Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

1 Sentyabr 2005 00:00

Müdafiə Nazirliyinin məlumatı

Sentyabrın 1-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri doktor Lauri Bristou və Britaniya Hərbi Məsləhət-Təlim Qrupunun komandiri polkovnik Xyu Pyorseli qəbul etmişdir.
Müdafiə naziri qonaqları salamlayaraq qeyd etmişdir ki, Britaniya Hərbi Məsləhət-Təlim Qrupunun Azərbaycan Silahlı Qüvvələri üçün təlimatçılar hazırlamasını yüksək qiymətləndirirəm. Bu, bizim Silahlı  Qüvvələrimizin sülhməramlı əməliyyatlarda iştirakına, hərbi kadrların hazırlanmasına, Silahlı Qüvvələrdə islahatların uğurla aparılmasına, Fərdi  Tərəfdaşlığın Fəaliyyət Planı müddəalarının yerinə yetirilməsinə müsbət təsir edəcəkdir.
Səfir doktor L.Bristou qəbul üçün general-polkovnik S.Əbiyevə təşəkkür edərək görüşə gələn qonaqları ona təqdim etmişdir. Səfir polkovnik X.Pyorseli təqdim edərkən qeyd etmişdir ki, o, NATO sistemində uzun illər işləmiş təcrübəli bir zabitdir. Onun qrupunun Azərbaycanda təlimatçılar hazırlaması Böyük Britaniya—Azərbaycan hərbi əməkdaşlığının möhkəmlənməsinə xidmət edir.
Polkovnik X.Pyorsel Bakıya Çex Respublikasının Vışkov mərkəzindən  gəldiyi və mərkəzin fəaliyyəti haqqında Azərbaycanın Müdafiə nazirinə geniş məlumat verərək söyləmişdir ki, Azərbaycanın hərbi qulluqçuları çox savadlı və hazırlıqlıdırlar. O, demişdir: “Biz gələcəkdə də bu faydalı əməkdaşlığı davam etdirmək niyyətindəyik. Səmərəli əməkdaşlığa görə   sizə təşəkkür edirəm”.
General-polkovnik S.Əbiyev Cənubi Qafqaz regionunda mövcud olan hərbi-siyasi vəziyyət və Ermənistan-Azərbaycan münaqişəsinin həllinin vəziyyəti ətrafında səfir doktor L.Bristou ilə geniş fikir mübadiləsi etmişdir. O, qeyd etmişdir ki, Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərində külli miqdarda silah və sursat yerləşdirilmişdir. BMT Təhlükəsizlik Şurasının Ermənistanın işğalçı qüvvələrinin Azərbaycan torpaqlarını boşaltması haqqında dörd qətnamə qəbul etməsinə baxmayaraq, Ermənistan bu qətnamələrin tələblərini yerinə yetirməkdən imtina edir. Ermənistan bu gün də öz havadarları tərəfindən silahlandırılır. Azərbaycan münaqişənin həllində ikili standartların təzyiqi ilə üzləşir və buna görə də işğalçı Ermənistan dövləti özünü cəzasız və sərbəst hiss edir. O, demişdir: “Azərbaycan öz torpaqlarını azad etmək iqtidarındadır və belə getsə biz torpaqlarımızı azad edəcəyik”.
Doktor L.Bristou qeyd etmişdir ki, Azərbaycanda iki ildən artıq diplomatik fəaliyyəti dövründə bu münaqişənin mahiyyətini yaxşı bilir. O, demişdir: “Azərbaycan Respublikasının Prezidenti cənab İ.Əliyevin danışıqlarda iştirak etməsi rasional hadisədir. Azərbaycan münaqişənin həlli istiqamətində uğurla işləyir. Böyük Britaniya Azərbaycan Prezidentinin problemin həlli istiqamətində apardığı strateji kursu dəstəkləyir və problem beynəlxalq hüqüq normaları əsasında həll edilməlidir. Problemin ədalətli həlli həm də Böyük Britaniyanın maraqlarına cavab verir”.
General-polkovnik S.Əbiyev qeyd etmişdir ki, Ermənistan işğalçı dövlətdir. Bütün dövlətlər bunu mütləq görməli, təsdiq etməli və Azərbaycan torpaqlarının tezliklə boşaldılması istiqamətində tədbirlər görməlidir. O, demişdir: “Məsələ tezliklə bu şəkildə həll edilməsə, Azərbaycan xalqı özü münaqişənin həlli barədə qərar qəbul edəcəkdir”.