Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

28 İyul 2004 00:01

Müdafiə Nazirliyinin məlumatı

İyulun 28-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev Amerika Birləşmiş Ştatları Hərbi Hava Qüvvələrinin Avropadakı Komandanı general Robert Foqlesonqu qəbul etmişdir.
Müdafiə naziri qonağı salamladıqdan sonra Azərbaycan-Amerika əməkdaşlığının, o cümlədən hərbi sahədə əməkdaşlığın strateji xarakter daşıdığını vurğulayaraq demişdir ki, iri iqtisadi layihələrin həyata keçirilməsi və enerji resurslarının Avropaya nəqli məsələsində ABŞ Azərbaycanı tam dəstəkləyir.
General-polkovnik S.Əbiyev Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında külli miqdarda silah-sursat topladığı, terrorçu qruplar hazırladığı, narkotik maddələr becərdiyi və nəql etdiyi barədə qonağa məlumat vermişdir. O, demişdir: “Beynəlxalq terrorizmə qarşı koalisiyanın başında duran ABŞ bu barədə də öz qəti sözünü deməlidir.
Azərbaycan Respublikası durmadan inkişaf edir, müstəqilliyini möhkəmləndirir, Avropanın təhlükəsizlik strukturlarına inteqrasiya edir, NATO-nun “Sülh Naminə Tərəfdaşlıq” proqramında fəal iştirak edir və ABŞ-la əməkdaşlığını davam etdirir”.
General R.Foqlesonq qəbul üçün general-polkovnik S.Əbiyevə təşəkkür edərək Azərbaycana ilk səfərindən məmnun qaldığını söyləmişdir. O, demişdir: “Azərbaycan ABŞ-la çiyin-çiyinə beynəlxalq terrorizmlə mübarizə aparır. Buna görə sizə təşəkkür edirəm”.
Səfərinin məqsədini açıqlayan general R.Foqlesonq qeyd etmişdir ki, sizin Hərbi Hava Qüvvələri ilə yaxından tanış olmaq istəyirəm. İnanıram ki, ABŞ və Azərbaycan Hərbi Hava Qüvvələri arasında əməkdaşlıq mənim səfərimdən sonra daha da canlanacaqdır.
Sonra o, ABŞ-Azərbaycan və NATO-Azərbaycan münasibətləri haqqında Müdafiə naziri ilə fikir mübadiləsi etmişdir.
General-polkovnik S.Əbiyev qeyd etmişdir ki, Azərbaycan iki dövlətin Silahlı Qüvvələri arasında sıx əməkdaşlığın olmasını istəyir. O, demişdir: “Biz intensiv əməkdaşlığın tərəfdarıyıq”.
O, Ermənistan-Azərbaycan münaqişəsinin həlli yollarına toxunaraq demişdir: “ATƏT-in həmsədrləri bu məsələdə qətiyyətsiz hərəkət edir və gözləmə mövqei tutmuşlar... ABŞ da ATƏT-in həmsədrlərindən biridir. Təəssüf hissi ilə qeyd edirik ki, ABŞ Azərbaycana və Ermənistana eyni miqdarda yardım etmək fikrindədir. Hətta terrorçular hazırlayan Dağlıq Qarabağ separatçılarına da 5 milyon dollar miqdarında yardım etmək istəyir. Bizə deyirlər ki, məsələni özünüz həll edin, razılığa gəlin. İşğalçı dövlət ilə dil tapmaq çətindir. Əgər beynəlxalq ictimaiyyət və ABŞ dövləti qətiyyətlə desə ki, Ermənistan Azərbaycan torpaqlarını zəbt edən işğalçı dövlətdir, onda bu məsələ tezliklə öz həllini tapacaqdır.
Azərbaycan bir kvadrat metr topağını da düşmənə verməyə razı olmayacaqdır. Azərbaycan Ermənistanla ona görə danışıqlar aparır ki, o işğal etdiyi torpaqları azad etsin. On ildir bu proses davam edir. Lakin bir gün bunun sonu gələcək və Azərbaycan xalqı öz torpaqlarını azad edəcəkdir”.
Müdafiə naziri Ermənistan-Azərbaycan münaqişəsinin Cənubi Qafqaz regionundakı hərbi-siyasi situasiyaya neqativ təsir göstərdiyinə toxunaraq demişdir: “Regiondakı bütün münaqişələr Dağlıq Qarabağda baş verən təcavüzkar separatçılıq hərəkatından sonra başlamışdır. Bu münaqişələr görünməz tellərlə Dağlıq Qarabağda baş vermiş hərəkatla bağlıdır. Ermənistan-Azərbaycan münaqişəsi həll olunsa o biri münaqişələr də öz həllini tapacaqdır. Bu münaqişənin həll edilməməsi kimə sərfəlidir? Əlbəttə, Azərbaycan-ABŞ münasibətlərinin yaranmasına və möhkəmlənməsinə mane törətmək istəyən qüvvələrə. Onlar bu məqsədə təcavüzkar Ermənistan vasitəsilə çatmaq istəyirlər. Buradan yalnız bir nəticəyə gəlmək olar: ABŞ Ermənistana etdiyi yardımı özünə qarşı edir”.
General R.Foqlesonq cavab olaraq bildirmişdir ki, Cənubi Qafqaz regionunda həll edilməmiş ağır və qəliz məsələlərin mövcud olduğunu hiss edirəm. Lakin arzu edirəm ki, münaqişənin həllində Azərbaycan yalnız sülh yolunu seçsin. O, demişdir: “ABŞ və NATO Azərbaycanla təhlükəsizlik sahəsində əməkdaşlığı genişləndirmək niyyətindədir. Bunun üçün artıq zəmin yaranmışdır. Beynəlxalq terrorizmlə mübarizədə Azərbaycanın əsgər və zabitləri yüksək hərbi xidmətə nümunələri göstərirlər. Buna görə mən, Azərbaycan xalqını təbrik edirəm”.
Sonra tərəflər Azərbaycan və ABŞ dövlətlərinin milli maraqlarına aid bəzi məsələlər ətrafında fikir mübadiləsi etmişlər.
Görüşdə ABŞ-ın Azərbaycan Respublikasındakı Səfirliyinin müvəqqəti işlər vəkili cənab Ceyson Haylen iştirak etmişdir.