Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

29 Sentyabr 2005 00:01

Müdafiə Nazirliyinin məlumatı

Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev Türkiyə Respublikasının Müdafiə naziri cənab Vecdi Gönülün dəvəti ilə “IDEF-2005” beynəlxalq hərbi sərgidə iştirak etmək üçün sentyabrın 26-da Ankara şəhərinə gəlmişdir.
General-polkovnik S.Əbiyevi “Esenboğa” hava limanında Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri cənab Zakir Həşimov, hərbi attaşe polkovnik Baxış Ələkbərov və Türkiyə Respublikası Silahlı Qüvvələrinin rəsmi nümayəndələri qarşılamışlar.
Sentyabrın 27-də Ankara şəhərində 52 dövlətin nümayəndəsinin iştirak etdiyi “IDEF 2005” beynəlxalq hərbi sərgisinin açılış mərasimi olmuşdur.
Türkiyə Respublikasının Müdafiə naziri cənab V.Gönül sərgini açaraq qonaqları salamlamış, Türkiyə dövlətinin xarici və daxili siyasəti, onun regionda və dünyada əminamanlığın və təhlükəsizliyin təmin edilməsindəki rolu haqqında məlumat vermişdir.
Sərginin açılışında Türkiyə Respublikası Baş Nazirinin müavini - Xarici İşlər naziri cənab Abdullah Gül iştirak etmişdir.
General-polkovnik S.Əbiyev Türkiyə Respublikasının hərbi sənaye kompleksinin “Roketsan”, “Makina və kimya sənayesi” və “Aselsan” şirkətlərinin istehsal etdiyi hərbi avadanlığa, silah-sursata və hərbi texnikaya baxmışdır.
Sonra Türkiyə Respublikasının Müdafiə naziri cənab V.Gönül general-polkovnik S.Əbiyevi qəbul etmişdir. Görüş zamanı Azərbaycan-Türkiyə hərbi əlaqələri müzakirə edilmiş, Azərbaycanın Müdafiə naziri hərbi sərgi haqqında təəssüratlarını Türkiyənin Müdafiə naziri ilə bölüşmüşdür
Cənab V.Gönül onun salamlarını Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə çatdırmağı xahiş etmişdir.
Sentyabrın 28-də Türkiyə Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ordu generalı Hilmi Özkök general-polkovnik S.Əbiyevlə görüşmüşdür.
Ordu generalı H.Özkök Azərbaycan iqtisadiyyatının, demokratiya yolunda inkişafının yeni vüsət aldığını vurğulamış, Azərbaycan-Türkiyə hərbi əlaqələrinin genişləndiyindən və Azərbaycanın beynəlxalq terrorizmlə mübarizədə fəal iştirak etdiyindən məmnun qaldığını söyləmişdir.
General-polkovnik S.Əbiyev beynəlxalq sərgi haqqında təəssüratını Ordu generalı H.Özkök ilə bölüşərək Türkiyə müdafiə sənayesinin uğurla inkişaf etdiyini vurğulamışdır.
O, Azərbaycan-Türkiyə ikitərəfli və NATO-nun “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində əlaqələrinin yüksələn xəttlə inkişaf etdiyini qeyd etmişdir. Cənubi Qafqaz bölgəsində mövcud olan hərbi-siyasi vəziyyət, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi həllinin vəziyyəti və Azərbaycan Respublikası Silahlı Qüvvələrində aparılan islahatlar haqqında geniş fikir mübadiləsi etmiş və Azərbaycan-Türkiyə hərbi əlaqələrinin uğurla inkişafından bəhs etmişdir.
Ordu generalı H.Özkök onun salamlarını və xoş arzularını Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə çatdırmağı xahiş etmişdir.
Nümayəndə heyəti sentyabrın 28-də Vətənə qayıtmışdır.