Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

4 Avqust 2004 00:01

Müdafiə Nazirliyinin məlumatı

Avqustun 4-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev NATO-nun Şimal-şərqi Birləşmiş Qərargahının Komandan müavini general-mayor Henri Hans Mammeni qəbul etmişdir.
Müdafiə naziri qonağı salamlayaraq qeyd etmişdir ki, Azərbaycan NATO ilə “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində sıx əməkdaşlıq edir. Bu ilin may ayında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Brüsselə səfəri zamanı Fərdi Tərəfdaşlığın Əməliyyat Planını NATO-nun Baş Katibinə təqdim etmişdir. Sentyabr ayında Bakıda “Kooperativ Best Effort-04” səhra təlimləri keçiriləcəkdir. Belə tədbirlər Azərbaycanı NATO-ya daha da yaxınlaşdırır.
General-polkovnik S.Əbiyevə qəbul üçün təşəkkür edən general-mayor H.H.Mammen “Qərargah zabitləri üçün hərbi terminologiya seminarı ilə əlaqədar Bakıya gəldiyini söyləmişdir. Sonra o, NATO-nun Avropanın müxtəlif bölgələrində keçirdiyi tədbirlər haqqında Azərbaycanın Müdafiə nazirinə məlumat vermişdir.
General-polkovnik S.Əbiyev Cənubi Qafqaz regionunda mövcud olan hərbi-siyasi vəziyyət, Ermənistan-Azərbaycan münaqişəsi, onun nəticələri, Azərbaycanın iri iqtisadi layihələrdə iştirakı, Azərbaycan Silahlı Qüvvələrinin inkişafı, sülhməramlı bölmələrinin qaynar nöqtələrdə iştirakı, hərbi təhsil sistemi, Silahlı Qüvvələrə çağırışın əsasları və digər məsələlər barəsində qonaqla fikir mübadiləsi etmişdir. O, demişdir: “Bölgədə hərbi-siyasi vəziyyətin mürəkkəbliyinə baxmayaraq, Azərbaycan öz müstəqillik siyasətini davam etdirir”.
General-polkovnik S.Əbiyev görüşün sonunda NATO-nun “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində Bakıda keçirilən seminara görə general-mayor H.H.Mammenə öz razılığını bildirmiş və ona hərbi xidmətində uğurlar arzulamışdır.