Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

6 Aprel 2004 00:00

Müdafiə Nazirliyinin məlumatı

Aprelin 6-da Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev Amerika Birləşmiş Ştatlarının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Reno Harnişi qəbul etmişdir.
Müdafiə naziri səfiri salamladıqdan sonra onunla bu günlərdə başa çatmış ABŞ-a səfərinin təəssüratı ilə bölüşmüşdür. O, Amerikanın Müdafiə naziri cənab D.Ramsfeldlə keçirdiyi görüş zamanı onun Dağlıq Qarabağ münaqişəsinin mərhələli həlli variantını dəstəklədiyindən və konqresmen Kert Veldonun Azərbaycanı dəstəkləyən “Kokos” işçi qrupunu yaratmasından məmnun olduğunu xüsusi vurğulamışdır.
General-polkovnik Səfər Əbiyev səfər zamanı keçirdiyi digər görüşlər haqqında da səfir R.Harnişlə fikir mübadiləsi etmiş və bütövlükdə səfərin yekunlarından razı qaldığını söyləmişdir. O, demişdir: “Azərbaycan Respublikasının Silahlı Qüvvələri ABŞ Silahlı Qüvvələri ilə əməkdaşlığı inkişaf etdirməyə həmişə hazırdır”.
Səfir R.Harniş general-polkovnik S.Əbiyevi ABŞ-a uğurlu səfəri münasibətilə təbrik etmişdir. O, qeyd etmişdir ki, bu səfər hər iki ölkənin milli maraqlarına xidmət etdiyi üçün faydalıdır.
Sonra o, Müdafiə nazirilə Amerika-Azərbaycan hərbi əlaqələrinin perspektivləri haqqında geniş fikir mübadiləsi etmişdir.
Tərəflər Azərbaycan Silahlı Qüvvələri bölmələrinin sülhməramlı əməliyyatlarda fəaliyyəti məsələsinə toxunarkən general-polkovnik S.Əbiyev vurğulamışdır ki, Azərbaycan tərəfi antiterror koalisiyasının üzvü kimi bu əməliyyatlarda iştirakını davam etdirmək məcburiyyətindədir və bu bölmələrin fəaliyyətini daim nəzarətdə saxlayır.
  Səfir R.Harniş Müdafiə nazirinin Amerikaya səfərinə bir daha münasibət bildirərək ABŞ Müdafiə naziri D.Ramsfeldin Ermənistan-Azərbaycan münaqişəsinin mərhələli həllini dəstəklədiyini təqdir edərək bildirmişdir ki, bu yaxınlarda ATƏT-in Dağlıq Qarabağ münaqişəsi üzrə Minsk qrupunun amerikalı həmsədri Rudolf Perina dəyişdiriləcək və onu səfir Stiven Men əvəz edəcəkdir. Biz inanırıq ki, o, danışıqlar prosesinə yeni nəfəs gətirəcəkdir.
Sonra tərəflər bu il Bakıda keçiriləcək “Kooperativ Best Effort-04” səhra təlimlərinin hazırlıq prosesi, Ermənistan-Azərbaycan münaqişəsinin həlli yolları ətrafında söhbət aparmışlar.
General-polkovnik S.Əbiyev demişdir: “Dağlıq Qarabağ məsələsinin həllində ədalət işğalçıya xidmət edə bilməz. Ədalət yalnız birdir: Azərbaycanın işğal olunmuş bütün torpaqları azad edilməlidir”.
Səfir R.Harniş cavab olaraq bildirmişdir ki, biz məsələnin danışıqlar yolu ilə uzunmüddətli həllinə nail olmaq istəyirik. Siz Vaşinqtondan qayıtdıqdan sonra bəyan etmisiniz ki, müharibə hər an başlaya bilər.
General-polkovnik S.Əbiyev demişdir: “Ermənistanda daxili vəziyyət çox gərgindir. Ermənistan dövlətinin rəhbərləri ölkənin daxilində vəziyyətə nəzarəti itirdikləri halda müharibəyə başlaya bilərlər. Bundan əlavə, onlar gecə-gündüz fikirləşirlər ki, Bakı-Tbilisi-Ceyhan neft kəmərinin inşasına necə maneçilik törətsinlər. Mən də Müdafiə naziri kimi bunları görür və ictimaiyyətə xəbərdarlıq edirəm. Biz dövlətimizin ərazi bütövlüyünü müdafiə etməyə həmişə hazır olmalıyıq”.