Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

29 Avqust 2004 00:01

Müdafiə Nazirliyinin məlumatı

Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik S.Əbiyev Belarus Respublikasının Müdafiə naziri general-polkovnik Leonid Maltsevin dəvətilə avqustun 27-dən 28-dək Minsk şəhərində işgüzar səfərdə olmuşdur.
Minsk şəhərinin Maçulişşi hərbi hava limanında Azərbaycanın Müdafiə nazirini Belarus Respublikasının Müdafiə naziri general-polkovnik L.Maltsev və digər rəsmi şəxslər qarşılamışlar.
Avqustun 27-də Belarusun Müdafiə Nazirliyində general-polkovnik L.Maltsev general-polkovnik S.Əbiyevi və nümayəndə heyətini qəbul etmişdir. Müdafiə nazirləri əvvəl təkbətək, sonra geniş heyətdə görüşmüşlər.
General-polkovnik L.Maltsev Azərbaycanın Müdafiə nazirini salamlayaraq qeyd etmişdir ki, iki dövlətin Müdafiə nazirləri ikitərəfli əməkdaşlığın yaradılması məqsədilə ilk dəfədir görüşürlər. Bu bizi çox məmnun edir. O, demişdir: “Biz Azərbaycanın Müdafiə Nazirliyi ilə əməkdaşlığda çox maraqlıyıq. Bu təşəbbüsü Belarus Respublikasının siyasi rəhbərliyi də dəstəkləyir. Ümidvaram ki, sizin bu səfərinizdən sonra iki dövlətin Müdafiə Nazirliklərinin əməkdaşlıq etməsi üçün normal şərait yaradılacaqdır”.
General-polkovnik S.Əbiyev səmimi qəbul üçün təşəkkür edərək söyləmişdir ki, bu vaxta qədər biz sizinlə yalnız MDB Müdafiə Nazirləri Şurası çərçivəsində görüşlər keçirmişik. Artıq ikitərəfli əməkdaşlığa keçməyin vaxtı çatmışdır. O, demişdir: “İnanıram ki, bu əməkdaşlıq hər iki dövlətin Silahlı Qüvvələrini zənginləşdirəcəkdir”.  
General-polkovnik S.Əbiyev Cənubi Qafqaz regionunda mövcud olan hərbi-siyasi vəziyyət, Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti aparması və Ermənistan-Azərbaycan münaqişəsinin nəticələri ətrafında fikir mübadiləsi etmişdir. O, demişdir: “Azərbaycan müharibə istəmir. Lakin onu müharibəyə təhrik edirlər”.
General-polkovnik L.Maltsev qeyd etmişdir ki, Belarus Respublikası Ermənistan-Azərbaycan münaqişəsinin indiyədək həll edilməməsinə təəssüflənir. O, demişdir: “Biz hesab edirik ki, bu münaqişə BMT-nin prinsiplərinə uyğun olaraq, beynəlxalq hüquq normaları çərçivəsində həll edilməlidir”. Müdafiə nazirləri Azərbaycan-Belarus hərbi əməkdaşlıq məsələlərini geniş müzakirə edərək onun əsas istiqamətlərini müəyyən etmişlər. Onlar konkret olaraq hərbi-texniki əməkdaşlıq, birgə hərbi-elmi tədqiqat işlərinin aparılması, kadr hazırlığı və digər sahələrdə əməkdaşlıq etmək qərarına gəlmişlər.
General-polkovnik S.Əbiyev demişdir: “Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Belarus Respublikası ilə hərbi əməkdaşlığı dəstəkləyir. Mən sizi Azərbaycana rəsmi səfərə dəvət edirəm. Siz Bakıya gələnə qədər iki dövlətin Müdafiə Nazirlikləri arasında əməkdaşlıq haqqında Sazişin mətni hazır olacaqdır və biz onu imzalayacağıq”.
General-polkovnik L.Maltsev dəvəti qəbul etmişdir.
Səfər zamanı general-polkovnik S.Əbiyev Belarus Respublikasının Hərbi Akademiyası və Belarus Milli Texniki Universitetini ziyarət etmiş, Belarusun bir neçə hərbi-sənaye müəssisəsi və onların istehsal etdiyi məhsullarla tanış olmuşdur.
Avqustun 28-də Belarus Respublikasının Müdafiə naziri general-polkovnik L.Maltsev general-polkovnik S.Əbiyevi və nümayəndə heyətini ikinci dəfə qəbul etmişdir. Müdafiə nazirləri Azərbaycan-Belarus hərbi əməkdaşlığını danışıqlar müstəvisindən tezliklə praktiki müstəviyə keçirmək qərarına gəlmişlər.
Nümayəndə heyəti avqustun 28-də Vətənə qayıtmışdır.