Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

10 Aprel 2004 00:00

Müdafiə Nazirliyinin məlumatı

Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyevin rəhbərlik etdiyi nümayəndə heyəti aprelin 8 və 9-da Ukraynanın paytaxtı Kiyev şəhərində rəsmi səfərdə olmuşdur.
Müdafiə nazirini Kiyev şəhərinin “Borispol” hava limanında Ukrayna Müdafiə nazirinin müavini cənab İqor Timofeyev, Azərbaycan Respublikasının Ukraynadakı fövqəladə və səlahiyyətli səfiri cənab Tələt Əliyev və digər rəsmi şəxslər qarşılamışlar.
Ukraynanın Müdafiə Nazirliyində general-polkovnik S.Əbiyevin təntənəli qarşılanma mərasimi olmuşdur. Onun şərəfinə Ukrayna Silahlı Qüvvələrinin Fəxri Qarovulu düzülmüşdür.
General-polkovnik S.Əbiyev Ukraynanın Müdafiə naziri cənab Yevqeni Marçukla təkbətək görüş keçirmiş, sonra nümayəndə heyətlərinin geniş tərkibdə görüşü olmuşdur.
Görüş zamanı hər iki dövlətin Müdafiə Nazirlikləri arasında kadrların hazırlanması, hərbi-texniki əməkdaşlıq, müdafiə sənayesi, NATO-nun “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində və digər sahələrdə əməkdaşlıq məsələləri müzakirə edilmişdir.
General-polkovnik S.Əbiyev Ermənistan-Azərbaycan münaqişəsi, onun nəticələri və bu münaqişənin həllində işğalçı Ermənistanın destruktiv mövqe tutması haqqında görüş iştirakçılarına ətraflı məlumat vermişdir.
Nazirlər eyni zamanda Cənubi Qafqaz regionunda, Qara dəniz hövzəsi ölkələrində, İraqda və Əfqanıstanda mövcud olan hərbi-siyasi vəziyyət ətrafında fikir mübadiləsi etmişlər.  
Görüşün sonunda general-polkovnik S.Əbiyev Ukraynanın Müdafiə nazirini Azərbaycana rəsmi səfərə dəvət etmiş və cənab Y.Marçuk dəvəti qəbul etmişdir.
Həmin gün general-polkovnik S.Əbiyev Ukrayna Baş nazirinin müavini cənab Andrey Klyuyevlə və Ukrayna Ali Sovetinin sədri cənab Vladimir Litvinlə görüşlər keçirmişdir. Görüşlər zamanı Azərbaycan-Ukrayna əlaqələri müzakirə edilmişdir.
Görüşlərdə Azərbaycan Respublikasının Ukraynadakı fövqəladə və səlahiyyətli səfiri cənab Tələt Əliyev və Ukraynanın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri cənab Boris Aleksenko iştirak etmişlər.
Elə həmin gün general-polkovnik S.Əbiyev Şöhrət Parkında Naməlum Əsgərin məzarı önünə əklil qoymuşdur.
Səfərin ikinci günü general-polkovnik S.Əbiyev və nümayəndə heyəti Ukraynanın Çerniqov vilayətində “Desna” şəhər tipli qəsəbədə yerləşən, Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunları üçün kiçik mütəxəssislər hazırlayan Təlim Mərkəzi və onun atış poliqonları ilə tanış olmuşdur.