Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

30 Yanvar 2004 00:00

Müdafiə Nazirliyinin məlumatı

Yanvarın 30-da Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev Amerika Birləşmiş Ştatları Oklaxoma Ştatı Milli Qvardiyasının adyutant-generalı general-mayor Harri Vayattı və nümayəndə heyətini qəbul etmişdir.
Müdafiə naziri qonaqları salamlayaraq qeyd etmişdir ki, “Azadlığı Dəstəkləmə Aktı”na 907-ci düzəlişin müvəqqəti ləğvindən sonra bütün sahələrdə olduğu kimi hərbi sahədə də Azərbaycan-ABŞ əməkdaşlığı sürətlə inkişaf etməkdədir. Sizin bu səfəriniz isə iki dövlətin Müdafiə Nazirlikləri arasında yeni bir sahədə - mülki müdafiə istiqamətində əməkdaşlığa yol açır.
General H.Vayatt səmimi qəbul üçün təşəkkür edərək bildirmişdir ki,  mülki müdafiə hərbi hissələrində əsgərlərlə görüşüm zamanı onların fiziki cəhətdən sağlam və intizamlı olması məndə yüksək təəssürat yaratmışdır. Elə buna görə də təsadüfi deyildir ki, Azərbaycan Silahlı Qüvvələrinin Kosovo, Əfqanıstan və İraqda xidmət edən bölmələri yüksək göstəricilər əldə edirlər.
General-polkovnik S.Əbiyev Azərbaycan xalqının müstəqillik uğrunda mübarizə və Azərbaycan Silahlı Qüvvələrinin yaranma tarixi, Ermənistan-Azərbaycan münaqişəsinin kökləri və nəticələri haqqında, müstəqillik dövründə “Əsrin müqaviləsi”, “Traseka” və digər iqtisadi layihələrin həyata keçməsi, Azərbaycanın ABŞ və NATO ilə əməkdaşlığı, Avropanın təhlükəsizlik strukturlarına inteqrasiyası barəsində qonaqlara məlumat vermişdir. O, demişdir: “Bütün bunlar o deməkdir ki, Azərbaycan qərblə daha sıx bağlanır. Azərbaycan bu yolda təzyiqlərlə üzləşsə də, müstəqillik yolu ilə inamla irəliləyir”.
General-mayor H.Vayatt demişdir: “Mən çox şadam ki, ABŞ-ın Oklaxoma Ştatı Azərbaycanın tərəfdaşıdır. ABŞ-ın Müdafiə naziri cənab Donald Ramsfeldin Azərbaycana səfəri çox əhəmiyyətli idi. Bu, ABŞ-ın Azərbaycana nə qədər böyük əhəmiyyət verdiyinə sübutdur. Bu səfər eyni zamanda ABŞ üçün də əhəmiyyətlidir”.
Sonra general-polkovnik S.Əbiyev qonaqları Azərbaycanın tarixi, qədim mədəniyyəti, zəngin təbiəti və neft sənayesi tarix ilə tanış etmişdir. O, demişdir: “Bu gün isə Azərbaycanın əsas problemi işğal edilmiş torpaqları azad etmək və Ermənistan-Azərbaycan müharibəsini qurtarmaqdır. Ondan sonra Azərbaycan-ABŞ əməkdaşlığı daha da genişlənəcək və sıxlaşacaqdır”.
General-mayor H.Vayatt demişdir: “Sizinlə tam razıyam. Bu, mütləq olacaqdır. Sizin gözəl məmləkətiniz azad olmaya bilməz”.
Görüşdə Amerika Birləşmiş Ştatları Silahlı Qüvvələrinin Azərbaycan Respublikasındakı hərbi attaşesi polkovnik-leytenant Brendan Makalun iştirak etmişdir.