Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

16 Aprel 2004 00:01

Müdafiə Nazirliyinin məlumatı

Aprelin 16-da Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev Rumıniyanın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri cənab Nikolae Urekeni qəbul etmişdir.
Müdafiə naziri cənab N.Urekeni salamlayaraq onu Azərbaycana fövqəladə və səlahiyyətli səfir təyin edilməsi münasibətilə təbrik etmiş və səfirliyi dövründə Azərbaycan-Rumıniya əlaqələrinin yeni səviyyəyə qalxmasını arzulamışdır.  
General-polkovnik S.Əbiyev qeyd etmişdir ki, Azərbaycan-Rumıniya münasibətlərinin əsası Azərbaycan Respublikasının mərhum eks-prezidenti Heydər Əliyev və Rumıniyanın prezidenti cənab İon İlyesku tərəfindən qoyulmuş və hazırda bu münasibətlər arzuolunan səviyyədədir. Azərbaycan-Rumıniya hərbi əməkdaşlığının səviyyəsi də yaxşı vəziyyətdədir. Bu əməkdaşlıq Azərbaycan Respublikasının Müdafiə nazirinin Rumıniyaya və Rumıniyanın Müdafiə nazirinin Azərbaycana səfərlərindən sonra daha da möhkəmlənmişdir.
Səfir N.Ureke səmimi qəbul və təbrik üçün general-polkovnik S.Əbiyevə təşəkkür edərək iki dövlətin siyasi münasibətlərinin yaxşı vəziyyətdə olması ilə razılaşmışdır. O, qeyd etmişdir ki, lakin iqtisadi münasibətlərimiz siyasi münasibətlərin səviyyəsinə uyğun deyil. O, demişdir: “Rumıniya dövləti artıq NATO-nun üzvüdür. Bu üzvlük Rumın cəmiyyəti üçün yeni status deməkdir. Rumıniya öz milli təhlükəsizliyini bundan sonra daha da inamla təmin edəcəkdir. Rumın xalqının növbəti arzusu Avropa İttifaqına üzv olmaqdır”.
Sonra o, Rumıniyanın NATO üzvülüyünə qədər keçdiyi mərhələlər haqqında məlumat vermişdir. O, qeyd etmişdir ki, bunun üçün əsas kriterilərdən biri orduda aparılan əsaslı islahatlardır.
Səfir N.Ureke Rumıniya Silahlı Qüvvələri bölmələrinin beynəlxalq terrorizmlə mübarizədə iştirakı barəsində Müdafiə nazirinə məlumat vermişdir.
General-polkovnik S.Əbiyev Rumıniyanın NATO üzvülüyünə qəbul edilməsi münasibətilə rumın xalqını və dövlətini təbrik etmişdir. O, səfirlə Cənubi Qafqaz regionunda mövcud olan hərbi-siyasi vəziyyət, Ermənistan-Azərbaycan münaqişəsinin səbəbləri və nəticələri haqqında fikir mübadiləsi aparmışdır. Qeyd etmişdir ki, Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərində külli miqdarda hərbi texnika, silah və sursat yerləşdirməklə Avropada Adi Silahlı Qüvvələr haqqında müqaviləni pozur. Bu Azərbaycanın milli təhlükəsizliyinə ciddi təhdiddir ki, bu da iri iqtisadi layihələrin həyata keçirilməsinə böyük təhlükə yaradır. O, demişdir: “Azərbaycan terrorun və separatçılığın əleyhinədir. Azərbaycan antiterror əməliyyatlarında iştirak edir. Azərbaycan Silahlı Qüvvələrinin bölmələri Kosovoda, Əfqanıstanda və İraqda öz sülhməramlı missiyasını ləyaqətlə yerinə yetirir və bundan sonra da yetirəcəkdir”.
Sonra tərəflər Azərbaycan-Rumıniya Müdafiə Nazirlikləri arasında əməkdaşlıq məsələlərini müzakirə etmişlər.