Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

8 İyul 2004 00:01

Müdafiə Nazirliyinin məlumatı

İyulun 8-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi cənab Xeyki Talvityenin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etmişdir.
Müdafiə naziri qonaqları salamladıqdan sonra nümayəndə heyətinin tərkibinə daxil olan Fransa Respublikasının Azərbaycan Respublikasında yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri cənab Rolan Blatmanı bu münasibətlə təbrik etmişdir.
Sonra general-polkovnik S.Əbiyev nümayəndə heyətinə Cənubi Qafqazda Ermənistan dövlətinin yaranması, Ermənistan-Azərbaycan münaqişəsinin tarixi, səbəbləri və nəticələri haqqında ətraflı məlumat verərək demişdir: “1828-ci ildə çar Rusiyası tərəfindən Azərbaycanın İrəvan vilayəti ərazisində “erməni vilayəti” yaradıldıqdan sonra ermənilər zaman-zaman Azərbaycan torpaqlarını mənimsəyərək Ermənistan dövlətini yaratmışlar. Onların bu istiqamətdə sonuncu hərəkatı sovetlər birliyi dağıldıqdan sonra başlamış və Ermənistan öz havadarlarının yardımı ilə Dağlıq Qarabağ da daxil olmaqla Azərbaycan torpaqlarının 20 faizini işğal etmişdir”.
Müdafiə naziri davam edərək demişdir: “Azərbaycan Birləşmiş Millətlər Təşkilatının üzvüdür və bu təşkilat onu Azərbaycan Sovet Sosialist Respublikasının ərazi hüdudları çərçivəsində tanımışdır. BMT-nin Təhlükəsizlik Şurası Ermənistanın işğalçı qüvvələrinin Azərbaycan torpaqlarını işğal etməsi faktını təsdiq etməklə, onu dünya ictimaiyyətinə işğalçı dövlət kimi təqdim etmişdir.
Təəssüf olsun ki, dünya ictimaiyyəti Ermənistanı bu vaxta qədər açıq şəkildə işğalçı dövlət kimi elan etməmişdir. Lakin son zamanlar bu istiqamətdə fəallıq artmış və Avropa İttifaqı da bu münaqişənin həlli məsələsinə qoşulmuşdur. Biz inanırıq ki, Avropa İttifaqı və digər dövlətlər nəhayət, həqiqəti deyəcəklər.
Dağlıq Qarabağ və işğal edilmiş digər ərazilər Azərbaycan torpaqlarıdır. Azərbaycan xalqı bu işğalla barışmayacaq. Münaqişənin həlli ilə bağlı bütün vasitələr tükənərsə, son vasitəyə əl atılacaqdır. Ermənistan işğal etdiyi bütün torpaqları tezliklə tərk etməlidir”.
Cənab X.Talvitye qeyd etmişdir ki, doğurdan da Avropa İttifaqı Ermənistan-Azərbaycan münaqişəsinin həlli prosesinə qoşulub və ATƏT-in Minsk Qrupuna bu məsələdə yardım etmək istəyir. Bizə münaqişə haqqında birbaşa və obyektiv informasiya almaq vacibdir. Arzu edərdim ki, Siz hazırda Ermənistan-Azərbaycan Silahlı Qüvvələrinin təmas xəttində olan situasiyaya qiymət verəsiniz.
General-polkovnik S.Əbiyev cavab olaraq bildirmişdir ki, burada vəziyyət olduqca gərgindir. Müharibə şəraitində situasiya həmişə gərgin olur. Ermənistanın bugünkü rəhbərliyi təcavüzkar separatizm dalğasında hakimiyyətə gəlmişdir. Nə qədər ki, onlar hakimiyyətdədir bu münaqişə dondurulmuş şəkildə qalacaqdır. Ermənistanın daxilində vəziyyət gərginləşən kimi, qoşunların təmas xəttində də vəziyyət ağırlaşır. O, demişdir: “Açıq söyləmək lazımdır ki, Ermənistan Azərbaycan torpaqlarını işğal etmişdir”.
Sonra general-polkovnik S.Əbiyev Ermənistan tərəfindən işğal edilmiş Azərbaycan torpaqlarında külli miqdarda silah-sursatın və hərbi texnikanın toplandığı, bu ərazilərdə narkotik maddələrin yetişdirildiyi və nəqli, terrorçu qrupların hazırlanması haqqında qonaqlara məlumat vermişdir. O, demişdir: “Azərbaycanın hüquq-mühafizə orqanları tərəfindən bu ərazidə hazırlanmış 22 nəfər terrorçu mühakimə edilmişdir. Onlar beynəlxalq terrorçulardır”.
Müdafiə naziri Ermənistan işğalının Azərbaycanda Avropa dövlətlərinin və ABŞ-ın iştirakı ilə həyata keçirilən iri iqtisadi layihələrin təhlükəsizliyinə hədə olduğunu vurğulamışdır.
Cənab X.Talvitye ətraflı və obyektiv informasiya üçün Müdafiə nazirinə təşəkkür etmişdir.
General-polkovnik S.Əbiyev görüşün sonunda demişdir: “Nəzərə alın ki, Ermənistan-Azərbaycan münaqişəsinin həlli nə qədər uzansa, döyüş əməliyyatlarının başlanması ehtimalı o qədər yaxın olacaqdır”.