Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

19 Yanvar 2004 00:00

Müdafiə Nazirliyinin məlumatı

Yanvarın 19-da Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev Bolqarıstan Respublikasının Azərbaycan Respublikasındakı müvəqqəti İşlər Vəkili cənab İvan Palçevi və hərbi attaşesi Nikolay Stoitsevi qəbul etmişdir.
Müdafiə naziri səfir İvan Palçevi Azərbaycanda Müvəqqəti İşlər Vəkili təyin edilməsi münasibətilə təbrik etmiş və Azərbaycan-Bolqarıstan diplomatik münasibətlərinin uğurla inkişaf etdirilməsini arzulamışdır.
General-polkovnik S.Əbiyev qeyd etmişdir ki, Azərbaycan-Bolqarıstan münasibətlərinin əsası 1995-ci ildə mərhum Prezident Heydər Əliyevin Bolqarıstana səfəri zamanı qoyulmuşdur.
İki dövlətin Müdafiə nazirlikləri arasında əlaqələr isə Azərbaycan Respublikası Müdafiə nazirinin 2002-ci ildə Sofiyaya səfəri ilə  və Bolqarıstanın Müdafiə naziri cənab Nikolay Svinarovun 2003-cü ildə Bakıya səfəri ilə davam etdirilmişdir.
General-polkovnik S.Əbiyev Azərbaycan dövlətinin 13 il ərzində müstəqillik yollarında əldə etdiyi uğurlar barəsində qonağa məlumat vermişdir. O demişdir: “Azərbaycan qərb dövlətlərinə inteqrasiya siyasətini davam etdirir. Lakin Ermənistan dövlətinin Azərbaycan torpaqlarını zəbt etməsi Qafqaz regionunda gərginlik yaradır.
Azərbaycan iqtisadiyyatı inkişaf etməkdədir. Hazırda Bakı-Novorossiysk və Bakı-Supsa neft kəməri işləyir. Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəməri və Bakı-Tbilisi-Ərzurum qaz kəməri layihələri həyata keçdikdən sonra Azərbaycan dövlətinin müstəqilliyi daha da möhkəmlənəcəkdir”.
Səfir İ.Palçev səmimi qəbul üçün general-polkovnik S.Əbiyevə  təşəkkür edərək söyləmişdir ki, bir xalq olaraq bolqar və Azərbaycan xalqları bir-birlərinə çox bənzəyirlər. Buna görə də mən Bakıda özümü çox rahat hiss edirəm. Mənə yaxşı məlumdur ki, Ermənistan-Azərbaycan müharibəsi Azərbaycanın əsas problemidir və onun həlli istiqamətində çox işlər görülsə da, bir nəticə əldə edilməmişdir. Artıq sözdən işə keçmək vaxtıdır. Güman edirəm ki, Bolqarıstanın ATƏT-ə sədrliyi dövründə o çalışacaq ki, bu məsələnin həllində nəzərə çarpacaq irəliləyişlər olsun. Dövlətlərimiz arasında yaxşı dostluq əlaqələri vardır. 10 illik diplomatik əlaqələrimiz dövründə 14 müqavilə imzalamışıq.
Bolqarıstan Respublikası bu il İstanbul Sammitində NATO-ya daxil olacaqdır. Qeyd etməliyəm ki, iki dövlətin Müdafiə Nazirlikləri arasında daha səmərəli  əməkdaşlıq yaranmışdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev məni qəbul edərkən o, bu əlaqələrlə çox yaxından maraqlandı.
General-polkovnik S.Əbiyev bildirmişdir ki, ordu quruculuğunda hər iki dövlət mürəkkəb yol keçmişdir. İndi də problemlər mövcuddur. Ermənistan-Azərbaycan münaqişəsinin həll edilməməsi isə onları daha da mürəkkəbləşdirir. Beynəlxalq ictimaiyyətin Ermənistana ikili standartla yanaşması və Azərbaycana ədalətsiz münasibəti Ermənistanı BMT-nin qəbul etdiyi 4 qətnamənin tələblərini yerinə yetirməməyə sövq edir. Bu vəziyyət Azərbaycanı münaqişənin həllində hərbi yola əl atmağa məcbur  edə bilər. Güman edirəm ki, Bolqarıstan dövləti də Ermənistan-Azarbaycan münaqişəsinin həllində öz payını verəcəkdir.
Görüşün sonunda səfir İ.Palçev Bolqarıstan Respublikasının   Müdafiə naziri cənab N.Svinarovun Bolqarıstana rəsmi səfər haqqında dəvət məktubunu genaral-polkovnik S.Əbiyevə təqdim etmişdir.