Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

27 May 2004 00:01

Müdafiə Nazirliyinin məlumatı

Mayın 26-da Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev Amerika Birləşmiş Ştatları Konqresinin Silahlı Qüvvələr Komitəsinin sədri Kurt Ueldonun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etmişdir.
General-polkovnik Səfər Əbiyev qonaqları salamlamış və son zamanlar Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında əlaqələrin güclənməsinin iki dövlətin arasında strateji əməkdaşlığın əlamətlərini müşahidə etməyə imkan verdiyini söyləmişdir.
Müdafiə naziri qeyd etmişdir ki, bu günlərdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev NATO ilə fərdi əməkdaşlığın fəaliyyət planını Brüsseldə NATO-nun Baş Katibinə təqdim etmişdir. O, demişdir: “Azərbaycan NATO ilə “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində və beynəlxalq terrorizmlə mübarizədə fəaliyyətini ABŞ ilə çiyin-çiyinə davam etdirir. Azərbaycan-Amerika iqtisadi əməkdaşlığı da uğurla inkişaf edir”.
General-polkovnik Səfər Əbiyev Ermənistan-Azərbaycan münaqişəsinin hazırkı durumuna toxunaraq qeyd etmişdir ki, Ermənistan Azərbaycanın toropaqlarını hələ də işğal altında saxlayır. O BMT Təhlükəsizlik Şurasının işğalçıların Azərbaycan torpaqlarını qeyd-şərtsiz tərk etmələri haqqında dörd qətnaməsini yerinə yetirmir. Bizi narahat edən odur ki, dünya ictimaiyyəti indiyədək Ermənistanı işğalçı dövlət adlandırmamışdır.
Konqresmen K.Ueldon qəbul üçün general-polkovnik S.Əbiyevə təşəkkür edərək öz həmkarlarını ona təqdim etmişdir. O, demişdir: “Beynəlxalq terrorizmlə mübarizədə Azərbaycan əsgərlərinin ABŞ əsgərləri ilə bir sırada olmasını biz yüksək qiymətləndiririk. Onlar yüksək hazırlıqlı hərbi qulluqçulardır. Buna görə biz Azərbaycan xalqına təşəkkür edirik”.
O, Azərbaycana növbəti səfərinin məqsədini açıqlayaraq demişdir ki, missiyamız Amerika-Azərbaycan hərbi əməkdaşlığını genişləndirməkdir. Biz Rusiya Federasiyasında danışıqlar apararkən təhlükəsizlik məsələlərində Azərbaycanın da necə böyük rol oynadığını onlara xatırlatdıq. Cənab K.Ueldon Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə toxunaraq vurğulamışdır ki, ABŞ bu istiqamətdə səylərin artırılması fikrindədir. O, demişdir: “Amerika Azerbaycanla əlaqələrini öz strateji müttəfiqi kimi davam etdirəcəkdir”.
Görüşdə iştirak edən digər konqresmenlər də beynəlxalq terrorizmlə mübarizədə Amerika xalqını dəstəklədiyinə görə Azərbaycan xalqına təşəkkür etmişlər. Onların fikri bu olmuşdur ki, Azərbaycanı Amerika ilə böyük və hərtərəfli əməkdaşlıq gözləyir.
General-polkovnik Səfər Əbiyev səmimi sözlər üçün konqresmenlərə təşəkkür etmiş və bildirmişdir ki, Azərbaycan geosiyasi vəziyyətinə görə dünyanın iri dövlətlərinin diqqətini özünə cəlb edir. O, demişdir: “Azərbaycan müstəqilliyinin ilk günlərindən qərbə, o cümlədən ABŞ-a inteqrasiyaya üstünlük verib. Bu seçim böyük iqtisadi layihələrin meydana gəlməsinə şərait yaratmışdır. Azərbaycan bu mövqeində möhkəm dayanmışdır”.
Sonra o, Cənubi Qafqaz regionunda mövcud olan hərbi-siyasi vəziyyət barəsində qonaqlara məlumat vermiş və fikrini yekunlaşdıraraq demişdir: “Bizim əsas məqsədimiz Azərbaycanın müstəqilliyini möhkəmləndirməkdir”.
Görüşün sonunda general-polkovnik Səfər Əbiyev Azərbaycan-Amerika hərbi əməkdaşlığı və digər sahələrdə qonaqları maraqlandıran suallara cavab vermişdir.
Görüşdə ABŞ-ın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri cənab Reno Harniş iştirak etmişdir.