Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

13 Aprel 2004 00:00

Müdafiə Nazirliyinin məlumatı

Aprelin 13-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev Corc Marşall adına Təhlükəsizlik Məsələləri üzrə Avropa Mərkəzinin direktoru doktor Con Rouzu qəbul etmişdir.
Müdafiə naziri qonağı salamladıqdan sonra Azərbaycan zabitlərinin Marşall Mərkəzində təhsil aldıqlarına və mütəxəssis kimi yetişdirildiklərinə görə ona öz təşəkkürünü bildirmişdir. O, qeyd etmişdir ki, biz öz zabitlərimizi  Marşall Mərkəzinə 1996-cı ildən göndəririk. İndiyədək Mərkəzdə Azərbaycandan 40 nəfər zabit təhsil almışdır. Bu Mərkəz Azərbaycan Respublikası kimi gənc dövlətlərə xüsusilə lazımdır.
Doktor C.Rouz səmimi qəbul üçün Müdafiə nazirinə təşəkkür edərək  qeyd etmişdir ki, Marşall Mərkəzinin əhəmiyyəti barəsində sizinlə fikir mübadiləsi etmək mənim üçün fəxr və şərəfdir. O, Azərbaycandan Marşall Mərkəzinə hazırlıqlı zabitlərin göndərildiyinə görə general-polkovnik S.Əbiyevə təşəkkür etmişdir.
Doktor C.Rouz Mərkəzin təyinatı, strukturu, fəaliyyəti və tədris prosesi haqqında Müdafiə nazirinə ətraflı məlumat vermişdir. O, demişdir: “Hazırda Marşall Mərkəzində 31 ölkədən 200 nəfər dinləyici təhsil alır ki, onların 9 nəfəri Azərbaycandandır. Demək olar ki, Cənubi Qafqaz regionu və digər regionların üzləşdiyi bütün məsələlər Marşall Mərkəzində öyrənilir. Biz burada müxtəlif problemlərin həlli üzrə konfranslar, seminarlar və kurslar da keçiririk”.
General-polkovnik S.Əbiyev Cənubi Qafqaz regionunda mövcud olan problemlər barəsində qonaqla fikir mübadiləsi etmişdir. O, demişdir: “Azərbaycanın ən böyük problemi torpaqlarının 20 faizinin Ermənistanın işğalı altında olması və bir milyondan artıq qaçqın və köçkünün ağır şəraitdə yaşamasıdır”.
Sonra o, qeyd etmişdir ki, Azərbaycan NATO ilə “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində ən fəal əməkdaşlıq edən dövlətlərdən biridir. Biz Azərbaycanı NATO-ya yaxınlaşdıran bütün tədbirləri həyata keçiririk. Azərbaycan eyni zamanda qərb dövlətləri, birinci növbədə Amerika Birləşmiş Ştatları ilə iqtisadi sahədə fəal əməkdaşlıq edir.
Sonra o, Azərbaycanda həyata keçirilən iri iqtisadi layihələr haqqında qonağa məlumat vermişdir. O, demişdir: “Bu iri layihələrin təhlükəsizliyini təmin etmək qarşımızda duran birinci vəzifədir. Ermənistanın işğal etdiyi ərazilərdə isə külli miqdarda silah və sursat yerləşdirilmişdir ki, bu da döyüş əməliyyatlarının yenidən başlanması təhlükəsini yaradır.
İşğalçı Ermənistanın Azərbaycan torpaqlarını qeyd-şərtsiz boşaltması haqqında Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının 4 qətnaməsinin tələblərinə və Təhlükəsizlik Şurasının sədrinin bəyanatına baxmayaraq o, işğalçılıq iddialarından əl çəkmir.
Ermənistan və Azərbaycan NATO-nun “Sülh Naminə Tərəfdaşlıq” Proqramının iştirakçılarıdır. Hər iki dövlət bu proqrama daxil olarkən bir-birinin dövlət sərhədlərini və ərazi bütövlüyünü tanımaq barədə öhdəlik götürmüşlər. Lakin Ermənistan bu öhdəliyi də yerinə yetirmir. Təəssüflər olsun ki, NATO rəhbərliyi bu günə qədər bunu Ermənistandan soruşmayıb və onun Azərbaycan torpaqlarını işğal etməyinə qiymət verməyibdir. Hətta bəzi dövlətlər işğalçı Ermənistanı dəstəkləyir və biz də zaman keçdikcə bu qənaətə gəlirik ki, torpaqlarımızı güc vasitəsilə azad etməliyik”.
Doktor C.Rouz general-polkovnik S.Əbiyevə Azərbaycanın təhlükəsizlik məsələləri ilə bağlı ətraflı fikir mübadiləsi etdiyinə görə təşəkkür etmişdir.
Sonra tərəflər onları maraqlandıran digər məsələlərə toxunmuş və general-polkovnik S.Əbiyev qonağın suallarını cavablandırmışdır.
Görüşdə Amerika Birləşmiş Ştatlarının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri cənab Reno Harniş iştirak etmişdir.