Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

16 Aprel 2004 00:00

Müdafiə Nazirliyinin məlumatı

Həmin gün Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev ABŞ Milli Müdafiə Universitetinin professorları Yücen Rumeri və Ceffri Saymonu qəbul etmişdir.
Müdafiə naziri qonaqları salamlayaraq qeyd etmişdir ki, Amerika dövlətinin nümayəndələri ilə tez-tez görüşlərimiz ənənə şəklini almışdır. Bu o deməkdir ki, Azərbaycan və ABŞ dövlətləri arasında fəal əməkdaşlıq başlamışdır. Müdafiə naziri kimi arzu edərdim ki, bizim hərbi sahədə də əməkdaşlığımız daha sürətlə inkişaf etsin.
Professorlar Y.Rumer və C.Saymon qəbul üçün Müdafiə nazirinə təşəkkür edərək qeyd etmişlər ki, onların əsas missiyası ABŞ dövlətinin digər dövlətlərlə hərbi münasibətlərinin gedişini müşahidə etmək və qiymətləndirmək, NATO-nun digər dövlətlərlə əlaqələrinin perspektivlərini tədqiq etmək, yeni risklərden necə çıxmaq yollarını araşdırmaq, təhlükəsizlik məsələlərində strateji istiqamətləri müəyyən etmək və s. ibarətdir.
Onlar bu baxımdan Azərbaycanın ABŞ və NATO ilə münasibətlərinin gələcəyi ilə maraqlanmışlar.
General-polkovnik S.Əbiyev Cənubi Qafqaz regionunda hərbi-siyasi vəziyyət, Ermənistan-Azərbaycan münaqişəsinin nəticələri, Azərbaycan-ABŞ və Azərbaycan-NATO münasibətləri barədə qonaqlarla fikir mübadiləsi etmişdir. O, demişdir: “Bizim əsas məqsədimiz Avropanın tehlükəsizlik strukturlarına inteqrasiyadan, NATO ilə fəal əməkdaşlıq etməkdən, digər dövlətlərlə, birinci növbədə ABŞ-la ikitərəfli əməkdaşlıqdan ibarətdir. 11 sentyabr hadisələrindən sonra Azərbaycan beynəlxalq terrorizmlə mübarizə məsələsində ABŞ-ı birincilər sırasında dəstəkləmişdir.
Azərbaycan dövlətinin qarşısında duran birinci vəzifə isə torpaqlarını Ermənistanın işğalından azad etməkdir.
Bizə təklif edirlər ki, Ermənistanla danışıqlar aparıb onunla razılığa gələk. İşğalçı ilə razılığa gəlmək ideyası mənasızdır. Biz bunu işğalçı Ermənistanı dəstəkləmək kimi qiymətləndiririk. Münaqişənin həlli üçün beynəlxalq qanunlar mövcuddur və bu qanunlar dövlətlərin ərazi bütövlüyünü təmin etməyə xidmət edir. Beynəlxalq ictimaiyyət işğalçı Ermənistandan Azərbaycan torpaqlarını boşaltmağı tələb etməlidir.
BMT-nin Təhlükəsizlik Şurası Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarını qeyd-şərtsiz boşaltması haqqında qəbul etdiyi 4 qətnamənin tələblərini Ermənistan tərəfi yerinə yetirmir. Arzu edərdik ki, bu gün ABŞ dövləti də bu qətnamələrin tələblərinin yerinə yetirilməsini Ermənistandan qətiyyətlə tələb etsin.
Bəzi dövlətlər bu məsələnin həllinə ikili standartlarla yanaşırlar. Belə yanaşma həmin dövlətlərin imicinə mənfi təsir edir”.
Sonra general-polkovnik S.Əbiyev Azərbaycanın regiondakı strateji mövqei, Azərbaycan Silahlı Qüvvələrində aparılan islahatlar, o cümlədən Azərbaycan zabitlərinin NATO standartlarına uyğun proqramla hazırlanması və digər sahələrdə aparılan islahatlar barəsində qonaqlarla fikir mübadiləsi etmişdir.
O, demişdir: “Lakin Ermənistan-Azərbaycan münaqişəsi islahatların var-gücü ilə aparılmasına maneçilik törədir. Biz Ermənistanla müharibə vəziyyətindəyik. Buna baxmayaraq NATO standartlarına keçid prosesi davam edir. Azərbaycan eyni zamanda NATO-nun “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində NATO üzvü və tərəfdaş dövlətlərlə də ikitərəfli əməkdaşlıq edir. Azərbaycan Rumıniya, Litva, Bolqarıstan və digər dövlətlərlə ikitərəfli əməkdaşlıq haqqında müqavilələr imzalamışdır”.
General-polkovnik S.Əbiyev qonaqları maraqlandıran digər suallara cavab vermişdir.
Görüşdə iştirak edən Amerika Birləşmiş Ştatlarının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri cənab Reno Harniş demişdir: “ABŞ Azərbaycanla təhlükəsizlik sahəsində əməkdaşlığına böyük önəm verir”.
General-polkovnik S.Əbiyev cavab olaraq demişdir: “Biz ABŞ-ı dəstəkləmişik və bundan sonra da dəstəkləyəcəyik”.