Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

9 Avqust 2004 00:01

Müdafiə Nazirliyinin məlumatı

Avqustun 9-da Müdafiə Nazirliyində Pakistan İslam Respublikası Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Muhammad Əziz Xanın qarşılanma mərasimi olmuşdur. Qonağın şərəfinə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Fəxri Qarovulu düzülmüşdür. Fəxri Qarovulun rəisi general Muhammad Əziz Xana raport vermişdir. Azərbaycan Respublikasının və Pakistan İslam Respublikasının dövlət himnləri səslənmişdir.
General-polkovnik S.Əbiyev general Muhammad Əziz Xanı və onun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etmişdir.
Müdafiə naziri qonağı salamlayaraq qeyd etmişdir ki, Azərbaycan və Pakistan dövlətlərarası münasibətləri Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra başlamışdır. Pakistan İslam Respublikası Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdəndir.  
Azərbaycan-Pakistan əlaqələri Azərbaycan Respublikasının Prezidenti mərhum Heydər Əliyevin Pakistana rəsmi səfərindən sonra başlamışdır. İyul ayında Pakistan İslam Respublikasının Prezidenti cənab Pərviz Müşərrəfin Azərbaycana rəsmi səfəri və onun Azərbaycan Respublikasının Prezidenti  cənab İlham Əliyevlə görüşündən sonra bu əlaqələr yeni mərhələyə   yüksəlmişdir.
Azərbaycan və Pakistan hökumətləri arasında “Müdafiə və hərbi  sahədə əməkdaşlıq haqqında Saziş” imzalanmış və bu əməkdaşlıq xüsusilə hərbi təhsil sahəsində uğurla inkişaf etməkdədir.
General Muhammad Əziz Xan səmimi qəbul, səfərin yüksək təşkili və  qonaqpərvərliyə görə general-polkovnik S.Əbiyevə təşəkkürünü bildirmişdir. O, Pakistan və Azərbaycan xalqları arasında mövcud olan dostluğa toxunaraq qeyd etmişdir ki, bu münasibətlər Prezident P.Müşərrəfin Azərbaycana rəsmi səfərindən sonra yeni vüsət almışdır.
O, Cənubi Asiyada mövcud olan hərbi-siyasi vəziyyət barəsində general-polkovnik S.Əbiyevə ətraflı məlumat verərək qeyd etmişdir ki, Pakistan xalqı Kəşmir məsələsində onu dəstəklədiyinə görə Azərbaycan xalqına minnətdardır. O, demişdir: “Pakistan xalqı da Ermənistan-Azərbaycan münaqişəsində Azərbaycanın mövqeini həmişə dəstəkləmiş və bundan sonra da dəstəkləyəcəkdir”. General-polkovnik S.Əbiyev öz növbəsindo Cənubi Qafqaz regionunda mövcud olan hərbi-siyasi vəziyyət barəsində qonaqla fikir mübadiləsi etmiş və Ermənistan-Azərbaycan münaqişəsinin həllində ATƏT-in Minsk Qrupunun həmsədrlərinin heç bir nəticə əldə etmədiyini təəssüflə vurğulamışdır. O, Azərbaycanın beynəlxalq terrorizmlə mübarizə koalisiyasında fəal iştirak etdiyini söyləyərək qeyd etmişdir ki, Azərbaycan Silahlı Qüvvələrinin bölmələri Əfqanıstanda, Kosovoda və İraqda xidmət edirlər. O, demişdir: “Ermənistan-Azərbaycan münaqişəsinin həllində dialoqun imkanları hələ tükənməmişdir. Biz hələlik münaqişənin bu yolla həllinə üstünlük veririk. Bu imkanların tükəndiyini hiss etdikdə, torpaqlarımızı erməni işğalçılarından azad edəcəyik. Azərbaycan bir qarış topağını da erməni işğalçılarına güzəştə getməyəcəkdir”.
Sonra general-polkovnik S.Əbiyev və general Muhammad Əziz Xan iki dövlətin hərbi sahədə əməkdaşlığının gələcək perspektivləri haqqında geniş fikir mübadiləsi etmişlər.
General Muhammad Əziz Xan Azərbaycan Müdafiə Nazirliyinin nümayəndə heyətini bu yaxınlarda Pakistanda açılacaq Beynəlxalq Müdafiə sərgisinə dəvət etmiş və general-polkovnik S.Əbiyev bu dəvəti qəbul etmişdir.
Görüşdə Azərbaycan Respublikasının Pakistan İslam Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri cənab Eynulla Mədətli və Pakistan İslam Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri cənab Məhəmməd Hafiz iştirak etmişlər.