Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

16 İyul 2004 00:01

Müdafiə Nazirliyinin məlumatı

İyulun 16-da Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev ATƏT-in Minsk Qrupunun həmsədrləri cənab Stiven Mən (ABŞ), cənab Anri Jakolen (Fransa Respublikası) və cənab Yuri Merzlyakovu (Rusiya Federasiyası) qəbul etmişdir.
Müdafiə naziri qonaqları salamlayaraq demişdir ki, sizin regiona növbəti səfəriniz Ermənistan-Azərbaycan münaqişəsinin həlli istiqamətində işlərin davam etdirildiyini bir daha təsdiq edir. Ümid edirik ki, Minsk Qrupu həmsədrlərinin bölgəyə növbəti səfəri münaqişənin həllinə təkan verəcək və Azərbaycan torpaqlarının işğalı problemi nəhayət, sona çatacaqdır.
Cənab A.Jakolen Müdafiə nazirinə qəbula görə həmsədrlərin adından təşəkkür edərək bildirmişdir ki, biz danışıqların yeni mərhələsinə qədəm qoymuşuq və bu danışıqlar professional səviyyədə aparılır. Əgər tərəflər öz mövqelərində qalacaq və güzəştə getməyəcəklərsə münaqişənin həllində irəliləyiş olmayacaqdır.
O, söyləmişdir ki, Ermənistan-Azərbaycan Silahlı Qüvvələrinin təmas xəttində baş verən hər bir insident döyüş əməliyyatlarının başlanmasına səbəb ola bilər. Bunların qarşısı alınmalıdır.
General-polkovnik S.Əbiyev bu məsələyə münasibət bildirərək demişdir ki, mən kardinal üsul təklif edirəm. Ermənistan silahlı qüvvələri zəbt etdikləri Azərbaycan torpaqlarından geri çəkilməlidir. Üz-üzə dayanan iki düşmən qüvvənin fəaliyyətinə nəzarət etmək çox çətindir. Bunun üçün əsas səbəbi aradan qaldırmaq lazımdır. Səbəb isə işğaldır.
O, demişdir: “Münaqişənin tam həlli üçün BMT-nin Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin işğal etdikləri Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxması haqqında qəbul etdiyi dörd qətnamənin tələblərini yerinə yetirmək lazımdır. Nəhayət, ATƏT də bu barədə qərar qəbul etməlidir”.  
Cənab A.Jakolen ATƏT-in Minsk Qrupu həmsədrlərinin indiki mərhələdə münaqişəsinin həllində yeritdiyi siyasət barəsində general-polkovnik S.Əbiyevə ətraflı məlumat vermişdir.
General-polkovnik S.Əbiyev qeyd etmişdir ki, sizin missiyanız Ermənistan-Azərbaycan münaqişəsini həll etmək, tərəfləri razılığa gətirməkdir. Əgər Azərbaycan torpaqları işğal edilibsə, burada hansı razılıqdan söhbət gedə bilər? Bəziləri deyirlər ki, Azərbaycanın işğal edilmiş torpaqları və Dağlıq Qarabağ ayrı-ayrı anlayışlardır. Biz təkrar olaraq deyirik ki, Dağlıq Qarabağ da işğal edilmiş Azərbaycan ərazisidir. Biz bir qarış torpağımızı da düşmənə verməyəcəyik.
Sonra general-polkovnik S.Əbiyev işğal edilmiş ərazilərdə terrorçu qrupların hazırlanması barəsində qonaqlara məlumat vermişdir. O, demişdir: “Ermənistan işğal etdiyi torpaqlarda erməniləri yerləşdirir. Nə üçün ATƏT-in Minsk Qrupu buna reaksiya vermir?”.
Söhbətə qoşulan amerikalı həmsədr cənab S.Men qeyd etmişdir ki, ATƏT-in Minsk Qrupu bu münaqişəni həll etməyəcəkdir. Münaqişəni Azərbaycan və Ermənistan tərəfləri həll etməlidir. Minsk Qrupu isə buna yardım edəcəkdir.
General-polkovnik S.Əbiyev həmsədrlərə müraciət edərək demişdir: “Siz Ermənistan-Azərbaycan münaqişəsinin həllində hansı prinsipləri rəhbər tutursunuz, münaqişə tərəflərinə hansı prinsipləri təklif etmisiniz? Axı, bu prinsiplərin əsasını beynəlxalq hüquq təşkil etməlidir”.
Cənab A.Jakolen məsələyə münasibət bildirərək demişdir ki, sizdə münaqişənin həllinə çevik yanaşma prinsipi olmalıdır. Bizim burada kiçik rolumuz vardır: Silahlı Qüvvələrin təmas xəttində gərginliyi azaltmaq və atəşkəs rejiminə tam nail olmaq.
General-polkovnik S.Əbiyev qeyd etmişdir ki, tərəflər arasında atəşkəs rejimi haqqında Sazişin əldə olunmasına baxmayaraq, müharibə vəziyyəti hələ də qalmaqdadır. Müharibə bitməyib.
O, həmsədrlərə münaqişənin həllində hansı prinsipləri əsas götürdükləri haqqında verdiyi suala cavab almadığını xatırlatdıqda, rusiyalı həmsədr Y.Merzlyakov sualı cavablandırmağa cəhd etmişdir. O, demişdir: “Beynəlxalq hüquq normalarında münaqişələri həll etmək üçün sülh yolu, arbitraj yolu və s. vardır. Ermənistan-Azərbaycan münaqişəsinin həllində tərəflər ATƏT-i seçmişdir. ATƏT-in həmsədrləri kimi bizim də məqsədimiz münaqişənin həllini tənzimləməkdir. Biz tərəflərin qəbul etdiyi qərarları dəstəkləyəcəyik. Bu gün BMT-nin Təhlükəsizlik Şurasının münaqişə haqqında qəbul etdiyi qətnamələrin tələbləri yerinə yetirilməyə bilər. Onlar başqa şəraitdə qəbul edilib. Bu qətnamələrin tələblərinin yerinə yetirilməsinin vaxtı keçib. Bu gün münaqişəsinin həlli üçün yeni variantlar tapmaq lazımdır”.
General-polkovnik S.Əbiyev cavab olaraq demişdir: “Onların vaxtı keçməyib. Yuqoslaviyada, İraqda bu tələblər yerinə yetirilmişdir. Vaxt gələcək Ermənistan-Azərbaycan münaqişəsinin həllində də bu tələblər yerinə yetiriləcəkdir”.
Görüşün sonunda general-polkovnik S.Əbiyev həmsədrlərə demişdır: “Arzu edirəm ki, Ermənistan-Azərbaycan münaqişəsinin həlli atəşkəs rejiminin əldə olunmasının ikinci onilliyinə qalmasın. Atəşkəs rejiminin onbirinci ilində həll edilsin”.
Görüşdə ABŞ-ın və Fransa Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfirləri cənab Reno Harniş, cənab Roland Bertran və ATƏT-in hazırkı sədrinin Dağlıq Qarabağ üzrə şəxsi nümayəndəsi səfir Anjey Kaspşik iştirak etmişlər.