Aprelin 5-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev Türkiyə Respublikası Silahlı Qüvvələri Baş Qərargahı Tədris İdarəsinin rəisi diviziya generalı Cahangir Akşiti qəbul etmişdir.
Müdafiə naziri qonağı salamladıqdan sonra Türkiyədəki ictimai-siyasi vəziyyətlə, Türkiyə Silahlı Qüvvələrinin vəziyyəti ilə maraqlanmış və onun şəxsi heyətinə vətənə xidmət işində uğurlar arzulamışdır.
Diviziya generalı C.Akşit səmimi qəbul üçün general-polkovnik S.Əbiyevə təşəkkür edərək, Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah Rəisi ordu generalı Hilmi Özkökün salamlarını ona çatdırmışdır.
Görüş zamanı Azərbaycan-Türkiyə hərbi əməkdaşlığı haqqında ətraflı fikir mübadiləsi aparılmışdır. Diviziya generalı C.Akşit ordu quruculuğu sahəsində Türkiyənin Azərbaycana hər cür yardım göstərməyə hazır olduğunu bildirmişdir.
Görüşdə Türkiyə Respublikası Silahlı Qüvvələrinin Azərbaycan Respublikasındakı hərbi attaşesi briqada generalı Ömər Bayraklı iştirak etmişdir.