Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

12 Yanvar 2004 00:01

Müdafiə Nazirliyinin məlumatı

Yanvarın 12-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev Pakistan İslam Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri cənab Məhəmməd Hafizi qəbul etmişdir.
Müdafiə naziri qonağı salamlayaraq onu Azərbaycan Respublikasında səfir təyin edilməsi münasibətilə təbrik etmiş və iki dövlətin əlaqələrinin uğurla inkişaf etdirilməsini arzulamışdır. O, qeyd etmişdir ki, Azərbaycan-Pakistan əlaqələrinin təməli Azərbaycan və Pakistan Prezidentlərinin 1995-1996-cı illərdə Bakıda və İslamabadda keçirilən görüşləri zamanı qoyulmuşdur. Azərbaycan və Pakistan arasında bir neçə sahədə saziş imzalanmışdır. 2000-ci ildə mərhum Prezident Heydər Əliyev Tehranda İslam Konfransı Təşkilatının iclası zamanı Pakistan Prezidenti cənab Pərviz Müşərrəflə görüşmüş, iki dövlət arasında əməkdaşlığın perspektivləri haqqında geniş fikir mübadiləsi etmişlər. Azərbaycan və Pakistan Silahlı Qüvvələri arasında da əlaqələr yaranmış və ilbəil inkişaf etməkdədir.
Səfir Məhəmməd Hafiz qəbul üçün general-polkovnik S.Əbiyevə təşəkkür edərək bildirmişdir ki, mən 2003-cü ilin noyabr ayından Bakıda fəaliyyətə başlamışam. Bu müddət ərzində Azərbaycan xalqı tərəfındən Pakistan xalqına və dövlətinə yalnız məhəbbət hissləri duymuşam. Mən bir səfir olaraq Pakistan-Azərbaycan ikitərəfli əlaqələrinin yüksək səviyyədə olduğunu qeyd etmək istəyirəm. Elə bir regional və beynəlxalq problem yoxdur ki, orada iki dövlətin fikirləri üst-üstə düşməsin. Biz bu yaxınlarda Pakistan İslam Respublikasının Prezidenti Pərviz Müşərrəfın Azərbaycana rəsmi səfərini gözləyirik. Bu səfər Pakistan-Azərbaycan münasibətlərinin inkişafında yeni mərhələnin başlanğıcı olacaqdır.
Müdafiə sahəsində də iki dövlətin əməkdaşlığı arzuolunan səviyyədədir. Mən etimadnaməni cənab Prezident İlham Əliyevə təqdim etdiyim zaman o, Azərbaycan-Pakistan hərbi əlaqələrinin vəziyyətinə xüsusi diqqət yetirmişdir.
General-polkovnik S.Əbiyev cavab olaraq söyləmişdir ki, Azərbaycanla Pakistan arasında Müdafiə və hərbi əməkdaşlıq  haqqında Saziş imzalanmışdır. Əməkdaşlığımız  həmin Sazişlə tənzimlənir.
O, demişdir: “Prezident Pərviz Müşərrəfin Azərbaycana səfərini biz də gözləyirik. Azərbaycanın Pakistan xalqına və Prezident Pərviz Müşərrəfə böyük münasibəti vardır. Əminəm ki, Azərbaycan-Pakistan əlaqələri bundan sonra da uğurla inkişaf edəcəkdir”.
Yanvarın 13-dən 15-dək Bakıda NATO-nun “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində “Kooperativ Best Efford-2004” səhra təlimlərinin ilkin  planlaşdırma konfransı keçiriləcəkdir.
Konfransda NATO üzvü olan Amerika Ştatları, Böyük Britaniya, Kanada, Macarıstan və Türkiyə Respublikası; tərəfdaş olan Azərbaycan Respublikası, Avstriya, Rumıniya, Bolqarıstan, Slovakiya, Makedoniya, Xorvatiya, İsveçrə, Litva, Gürcüstan, Qazaxıstan, Özbəkitan, Belarus, Moldova və Ermənistan dövlətlərinin, NATO-nun Brüssel, Madrid və Neapoldakı qərargahları, eyni zamanda, Beynəlxalq Qırmızı Xaç Komitəsi nümayəndələrinin iştirakı gözlənilir.
Konfrans “Hyatt Regency” otelinin Quba zalında keçiriləcəkdir.