Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

26 Aprel 2004 00:00

Müdafiə Nazirliyinin məlumatı

Aprelin 26-da Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi cənab Brayn Follu qəbul etmişdir.
Müdafiə naziri qonağı salamlayaraq Azərbaycanın Böyük Britaniya ilə əməkdaşlığının 20-ci yüzilliyin əvvəllərindən başladığını, lakin Azərbaycan müstəqillik qazandıqdan sonra bu əməkdaşlığın yeni xarakter aldığını və gün-gündən inkişaf etdiyini qeyd etmişdir. O, demişdir: “Mən bir hərbçi olaraq arzu edərdim ki, biz hərbi sahədə də əməkdaşlıq edək”.
Sonra general-polkovnik S.Əbiyev Ermənistan-Azərbaycan münaqişəsi, Ermənistanın aqressiv və destruktiv siyasəti, onun BMT-nin bu barədə qəbul etdiyi qətnamələrin tələblərini yerinə yetirməməsi nəticəsində münaqişənin  öz həllini tapa bilməməsi, işğal olunmuş Azərbaycan torpaqlarında terrorçu qruplar hazırlaması, burada külli miqdarda silah və sursat toplaması, narkotik maddələr yetişdirməsi, narkotrafikanın bu ərazidən keçməsi, Cənubi Qafqaz regionunda mövcud olan hərbi-siyasi vəziyyət, Azərbaycan-NATO münasibətləri, Azərbaycan Silahlı Qüvvələrində aparılan islahatlar və digər məsələlər ətrafında qonaqla fikir mübadiləsi aparmışdır.
Qəbul üçün Müdafiə nazirinə təşəkkür edən cənab B.Foll qeyd etmişdir ki, Böyük Britaniya dövləti Azərbaycan Respublikasını önəmli tərəfdaş kimi qəbul edir. Birləşmiş Krallıq da Azərbaycanla hərbi sahədə əməkdaşlıq etmək arzusundadır.
Ermənistan-Azərbaycan münaqişəsinə toxunan qonaq əlavə etmişdir ki, ATƏT və digər beynəlxalq təşkilatlar münaqişənin həlli istiqamətində səylərini artırmalıdır. O, demişdir: “Bu vaxta qədər döyüş əməliyyatlarının bərpa olunmaması hər iki tərəfin xeyrinədir. Zaman bütün regionlarda sabitliyin olmasını tələb edir. Bu bütün xalqlar, o cümlədən, Azərbaycan xalqı üçün də önəmlidir”.
Görüşdə Böyük Britaniya və Şimali İrlandiya Krallığının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri cənab Lauri Bristou iştirak etmişdir.