Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

24 Sentyabr 2005 00:01

Müdafiə Nazirliyinin məlumatı

Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev Amerika Birləşmiş Ştatları Avropa Silahlı Qüvvələri Komandanlığının dəvətilə sentyabrın 20-də Almaniya Federativ Respublikasının Ştutqart şəhərinə rəsmi səfərə gəlmişdir.
ABŞ-ın Avropa Silahlı Qüvvələri Komandanlığında general-polkovnik S.Əbiyevin təntənəli qarşılanma mərasimi olmuş, Müdafiə nazirinin şərəfinə Fəxri Qarovul düzülmüş və Azərbaycan Respublikasının dövlət himni səsləndirilmişdir.
Həmin gün ABŞ Avropa Silahlı Qüvvələri Komandanının müavini general Çarlz Uold general-polkovnik S.Əbiyevi və nümayəndə heyətini qəbul etmişdir.
General Ç.Uold qonaqları səmimi salamlayaraq, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə onun xoş arzularını çatdırmağı xahiş etmişdir.
Sonra o, general-polkovnik S.Əbiyevə ABŞ Avropa Silahlı Qüvvələri Komandanlığının fəaliyyəti və nüfuz dairəsi haqqında ətraflı məlumat  vermiş, Azərbaycanla ikitərəfli və NATO-nun “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində   məsələlərini müzakirə etmişdir. O, demisdir: “Azərbaycan beynəlxalq terrorizmlə mübarizədə bizim fəal tərəfdaşımızdır. Biz istəyirik ki, Azərbaycanın Silahlı Qüvvələri güclü, çevik olsun və NATO standartlarına uyğunlaşdırılsın”.
General-polkovnik S.Əbiyev öz növbəsində Cənubi Qafqaz regionundakı hərbi-siyasi situasiya və Ermənistan-Azərbaycan münaqişəsi həllinin indiki vəziyyəti haqqında ətraflı məlumat vermişdir.
Görüş zamanı Azərbaycan Respublikası ilə ABŞ Avropa Silahlı Qüvvələri Komandanlığı arasında geniş əməkdaşlıq məsələləri müzakirə mövzusu olmuşdur.
General Ç.Uold demişdir: “Fərdi Tərəfdaşlığın Əməliyyat Planı (IPAP) bu əməkdaşlığı   davam etdirməyə və bunun üçün maliyyə vəsaitinin ayrılmasına bizə əsas verir. Azərbaycan bizim üçün çox ciddi tərəfdaşdır, biz bu əməkdaşlığı yüksək qiymətləndiririk və bu yolla getməyi davam etdirmək istəyirik”.
General-polkovnik S.Əbiyev cavab olaraq bildirmişdir ki, ABŞ Azərbaycanın strateji tərəfdaşı olduğu üçün onu yaxşı başa     düşür. Biz ABŞ ilə bu əməkdaşlığı davam etdirməyin tərəfdarıyıq və bu strateji əməkdaşlığı inkişaf etdirmək üçün əlimizdən gələni edəcəyik.
 General-polkovnik S.Əbiyev demişdir: “Təəssüf olsun ki, “Azadlığı dəstəkləmə Aktı”na 907-ci düzəliş indiyədək ləğv edilməmiş, hər dəfə bir il müddətinə uzadılır və bu da bizə əməkdaşlıq tədbirlərini bir ildən artıq planlaşdırmağa mane olur”.
Səfərin gedişində Müdafiə naziri ABŞ Avropa Silahlı Qüvvələri Komandanlığının Əməliyyat Mərkəzi, Strateji Planlaşdırma İdarəsi, Arxa Cəbhə Təminatı İdarəsi, Xüsusi Əməliyyatlar Komandanlığı, Hərbi Hava və Hərbi Dəniz Qüvvələri Komandanlıqları, Birgə Hərbi Birləşmiş Təlim Mərkəzi, Çavuşlar Məktəbi və Şəhər şəraitində döyüş əməliyyatlarının aparılması üzrə kompleksdə olmuş, bu strukturların fəaliyyəti haqqında brifinqlər keçirilmişdir.
Görüşlərdə ABŞ-ın müxtəlif proqramları çərçivəsində Azərbaycan Respublikasının NATO ilə Fərdi Tərəfdaşlığın Əməliyyat Planının (IPAP) həyata keçirilməsi istiqamətində birgə fəaliyyətin təşkil edilməsi məsələləri müzakirə olunmuşdur.
Nümayəndə heyəti sentyabrın 23-də Vətənə qayıtmışdır.