Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

12 Avqust 2004 00:01

Müdafiə Nazirliyinin məlumatı

Avqustun 12-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik S.Əbiyev Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri doktor Lauri Bristounu, Gürcüstan və Azərbaycan Respublikasındakı hərbi attaşesi polkovnik Kristofer Nanı qəbul etmişdir.
Müdafiə naziri qonaqları salamlayaraq qeyd etmişdir ki, bu gün iki dövlətin həyatında əlamətdar hadisə baş verir. Bu vaxta qədər dövlətlərimiz arasında siyasi, iqtisadi və digər sahələrdə əməkdaşlıq yüksək səviyyədə olmuşdur. Bu gün imzalanacaq anlaşma memorandumu isə iki dövlətin Müdafiə Nazirlikləri arasında hərbi əməkdaşlığın əsasını qoyacaqdır.
Doktor L.Bristou səmimi qəbul üçün təşəkkür edərək söyləmişdir ki, dövlətlərimiz hərbi sahədə bu memoranduma qədər də NATO-nun “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində əməkdaşlıq etmiş və hazırda Silahlı Qüvvələrimizin bölmələri İraqda və Əfqanıstanda antiterrorizm koalisiyasında çiyin-çiyinə fəaliyyət göstərirlər. Anlaşma memorandumunun imzalanmasından sonra iki dövlət arasında hərbi əməkdaşlıq surətlə inkişaf edəcəkdir.
General-polkovnik S.Əbiyev demişdir: “İnanıram ki, anlaşma memorandumunun imzalanması Azərbaycan Respublikası müstəqilliyinin daha da möhkəmlənməsinə və təhlükəsizliyinin təmin edilməsinə xidmət edəcəkdir”. Sonra general-polkovnik S.Əbiyev Cənubi Qafqaz regionunda mövcud  olan hərbi-siyasi vəziyyət haqqında səfir L.Bristou ilə fikir mübadiləsi etmişdir. O, Ermənistan-Azərbaycan münaqişəsinin həlli məsələsinə toxunaraq söyləmişdir ki, dünya ictimaiyyətinin Azərbaycan ərazisinin 20 faizini işğal etmiş Ermənistanı təcavüzkar dövlət adlandırmaması bizi narahat edir.
General-polkovnik S.Əbiyev Azərbaycanın Avropanın təhlükəsizlik strukturlarına inteqrasiya etməsi, NATO-nun “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində fəaliyyətini artırması, Avropa dövlətlərinin iştirakı ilə böyük iqtisadi layihələr həyata keçirməsi və digər məsələlər barəsində qonaqla fikir mübadiləsi etmişdir.
Səfir L.Bristou qeyd etmişdir ki, mənim hökumətim Ermənistan-Azərbaycan münaqişəsinin öz ədalətli həllini tapacağına inanır. O, demişdir: “NATO-da belə bir ifadə var: təhlükəsizlik bölünməzdir. Biz də bu prinsipi əsas tutaraq qeyd edirik ki, bizim sizin ölkədə uzun müddətli təhlükəsizlik  maraqlarımız vardır”.
Görüşün sonunda Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı Müdafiə Nazirliyi arasında  Müdafiə Əlaqələri və əməkdaşlıq haqqında Anlaşma Memorandumu  imzalanmışdır.
Memorandumu Azərbaycan tərəfdən general-polkovnik S.Əbiyev və  Birləşmiş Krallığ tərəfdən cənab L.Bristou imzalamışlar.