Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

7 Sentyabr 2005 00:00

Müdafiə Nazirliyinin məlumatı

Sentyabrın 7-də Azərbaycanın Müdafiə naziri general-polkovnik Səfər Əbiyevin dəvətilə ölkəmizdə rəsmi səfərdə olan Türkiyə Respublikasının Quru Qoşunları komandanı ordu generalı Yaşar Böyükkanıtın Müdafiə Nazirliyində təntənəli qarşılanma mərasimi olmuşdur.
Qonağın şərəfinə Silahlı Qüvvələrin Fəxri Qarovulu düzülmüşdür.
Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev ordu generalı Y.Böyükkanıtı və nümayəndə heyətini qəbul etmişdir.
General-polkovnik S.Əbiyev qonaqları salamlayaraq qeyd etmişdir ki, Azərbaycanı və Türkiyəni bir-birinə bağlayan tarixi, dini, mədəni və dil birliyi amilləri mövcuddur. Azərbaycanın Türkiyədən yaxın dostu yoxdur. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin vaxtıilə dediyi “bir millət, iki dövlət” müdrik kəlamı zaman keçdikcə təsdiqlənməkdədir.
Azərbaycan-Türkiyə iqtisadi əlaqələrinə toxunan Müdafiə naziri vurğulamışdır ki, bu münasibətlər Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəmərinin bu ilin sonunda tam istismara verilməsindən sonra daha da möhkəmlənəcəkdir.
General-polkovnik S.Əbiyev Ermənistan-Azərbaycan münaqişəsinə və onun həlli vəziyyəti barəsində söhbət açaraq bildirmişdir ki, Azərbaycan öz ərazisinin bir metrini də heç kimə vermək niyyətində deyil.
Azərbaycan-Türkiyə hərbi əməkdaşlığından bəhs edən Müdafiə naziri onun səviyyəsindən razı qaldığını vurğulayaraq demişdir: “Azərbaycan-Türkiyə hərbi əməkdaşlığı bundan sonra daha da yüksək səviyyəyə qalxacaqdır. Biz Türkiyə Silahlı Qüvvələri ilə həm ikitərəfli, həm də NATO-nun “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində əməkdaşlığı intensiv şəkildə davam etdiririk”.
Ordu generalı Y.Böyükkanıt səmimi qarşılanmaya və qəbula görə general-polkovnik S.Əbiyevə təşəkkür edərək söyləmişdir ki, mən hesab edirəm ki, öz məmləkətimə gəlmişəm. O, demişdir: “Bütün sahələrdə Türkiyə-Azərbaycan əlaqələri gündən-günə inkişaf etməkdədir. Biz bundan sonra da iki qardaş xalqın mənafeinə xidmət edən daha böyük işlər görəcəyik. Bu münasibətlər türk və azərbaycan xalqlarının bir-birinə bağlılığından irəli gəlir. Azərbaycan böyük inkişaf yolundadır. Onun potensiyalı daha böyük, gələcəyi daha parlaqdır. Bu təkamülü qoruyub saxlamaq lazımdır”. General-polkovnik S.Əbiyev Cənubi Qafqaz regionunda mövcud olan hərbi-siyasi vəziyyət haqqında qonaqla ətraflı fikir mübadiləsi etmişdir. O, qeyd etmişdir ki, işğalçı Ermənistan bu gün də öz havadarları tərəfindən intensiv şəkildə silahlanır və bu minvalla “Avropada Adi Silahlı Qüvvələr haqqında” müqavilənin şərtlərini pozmaqda davam edir. Aldığı silahların əksəriyyətini işğal etdiyi Azərbaycan torpaqlarında yerləşdirir. Bu vəziyyət də Ermənistan —Azərbaycan münaqişəsinin dinc yolla həll edilməsinə açıq şəkildə mənfi təsir göstərir.
General-polkovnik S.Əbiyev Azərbaycan Silahlı Qüvvələrində aparılan islahatlar və onun bugünkü vəziyyəti haqqında qonağı məlumatlandırmışdır.
Ordu generalı Y.Böyükkanıt cavab olaraq bildirmişdir ki, əslində güclü Silahlı Qüvvələr sülhün və əmin-amanlığın möhkəmlənməsinə xidmət edir. Azərbaycanın güclü Silahlı Qüvvələrə ehtiyacı vardır.
O səmimi qəbul üçün general-polkovnik S.Əbiyevə bir daha təşəkkür edərək, Azərbaycan Silahlı Qüvvələrinin şəxsi heyətinə və Türkiyə-Azərbaycan əsgəri qardaşlığının inkişafına uğurlar arzulamışdır.
General-polkovnik S.Əbiyev cavab olaraq söyləmişdir ki, Azərbaycan Silahlı Qüvvələri işğal edilmiş torpaqlarını azad etmək üçün hər bir sınağa hazırdır. O, demişdir: “Azərbaycan Respublikası və Türkiyə Respublikası Silahlı Qüvvələri arasında əlaqələr bundan sonra daha da sıx olmalıdır”.
Görüşdə Türkiyə Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri cənab Turan Moralı iştirak etmişdir.