Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

2 Yanvar 2004 00:00

Müdafiə Nazirliyinin məlumatı

Yanvarın 2-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev Amerika Birləşmiş Ştatlarının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri cənab Reno Harnişi qəbul etmişdir.
General-polkovnik S.Əbiyev qonağı salamladıqdan sonra Cənubi Qafqaz regionunda mövcud olan hərbi-siyasi vəziyyətin gərgin olduğunu vurğulamış və Azərbaycanın ABŞ-la çiyin-çiyinə beynəlxalq terrorizmlə mübarizə apardığını xüsusi qeyd etmişdir.
O, demişdir: “Qafqaz regionunda situasiyanın mürəkkəb olması Azərbaycanın əsas problemi olan Dağlıq Qarabağ münaqişəsinin həllini yubadır. Bu problemin öz həllini tapmaması isə müəyyən qüvvələr tərəfindən Azərbaycana qarşı təzyiq vasitəsi kimi istifadə edilir. İnanıram ki, nəhayət, ABŞ fəal şəkildə Dağlıq Qarabağ probleminin həllinə başlayacaqdır. Bundan sonra əməkdaşlığımız daha da fəallaşacaq və yeni vüsət alacaqdır. Lakin Ermənistan-Azərbaycan münaqişəsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dediyi kimi, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır. Bu gün imzalayacağımız saziş Azərbaycan Respubliıkası və ABŞ arasında əməkdaşlığın daha da sıxlaşmasına nümunədir”.
Səfir R.Harniş qəbul üçün general-polkovnik S.Əbiyevə minnətdarlıq edərək, Azərbaycanın sülhməramlı bölmələrinin Əfqanıstanda və İraqda beynəlxalq terrorizmə qarşı mübarizədə iştirakına görə təşəkkürünü bildirmişdir. O, bu istiqamətdə Azərbaycanın fəaliyyətinin daha da genişlənəcəyinə ümid bəslədiyini vurğulayaraq qeyd etmişdir ki, bu gün imzalayacağımız saziş əlaqələrimizi daha da gücləndirəcəkdir.
Sonra o, ABŞ və Azərbaycan Respublikası arasında əməkdaşlıq ətrafında geniş fikir mübadiləsi etmiş və bunların ABŞ-Azərbaycan strateji müttəfıqliyinə sübut olduğunu qeyd etmişdir. O, demişdir: “Mən fəxr edirəm ki, ABŞ dövləti tərəfindən bu günkü sazişə imza atacağam”.
General-polkovnik S.Əbiyev cavab olaraq demişdir: “Biz ABŞ-la hərbi əməkdaşlığın inkişafının tərəfdarıyıq. Ancaq elə olmasın ki, bu əməkdaşlıq fonunda Dağlıq Qarabağ məsələsinin həlli diqqət mərkəzindən kənarda qalsın. Bizim ABŞ-la geniş əməkdaşlığımıza mənfi təsir edən Dağlıq Qarabağ probleminin həll edilməməsidir. Bu problemin tezliklə həll edilməsi bizim əməkdaşlığımızı daha da asanlaşdırar və müəyyən dövlətlərin onun həll olunmamasından Azərbaycana qarşı təzyiq vasitəsi kimi istifadə etməsinə imkan verməz”.
Səfir R.Harniş Müdafiə nazirilə razılaşdığını bildirərək qeyd etmişdir ki, ABŞ dövləti Dağlıq Qarabağ məsələsinin Azərbaycan Respublikasının ərazi bütövlüyü çərçivəsində həllini dəstəkləyir və bu məsələnin həll edilməməsi Qafqazda əmin-amanlığın yaranmasına və Azərbaycan dövlətinin milli təhlükəsizliyinə böyük maneədir. Arzu edirəm ki, bu məsələ tezliklə öz həllini tapsın və ABŞ bu istiqamətdə öz fəallığını artırmalıdır.
Görüşün sonunda  “Azərbaycan Respublikasının Nazirlər Kabineti və ABŞ-ın Müdafiə Nazirliyi arasında kütləvi qırğın silahlarının yayılmasının qarşısının alınmasında əməkdaşlığa dair”  saziş imzalanmışdır. Sazişi Azərbaycan tərəfdən general-polkovnik S.Əbiyev, ABŞ tərəfdən səfir R.Harniş imzalamışlar.