Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

28 Yanvar 2004 00:00

Müdafiə Nazirliyinin məlumatı

Yanvarın 28-də Azərbaycan Respublikasının Müdafıə naziri general-polkovnik Səfər Əbiyev Amerika Birləşmiş Ştatları Silahlı Qüvvələri Avropa Komandanlığının Plan və Siyasət üzrə direktor müavini kontr-admiral Robin Qudvini və nümayəndə heyətini qəbul   etmişdir.
Müdafiə naziri qonaqları salamlayaraq qeyd etmişdir ki, biz ABŞ  Silahlı Qüvvələri nümayəndə heyətinin Azərbaycana gəlişindən çox məmnunuq. Çünki bu səfərlər Azərbaycanın NATO və ABŞ ilə  əməkdaşlığının daha da sıxlaşmasına şərait yaradır.
Kontr-admiral R.Qudvin səmimi qəbul üçün general-polkovnik S.Əbiyevə təşəkkür edərək bildirmişdir ki, bu mənim ölkənizə ilk səfərimdir, lakin inanıram ki, buraya yenə də gələcəyəm. O, demişdir: “Azərbaycan Respublikasının qlobal terrorizmə qarşı mübarizə proqramlarında, xüsusilə İraqdakı əməliyyatlarda iştirakına görə onun dövlət rəhbərliyinə minnətdarıq. ABŞ dövlətinin və hökümətinin rəhbərliyi Azərbaycanın bu xeyirxah işlərindən yaxşı xəbərdardır. Elə buna görə də  mən Qafqaz regionunda ilk səfərimi Azərbaycana etmişəm. Səfərimin məqsədi Amerika-Azərbaycan və NATO-Azərbaycan əməkdaşlığının   davam etdirilməsini təmin etməkdir”.
Sonra tərəflər Azərbaycan-ABŞ və Azərbaycan-NATO əməkdaşlığının gələcək perspektivləri haqqında geniş fikir mübadiləsi etmişlər. Onlar Cənubi Qafqaz regionunda kütləvi qırğın silahlarının və narkotiklərin yayılmasına qarşı mübarizə proqramında birgə fəaliyyətin davam etdirilməsini təqdir etmişlər.     
General-polkovnik S.Əbiyev demişdir: “Bu proqramlar Azərbaycan dövlətinin ümummilli təhlükəsizlik platformasına uyğun olduğundan bizi qane edir. Biz bu istiqamətdə ABŞ və NATO ilə əlaqələrimizi davam etdirməyə həmişə hazırıq”.
Kontr-admiral R.Qudvin cavab olaraq demişdir ki, biz sizin ölkəniz qarşısında beynəlxalq terrorizmə qarşı mübarizadə müəyyən öhdəliklər götürmüşük və bu öhdəlikləri yerinə yetirmək üçün əməkdaşlığımızı davam etdirməyə hazırıq.
General-polkovnik S.Əbiyev regionda mövcud olan hərbi-siyasi vəziyyətlə qonaqları tanış etdikdən sonra onları maraqlandıran suallara cavab vermişdir.
Görüşdə Amerika Birləşmiş Ştatları Silahlı Qüvvələrinin Azərbaycan Respublikasındakı hərbi attaşesi polkovnik-leytenant Brendan Makalun iştirak etmişdir.