müdafiə naziri qonaqları salamlayaraq qeyd etmişdir ki, Azərbaycan   Respublikası və Almaniya Federativ Respublikası arasında əməkdaşlıq normal axında gedir, Azərbaycan bu əməkdaşlığa xüsusi əhəmiyyət verir, hərbi sahədə əməkdaşlığımız isə yeni hadisə olacaqdır.
Cənab K.Qrevlix qəbul üçün general-polkovnik S.Əbiyevə təşəkkür edərək söyləmişdir ki, mən deyərdim ki, son zamanlarda Almaniya-Azərbaycan münasibətləri intensiv şəkildə inkişaf etməkdədir. O, demişdir: “Siyasi təhlükəsizlik sahəsində Almaniya-Azərbaycan çoxtərəfli əməkdaşlığı bizim üçün çox əhəmiyyətlidir. Almaniyanın Azərbaycanla hərbi əməkdaşlıq   məsələsi isə hərbi attaşemiz briqada generalı P.Şafranekin və onun müavininin şəxsində təmsil ediləcəkdir”.
Briqada generalı P.Şafranek söhbətə qoşularaq qəbul üçün general-polkovnik S.Əbiyevə bir daha təşəkkür etmiş və gəlişinin əsas məqsədini açıqlayaraq qeyd etmişdir ki, məqsədimiz Almaniya-Azərbaycan hərbi  əməkdaşlığının təməlini qoymaqdır. O, demişdir: “Biz bu gün iki dövlətin Müdafiə Nazirlikləri arasında imzalanacaq Sazişin layihəsini sizə təqdim edəcəyik”.
Sonra o, 2004-cü il üçün əməkdaşlıq planının konkret tədbirləri haqqında Azərbaycanın Müdafiə nazirinə ətraflı məlumat verərək qeyd etmişdir ki, ikinci məqsədimiz isə Azərbaycanda zabitlər üçün alman dili kurslarını təşkil etməkdir. Bu günlərdə bu imkanları araşdırmaq üçün bizim nümayəndəmiz Bakıya gələcəkdir.
General-polkovnik S.Əbiyev qeyd etmişdir ki, Azərbaycan və Almaniya dövlətləri arasında yeni əməkdaşlıq sahəsinin açılması və Saziş layihəsinin bizim təkliflərimiz əsasında hazırlanması məni çox şad edir. O,  demişdir: “Mən sizə yeni bir məlumat vermək istəyirəm. Biz yaxın zamanlarda Almaniya Federativ Respublikasında Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi attaşeliyini açacaq və qısa müddət ərzində hərbi attaşe haqqında məlumat təqdim edəcəyik”. General-polkovnik S.Əbiyev hərbi attaşenin Cənubi Qafqazda hərbi-siyasi vəziyyətlə bağlı sualına cavab olaraq Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi, bir milyondan artıq qaçqının və məcburi köçkünün ağır şəraitdə yaşaması, işğal olunmuş ərazilərdə külli miqdarda silah və sursatın toplanması, terrorçu və separatçı qruplara buradan silahların ötürülməsi, narkotik maddə plantasiyalarının əkilməsi, bu ərazinin narkotrafikə çevrilməsi və digər məsələlər haqqında məlumat vermişdir. O, demişdir: “Bu şərait hər an döyüş əməliyyatlarının başlanmasına gətirib çıxara bilər. Ermənistanın durmadan silahlanaraq Avropada Adi Silahlı Qüvvələr haqqında Müqavilənin şərtlərini pozması regionda beynəlxalq iqtisadi proqramların həyata keçirilməsinə təhlükə yaradır”.
Görüşün sonunda briqada generalı P.Şafranek general-polkovnik S.Əbiyevə Azərbaycan Respublikası və Almaniya Federativ Respublikası Müdafiə Nazirlikləri arasında imzalanacaq Sazişin layihəsini təqdim etmişdir.