Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

5 İyul 2004 00:03

Müdafiə Nazirliyinin məlumatı

İyulun 5-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev Latviya Respublikası Müdafiə Nazirliyinin dövlət katibi cənab Edqars Rinkeviçsin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etmişdir.
Müdafiə naziri nümayəndə heyətini salamladıqdan sonra cənab E.Rinkeviçs qəbul üçün ona təşəkkür etmiş və Latviya Respublikası Müdafiə nazirinin salamlarını ona çatdırmışdır. O, qeyd etmişdir ki, Latviya və Azərbaycan Müdafiə Nazirlikləri ikitərəfli əməkdaşlıq istiqamətində ilk addımlarını atırlar.
General-polkovnik S.Əbiyev Azərbaycan və Latviya Müdafiə Nazirlikləri arasında əməkdaşlıq məsələsinə toxunaraq söyləmişdir: “Latviya NATO-nun tam hüquqlu üzvüdür. NATO üzvü olan dövlətin Müdafiə Nazirliyi ilə əməkdaşlıq etmək bizə sərfəlidir. NATO İstanbul sammitində gələcək planlarını açıqlamışdır. Şübhəsiz ki, bu, NATO üzvü və tərəfdaş dövlətlərlə əməkdaşlığı gücləndirəcəkdir”.
Cənab E.Rinkeviçs qeyd etmişdir ki, bizim NATO ilə əməkdaşlıq sahəsində maraqlı təcrübəmiz vardır. İnanıram ki, Azərbaycanın Müdafiə Nazirilyi ilə Saziş imzalandıqdan sonra bizim əlaqələrimiz daha da genişlənəcəkdir.
General-polkovnik S.Əbiyev Azərbaycan Silahlı Qüvvələrinin yaranması, hərbi təhsil müəssisələrinin yenidən qurulması və aparılan islahatlar haqqında qonaqla fikir mübadiləsi etmişdir. O, demişdir: “Azərbaycan on ildir NATO ilə “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində sıx əməkdaşlıq edir. Hazırda bizim Silahlı Qüvvələrimizin nümayəndələri dünyanın bir çox dövlətlərinin ali hərbi məktəblərində təhsil alırlar. Bu gün Azərbaycan ordusu Cənubi Qafqazda öz keçdiyi inkişaf yoluna görə ən təcrübəli ordudur”.
Müdafiə naziri Ermənistan-Azərbaycan münaqişəsinin həlli perspektivləri haqqında qonağın sualına cavab verərək qeyd etmişdir ki, münaqişə beynəlxalq hüquq normaları əsasında həll olunmalıdır. O, demişdir: “Münaqişə barəsində BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi vardır. ABŞ Dövlət Departamenti, Avropa Şurası, Avropa İttifaqı, Özbəkistan, Qazaxıstan və Ukrayna prezidentləri Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi barədə rəy söyləmişdir. İnanırıq ki, bu proses daha da genişlənəcək və ədalət qalib gələcəkdir. Azərbaycan dövlətinin münaqişənin həllində mövqeyi qətidir və o bir qarış torpağını da düşmənə güzəşt etməyəcəkdir”.
Sonra general-polkovnik S.Əbiyev Cənubi Qafqaz regionunda, cənab E.Rinkeviçs isə Baltikyanı regionda mövcud olan vəziyyət barəsində bir-birini məlumatlandırmışlar.