Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

24 Aprel 2004 00:00

Müdafiə Nazirliyinin məlumatı

Aprelin 23-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev ATƏT-in Minsk Qrupunun ABŞ-dan olan həmsədri Stiven Mannı qəbul etmişdir.
General-polkovnik S.Əbiyev qonağı salamlayaraq onu Minsk Qrupunun həmsədri vəzifəsinə təyin edilməsi münasibətilə təbrik etmiş və uğurlar arzulamışdır. O, demişdir: “Biz inanırıq ki, siz Minsk Qrupunun həmsədri olaraq Ermənistan-Azərbaycan münaqişəsinin beynəlxalq hüquq normaları əsasında Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməsi yolunda əlinizdən gələni əsirgəməyəcəksiniz”.
General-polkovnik S.Əbiyev davam edərək bildirmişdir ki, Ermənistanın işğalçılıq siyasəti döyüş əməliyyatlarının yenidən başlanmasına böyük təhlükə yaradır. Ermənistan işğal etdiyi Azərbaycan ərazilərində böyük miqdarda silah və sursat yerləşdirmiş, bu ərazilərdə terrorçu qruplar hazırlayır və narkotrafik kimi istifadə edir.  
Cənab S.Mann qəbul üçün general-polkovnik S.Əbiyevə təşəkkür edərək bildirmişdir ki, Bakıya yeni vəzifə ilə gəlməyim mənim üçün böyük şərəfdir. O, Azərbaycan dövlətinin beynəlxalq terrorizmlə mübarizədə ABŞ-ı fəal surətdə dəstəklədiyinə görə təşəkkür etmişdir. Xəzərin enerji resursları ilə məşğul olması ilə əlaqədar olaraq bildirmişdir ki, bir ildən sonra Azərbaycan neftinin Bakı-Tbilisi-Ceyhan neft kəməri ilə Avropaya nəql edilməsini görəcəyik. O, demişdir: “Dağlıq Qarabağ məsələsinin həlli isə çox mürəkkəbdir. Onun həllini tapmaq üçün çox işləməliyik. Əgər bu münaqişə uzun müddət ərzində öz həllini tapmazsa, həm Azərbaycanın, həm də Ermənistanın vəziyyəti ağır olaraq qalacaqdır. Münaqişənin güc vasitəsilə həllinə əsas yol kimi baxmaq olmaz. ABŞ dövlətinin mövqei münaqişənin danışıqlar yolu ilə həll edilməsidir. Bu gün qarşımızda yeni yolların tapılması məsələsi durur. Onun perspektivləri böyükdür və buna nikbinliklə yanaşmaq lazımdır. Məsələnin həllində praktiki hərəkətlərə yer verilməli, tərəflər dialoq yolunu qanuniləşdirməlidir. Mən bu mənada perspektivləri araşdırmaq istəyirəm”.
General-polkovnik S.Əbiyev cənab S.Mannın dediklərinə münasibət bildirərək demişdir ki, biz Cənubi Qafqaz regionunda mövcud olan situasiyanı birmənalı şəkildə analiz etməliyik. O, demişdir: “Ermənistan BMT-nin münaqişə ilə bağlı qəbul etdiyi 4 qətnamənin və BMT Təhlükəsizlik Şurası sədrinin bəyanatının tələblərini, beynəlxalq təşkilatların rəyini qulaq ardına vuraraq işğal etdiyi Azərbaycan ərazilərini tərk etmir. Bizə təklif edirlər ki, iki dövlətin prezidenti danışıqdar nəticəsində razılığa gəlsinlər. Danışıqlar ancaq Ermənistanın xeyrinədir. Bunu 10-15 il də davam etdirmək olar. Lakin nəticəsi görünmür. Belə münasibətlə sanki Azərbaycanı inadla müharibəyə hazırlaşmağa məcbur edirlər. Yuqoslaviyada, İraqda baş verən hadisələr normal beynəlxalq münasibətlərə uyğun olmadığından onlara qarşı qəti tədbirlər görüldü. Bəs nə üçün işğalçı Ermənistanla belə rəftar edilmir?”
General-polkovnik S.Əbiyev 1 milyondan artıq qaçqının və köçkünün vəziyyətinin dözülməz olduğunu, onların öz torpaqlarına tezliklə qayıtmaq istədiklərini və nəticəsiz danışıqlar uzandıqca Azərbaycan xalqının beynəlxalq təşkilatlara inamının azaldığını cənab S.Mannın diqqətinə çatdıraraq bildirmişdir ki, biz inanırıq siz Ermənistan-Azərbaycan münaqişəsinin həlli prosesinə yeni hava, yeni nəfəs gətirəcəksiniz. O, demişdir: “Bu münaqişəni tezliklə həll etmək olar. Sadəcə olaraq, Ermənistanı olduğu kimi aqressor dövlət elan edib ona sanksiyalar tətbiq etmək lazımdır. Bunun üçün hüquqi əsaslar vardır”.
Cənab S.Mann bildirmişdir ki, beynəlxalq ictimaiyyət Ermənistan-Azərbaycan münaqişəsinin danışıqlar yolu ilə həll edilməsi yolunu tutmuşdur. ABŞ dövlətinin mövqei isə budur ki, tərəflər bir-birinə güzəştə getməlidir. Bu elə güzəştlər olmalıdır ki, hər iki dövləti qane etsin.
General-polkovnik S.Əbiyev cavab olaraq demişdir ki, Ermənistan Azərbaycan torpaqlarını işğal edib. Azərbaycan heç bir güzəştə getməyəcək. Azərbaycan xalqı məsələnin həllində ikili standartların mövcud olmasından da çox narahatdır. Bəzi dövlətlər tərəfindən Ermənistana olan dəstək bitməyincə, məsələnin həlli olmayacaq. Unutmaq lazım deyil ki, Ermənistan işğalçı dövlətdir.
Görüşdə Amerika Birləşmiş Ştatlarının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri cənab Reno Harniş iştirak etmişdir.