Mayın 25-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev Amerika Birləşmiş Ştatlarının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri cənab Reno Harnişi qəbul etmişdir.
General-polkovnik Səfər Əbiyev səfiri salamlayaraq qeyd etmişdir ki, Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında sıx əməkdaşlığın yaranması bizi qane edir. Bu günlərdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Azərbaycan və NATO arasında fərdi əməkdaşlığın fəaliyyət planını Brüsseldə NATO-nun Baş Katibinə təqdim etmişdir.
Biz NATO-nun “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində bu ilin payızında Bakıda keçiriləcək “Kooperativ Best Effort-04” səhra təlimlərinə ciddi hazırlaşırıq. Azərbaycanın NATO strukturlarına inteqrasiyası uğurla davam etdirilir.
Qəbul üçün Müdafiə nazirinə təşəkkür edən səfir R.Harniş NATO ilə fərdi əməkdaşlığın fəaliyyət planının uğurla hazırlandığını qeyd etmişdir. O, demişdir: “Azərbaycan və NATO arasında əməkdaşlığın yeni fazası başlanmışdır. Azərbaycan dövlətinin imici beynəlxalq aləmdə günü-gündən artmaqdadır. Azərbaycan Silahlı Qüvvələri bölmələrinin Kosovoda, Əfqanıstanda və İraqda sülhməramlı fəaliyyəti onun beynəlxalq nüfuzunu artırır və inanıram ki, bu fəaliyyət Dağlıq Qarabağ məsələsinin həllinə də öz töhfəsini verəcəkdir”.
Sonra tərəflər Azərbaycan və Amerika arasında hərbi əməkdaşlıq, o cümlədən kütləvi qırğın silahlarının yayılmasına qarşı birgə mübarizə məsələləri ətrafında fikir mübadiləsi etmişlər.