Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

12 Avqust 2004 00:02

Müdafiə Nazirliyinin məlumatı

Avqustun 12-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik S.Əbiyev Amerika Birləşmiş Ştatlarının Azərbaycanda qısa müddətli səfərdə olan Müdafiə naziri cənab Donald Ramsfeldlə Heydər Əliyev adına Beynəlxalq Binə Hava Limanında görüşmüşdür.
Müdafiə nazirləri salamlaşdıqdan sonra cənab D.Ramsfeld bölgəyə səfərinin təəssüratlarını Azərbaycanın Müdafiə naziri ilə bölüşmüşdür.
General-polkovnik S.Əbiyev öz növbəsində Cənubi Qafqaz regionunda mövcud olan hərbi-siyasi vəziyyət, Azərbaycan-ABŞ ikitərəfli hərbi əməkdaşlığının gedişi və gələcək perspektivləri, Xəzərdə və Bakı-Tbilisi-Ceyhan xəttində təhlükəsizliyin təşkil edilməsi barəsində cənab D.Ramsfeldlə fikir mübadiləsi etmişdir.
Ermənistan-Azərbaycan münaqişəsinin həlli məsələsinə toxunarkən cənab D.Ramsfeld qeyd etmişdir ki, ABŞ Azərbaycan dövlətinin ərazi bütövlüyünü dəstəkləyir. O, demişdir: “Biz Azərbaycan dövlətinin bölgədə və beynəlxalq terrorizmlə mübarizə məsələsində yeritdiyi siyasətə xüsusi önəm veririk. İnanıram ki, ABŞ dövlətinin ATƏT-in Minsk qrupundakı yeni təyin edilmiş həmsədri cənab Stiven Mən münaqişənin dinc yolla həll edilməsində bütün səy və bacarığını əsirgəməyəcəkdir”.
General-polkovnik S.Əbiyev qeyd etmişdir ki, hərbi yardım məsələsində ABŞ-ın beynəlxalq terrorizmlə mübarizədə onunla yanaşı olan Azərbaycan dövlətini tecavüzkar Ermənistanla bərabər tutması bizi narahat edir.
Görüşdə Azərbaycan Respublikasının ABŞ-dakı fövqəladə və səlahiyyətli səfiri cənab Hafiz Paşayev və ABŞ-ın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri cənab Reno Harniş iştirak etmişlər.  
Görüşdən sonra Kütləvi İnformasiya Vasitələri nümayəndələri üçün mətbuat konfransı keçirilmişdir. ABŞ-ın və Azərbaycanın Müdafiə nazirləri onları maraqlandıran suallara cavab vermişlər.