Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

7 May 2004 00:01

Müdafiə Nazirliyinin məlumatı

Mayın 7-də Mərkəzi Zabitlər Evində Azərbaycan Respublikasının eks-prezidenti Heydər Əliyevin anadan olmasının 81 illik yubileyinə həsr edilmiş təntənəli mərasim keçirilmişdir.
Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev mərasimdə eks-prezident H.Əliyevin həyat fəaliyyəti haqqında geniş məruzə ilə çıxış etmişdir. O, demişdir: “Mərhum eks-prezident H.Əliyev tərəfindən həyata keçirilib Azərbaycan dövlətinin milli dirçəlişinə xidmət edən taleyüklü proqramların hər biri Azərbaycanın tarixində yeni mərhələlərdir. Azərbaycan dövlətinə və xalqına xidmət edən yaxşı nə vardırsa, H.Əliyev onun banisidir.
Biz bu gün mərhum eks-prezidentimiz, ümummilli lider, xalqımızın unudulmaz oğlu H.Əliyevin anım günündə onun müqəddəs xatirəsi önündə baş əyir və bildiririk ki, onun ideyalarına və böyük amallarına sadiq qalacağıq.
H.Əliyevin xalqımızın və dövlətimizin ümummilli mənafeinə tam uyğun yeritdiyi demokratik, sivil və hüquqi dövlət quruculuğu siyasəti bu gün onun ən ləyaqətli varisi və davamçısı Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Biz inanırıq ki, mərhum eks-prezident H.Əliyevin başladığı və əsasını qoyduğu, lakin sona çatdıra bilmədiyi əməlləri, o cümlədən Ermənistan-Azərbaycan münaqişəsinin həllini Prezident İ.Əliyev başa çatdıracaqdır.
Azərbaycan Respublikasının Silahı Qüvvələrinin şəxsi heyəti və rəhbərliyi Prezident İ.Əliyevin yeritdiyi siyasəti dəstəkləyir və onun hər bir əmrini yerinə yetirməyə hazırdır”.
General-polkovnik S.Əbiyev Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İ.Əliyevin göstərişinə əsasən mərhum eks-prezident H.Əliyevin fərmanları ilə mükafatlandırılmış Müdafiə Nazirliyinin həqiqi hərbi xidmətdə və ehtiyatda olan hərbi qulluqçularına, şəhid ailələrinin üzvlərinə “İgidliyə görə” və “Hərbi Xidmətlərə görə” medallarını təqdim etmişdir.
Eyni zamanda 1941-45-ci illərin Böyük Vətən Müharibəsi veteranlarının bir qrupu faşizm üzərində Qələbənin 59-cu ildönümü münasibətilə Müdafiə Nazirliyinin qiymətli hədiyyələri ilə mükafatlandırılmışdır.
Tədbirin sonunda Azərbaycan incəsənət xadimlərinin iştirakı ilə bədii proqram olmuşdur.