Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

9 İyul 2004 00:01

Müdafiə Nazirliyinin məlumatı

Bakıda rəsmi səfərdə olan Pakistan İslam Respublikasının Prezidenti cənab Pərviz Müşərrəf iyulun 9-da ona ayrılmış iqamətgahda Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyevi qəbul etmişdir.
Prezident P.Müşərrəf Müdafiə nazirini salamladıqdan sonra onunla Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevlə keçirdiyi unudulmaz görüşlərin təəssüratını bölüşmüşdür. O, qeyd etmişdir ki, biz Azərbaycanla siyasi, iqtisadi və müdafiə sferalarında əməkdaşlıq edirik.
General-polkovnik S.Əbiyev səmimi qəbul üçün Prezident P.Müşərrəfə təşəkkür etmiş və söyləmişdir ki, bizim xalqlarımız qardaşdır və biz həmişə bir yerdəyik. Siz düzgün qeyd etdiniz ki, bu gün Azərbaycan xalqı üçün Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsi birinci plandadır. Ermənistan bu məsələdə tarixi saxtalaşdırır və dünya ictimaiyyətini aldadır. Biz hansı yolla olursa-olsun, torpaqlarımızı işğalçılardan azad edəcəyik.
Sonra general-polkovnik S.Əbiyev müdafiə sahəsində Azərbaycan-Pakistan əməkdaşlığına toxunaraq Pakistan Ali Hərbi məktəblərində təhsil almaq üçün Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələrinə yaratdığı şəraitə görə Prezident P.Müşərrəfə təşəkkür etmişdir. O, qeyd etmişdir ki, bu əməkdaşlıq bu gün uğurla davam etdirilir və yaxınlarda Azərbaycan Respublikasının Prezidenti cənab İ.Əliyevin göstərişi ilə Pakistanda Azərbaycanın hərbi attaşesi təyin ediləcəkdir.
General-polkovnik S.Əbiyev Azərbaycanın iqtisadiyyatı sürətlə inkişaf  etdiyinə görə Qərb dövlətlərinin ona xüsusi diqqət yetirdiyini vurğulamış və Cənubi Qafqaz regionunda mövcud olan hərbi-siyasi vəziyyət barəsində Prezident P.Müşərrəfə məlumat vermişdir. O, demişdir: “Azərbaycanın və Pakistanın oxşar Dağlıq Qarabağ və Kəşmir problemleri vardır. Azərbaycan Prezidenti cənab İ.Əliyev Kəşmir məsələsində Pakistanı dəstəklədiyini açıq bəyan etmişdir”.
Görüşün sonunda Prezident P.Müşərrəf demişdir: “Mən Allaha minnətdaram ki, sizin zəngin iqtisadi bazanız var və Azərbaycan çiçəklənən bir məmləkətdir. Pakistan həmişə sizin tərəfinizdə olacaqdır. Biz sizin ehtiyaclarınıza bələdik, strateji və siyasi sferalarda sizə yardım edəcəyik. Sizə uğurlar və qələbə arzulayıram. Biz qələbəni bir yerdə bayram edəcəyik”.